"Torpaqların eroziyası və səhralaşması ekoloji riskdir" - EKOLOQ DANIŞDI

"Təbii ehtiyatların həddindən artıq istismarı gələcək nəsillər üçün ciddi ekoloji, sosial və iqtisadi təhlükələr yaradır. Ekoloji təhlükələrə iqlim dəyişikliyi, hava və suyun çirklənməsi, resursların tükənməsi, biomüxtəlifliyin itirilməsi və torpağın deqradasiyası daxildir". Bu sözləri SİA-ya açıqlamasında ekoloq Sevil Yüzbaşeva deyib.

Onun sözlərinə görə, sosial təhlükələrə resurs çatışmazlığı, münaqişələr, miqrasiya, əhalinin sağlamlığının azalması və mədəni kimliyin itirilməsi daxildir: "İqtisadi nəticələrə məhsuldarlığın azalması, qiymətlərin artması, dolanışıq vasitələrinin itirilməsi və ümumi iqtisadi yavaşlama daxildir.

Ətraf mühit üçün yaranan təhlükələrə resursların tükənməsi, həddindən artıq balıq ovu, meşələrin qırılması və mədənçıxarma sənayesinin həddindən artıq istismarı daxildir. Bu proses təbii ehtiyatları tükəndirir və onları gələcək nəsillər üçün əlçatmaz edir. Torpağın deqradasiyası qeyri-davamlı kənd təsərrüfatı işləri və meşələrin mütəmadi olaraq qırılması nəticəsində səhralaşma, torpaq eroziyası və şoranlaşmaya gətirib çıxarır. Bu da torpaqların münbitliyini və kənd təsərrüfatı üçün yararlılığını azaldır ki, bu da ciddi təhlükədir.

Havanın, suyun və torpağın zəhərli maddələrlə çirklənməsi, tullantılar və ağır metallarla çirklənməsi ətraf mühiti pisləşdirir və insan sağlamlığına mənfi təsir göstərir. Biomüxtəlifliyin itirilməsi, yaşayış yerlərinin məhv edilməsi, brakonyerlik və iqlim dəyişikliyi bitki və heyvan növlərinin yox olmasına gətirib çıxarır ki, bu da ekosistemlərin pozulmasına və məhvinə səbəb olur. Qalıq yanacaqların həddindən artıq istifadəsi və meşələrin qırılması istixana qazlarının emissiyasını artırır ki, bu da iqlim dəyişikliyinə, qlobal istiləşməyə və ekstremal hava şəraitinə səbəb olur.

Azərbaycan iqlim dəyişikliyi, içməli su çatışmazlığı və torpaqların deqradasiyası ilə bağlı ciddi risklərlə üzləşir. Bu risklər arasında ərzaq təhlükəsizliyini və iqtisadiyyatı təhdid edən quraqlıq, Xəzər dənizinin səviyyəsinin dəyişməsi nəticəsində su ehtiyatlarının azalması, səhralaşma və eroziya nəticəsində torpaqların deqradasiyası, həmçinin Xəzər dənizində bioresursların azalması və çirklənmə kimi ekoloji problemlər yer alır. Bu risklər birlikdə ölkə üçün sistemli problemlər yaradır.

İqlim dəyişikliyi ilə əlaqədar risklərə Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi daxildir. Temperaturun yüksəlməsi və iqlim dəyişikliyi dəniz səviyyəsinin uzunmüddətli aşağı düşməsinə gətirib çıxarır ki, bu da Xəzər dənizinin və sahilyanı zonaların ekoloji sağlamlığını pisləşdirir. Artan quraqlıq dövrləri bulaqların qurumasına və çayların dayazlaşmasına səbəb olur ki, bu da suyun mövcudluğuna birbaşa təsir göstərir.

Dağların başında olan daimi buz örtüyünün azalması Azərbaycan üçün əsas risk olmasa da, buz örtüyünün azalması iqlim dəyişikliyi və qlobal su böhranı ilə əlaqəli bir faktordur. İçməli su çatışmazlığı ilə bağlı risklərə su qıtlığı, yerüstü su ehtiyatlarının azalması və yerli çatışmazlıqlar daxildir ki, bu da ölkə üçün sistemli problemə çevrilib. Su çatışmazlığı birbaşa kənd təsərrüfatı istehsalına və nəticədə ölkənin ərzaq təhlükəsizliyinə təsir göstərir. Su təchizatı sahəsində problemlər yüksək keyfiyyətli içməli suyun aşağı səviyyədə olması, çatdırılma zamanı su itkiləri və kanalizasiya xətlərinin çatışmazlığı ilə müşayiət olunur. Məsələn, Bakı kəndlərində kanalizasiya problemi mövcuddur. Layihələr icra olunmasına baxmayaraq problem tam həll olunmayıb və bölgələrdə vəziyyət daha mürəkkəbdir.

Torpağın deqradasiyası ilə bağlı risklərə səhralaşma və eroziya daxildir. İqlim dəyişikliyi və qeyri-davamlı torpaq istifadəsi torpaqların eroziyasını gücləndirir və onların deqradasiyasına səbəb olur. Xəzər dənizində ekoloji problemlər isə dəniz ekosistemlərinin deqradasiyası və bioresursların, o cümlədən nərə balığı növlərinin azalması ilə əlaqədardır ki, bu da ətraf mühitə kompleks təsirlər yaradır".

Ekoloq eyni zamanada bildirib ki, dayanıqlı resurslardan istifadəyə alternativ yanaşmalar arasında bərpa olunan enerji mənbələrinə keçid (günəş, külək, su enerjisi), təkrar emal və tullantıların azaldılması texnologiyalarının tətbiqi, dairəvi iqtisadiyyat prinsiplərinin tətbiqi və meşələr və su ehtiyatları kimi təbii ekosistemlərin bərpası və qorunması daxildir: "Emissiyaları azaltmaq və bərpa olunmayan mənbələrdən asılılığı minimuma endirmək lazımdır. Bunun üçün qalıq yanacaq əvəzinə günəş panelləri, külək turbinləri və su elektrik enerjisindən istifadə edilməlidir. İstehsalın ətraf mühitə mənfi təsirini azaltmaq üçün innovativ toz basma və qaz təmizləmə sistemlərindən istifadə etmək zəruridir. Resursların təkrar istifadə olunduğu və tullantıların minimuma endirildiyi bir sistemə keçid olduqca mühüm rol oynayır.

Yaşıl nəqliyyata keçid də vacibdir. İctimai nəqliyyat, velosipedlər, elektrik nəqliyyat vasitələri və yaşıl nəqliyyatın digər formalarından istifadə etməklə ətraf mühitin qorunması və təbii resursların davamlı istifadəsi təmin edilə bilər".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə