“Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında (burda Azərbaycan Respublikasını Ədliyyə Nazirliyinin nəzdində olan Qeydiyyat Şöbələri nəzərdə tutulur) xitam verilə bilər”.
Bu sözləri SİA -ya açıqlamasında hüquqşünas, Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov bildirib.
Onun sözlərinə görə, qanunvericiliyə edilmiş yeni dəyişikliyə əsasən, nikahın pozulmasını istəyən şəxs məhkəməyə boşanma ərizəsi verməzdən əvvəl ərizə ilə Mediasiya təşkilatına müraciət etməlidir:
“Qanunvericiliyə əsasən, ailə mübahisələri (nigahın pozulması, aliment tələbi, uşaqların qəyyumluğu və s.), əmək mübahisələri və əmlak mübahisələri üzrə məhkəməyə müraciət etməzdən öncə mediasiya prosesindən keçmək məcburidir.
Boşanma prosesi uşaq varsa və ya ər (arvad) nikahın pozulmasına razı deyilsə və yaxud tərəflərdən biri Qeydiyyat Şöbəsində nikahın pozulmasından yayınırsa, məhkəmə qaydasında həyata keçirilir və nikah məhkəmə tərəfindən pozulur.
Boşanma prosesi ər və arvad arasında bağlanan nikahın məhkəmə qaydasında pozulması prosesidir. Boşanma prosesi həm ər, həm də arvad tərəfindən məhkəməyə boşanma ərizəsi verildikdə başlayır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 36.5-ci maddəsinə deyilir ki, “İddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər”.
Boşanma prosesində nikahın pozulması ilə yanaşı məhkəmə növbəti məsələlərə baxır:
- boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması;
- uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulması;
- ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlak bölgüsünün necə aparılması;
Ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarı müəyyən edilməlidir.
“Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2025-ci il 20 saylı Qərarında ilk dəfə olaraq ailə-hüquq münasibətlərindən irəli gələn şəxsiyyət hüquqlarının pozulması və bu pozuntudan yaranan mənəvi zərərin ödənilməsi ilə bağlı hallar müəyyən olunub:
Həmin qərarda göstərilmişdir ki, ər-arvadın şəxsiyyət hüquqlarına nikaha daxil olmaq hüququ, boşanmaq hüququ, ər-arvadın hüquq bərabərliyi, ailə daxilində qarşılıqlı yardım və hörmət gözləmək hüququ, sərbəst surətdə soyad, məşğuliyyət, sənət seçmək hüququ və ailə qanunvericiliyi ilə təsbit edilmiş digər qeyri-əmlak hüquqları aiddir.
Məişət zorakılığına məruz qoyma, psixi və fiziki şiddət, habelə təzyiq altında saxlama, ərin (arvadın) xəstəliyi, cərrahi əməliyyatı, müalicəsi, arvadın hamiləliyi ilə maraqlanmamaqla onu köməksiz vəziyyətdə qoyma, ailə sirrini və ya ərin (arvadın) şəxsi sirrini yayma, şərəf və ləyaqətini alçaltma, uşağın biloji atası olmamasının müəyyən edilməsi, atalığa dair mübahisə açmaq hüququndan sui-istifadə, hörmətsiz davranış sərgiləmə (iqtisadi, fiziki, sosial, emosional cəhətdən bəyənilmədiyini mütəmadi və ya kobud formada özünə və ya kənar şəxslərə bildirmə), saxta nikah baglama (etibarsız nikah), yaşadığı evdən qanuni əsaslar olmadan çıxarılma və ailə qanunvericiliyinə zidd olan digər davranışlar ər-arvadın şəxsiyyət hüququnlarını pozur və mənəvi zərərin vurulma əsasını təşkil edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB