STM-də Bakının mənzil infrastrukturuna dair konfrans keçirilib - YENİLƏNİB - FOTOLAR

Bakı şəhərinin mövcud mənzil fondunun inkişafına dair aktual çağırışlar və yeni gözləntilər 19 may 2025-ci il tarixində keçirilmiş elmi-praktik konfransda ətraflı şəkildə müzakirə olunub. SİA xəbər verir ki, konfransa Sosial Tədqiqatlar Mərkəzi ev sahibliyi edib.

Tədbir müxtəlif dövlət qurumları, tənzimləyici orqanlar, ekspert dairələri və akademik ictimaiyyətin nümayəndələrini bir araya gətirib. Konfransın əsas məqsədi Bakının mövcud yaşayış fondunun cari vəziyyəti və gələcək inkişaf istiqamətlərinə dair institusional dialoqu gücləndirmək olub. Tədbirdə çıxış edən məruzəçilər urbanizasiya prosesi, binaların istismar müddəti və əmlak bazarındakı yeni tendensiyalarla bağlı önəmli fikirlər səsləndiriblər. Eyni zamanda, enerji səmərəliliyi, mövcud infrastrukturun dayanıqlılığı və normativ tənzimləmələrə dair mühüm məqamlar gündəmə gətirilib. Konfrans çərçivəsində müasir şəhərsalma yanaşmaları və planlaşdırma modellərinin tətbiqi məsələləri də geniş şəkildə nəzərdən keçirilib. İştirakçılar bir sıra konseptual təkliflərlə çıxış edərək mövcud mənzil fondunun təkmilləşdirilməsi üzrə alternativ yanaşmaları müzakirəyə çıxarıblar. Əməkdaşlıq formatları, hüquqi mexanizmlər və bazar iştirakçılarının rolu konfransın əsas müzakirə mövzularından biri olub.

Ekspertlər tərəfindən mənzil fondunun yenilənməsi və rekonstruksiya tədbirlərində dövlət və özəl sektor arasında optimal balansın yaradılmasının vacibliyi vurğulanıb. Konfransda aparılmış geniş təhlillər əsasında paytaxtın mənzil sektorunda kompleks yanaşmaların tətbiqi zərurəti bir daha təsdiqlənib.

Tədbirdə çıxış edən Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc bildirib ki, “2022─2026-cı il Milli Fəaliyyət Planı”nda tikinti sferasında mühüm vəzifələrin həyata keçirilməsi nəzərdə tutulur: “2040-cı ilə qədər Bakıda yaşayış fondunun ümumi sahəsi 2020-ci illə müqayisədə 64 % artırılaraq 47 milyon kvadrat metrdən 78 milyon kvadrat metrə çatdırılacaq. 2027-ci ilə qədər isə paytaxtda yaşayış fondunun ümumi sahəsi 39 artırılaraq 66 milyon kvadrat metr təşkil edəcək. Lakin təəssüflər olsun ki, açıq mənbələrdə köhnəlmiş əmlakların hansı hissəsinin mənzil, yaxud yaşayış fonduna aid olduğuna dair müfəssəl məlumatlar açıq mənbələrdə göstərilməyib.

Eksperlərin rəyinə görə, mənzil fondunun sürətlə böyüməsi əhalinin məskunluğunu da gücləndirir. Ərazidə iqtisadi şərtlər daşınmaz əmlaka sərmayə qoyuluşunun artmasını və mənzil tikintisinin vüsət almasını şərtləndirir. Məsələn, kirayə mənzillərə tələbatın böyük olduğu iri şəhərlərdə vətəndaşlar sərəncamlarındakı sərbəst kapitalı mənzil sektoruna investisiya edirlər.

Lakin Bakıya əhali axını, onun mənzil bazarına təzyiqləri artırır. Yaşayış fondlarının yaradılmasında bölgələrarası fərqin səbəblərindən biri də budur. 2009-2020-ci illərdə Abşeron rayonu üzrə mənzil fondunun ümumi sahəsi 140% artdığı halda, ölkə üzrə 24 %, bir sıra bölgələr üzrə 20% intervalında dəyişib. Əhalinin 1000 nəfərinə düşən mənzillərin sayına görə bölgələr arasında fərq 4 dəfədən çoxdur.

2018-2023-cü illərdə illərdə ölkə üzrə mənzillərin sayı 122 min ədəd və ya 11 % artıb. Bu artımların 73 mini (60%-i) Bakı, Sumqayıt və Abşeronun payına düşür.

Ölkəmizin daşınmaz əmlak bazarı dinamikdir, iqtisadi artımı və mənzilə artan daimi tələbi əks etdirir. Şəhərlərin müasir görünüşünü, əhalinin rahatlığını, iqtisadi və sosial tələbatını formalaşdıran, tikinti standartlarını təyin edən ən böyük şirkətlər seçilir. Azərbaycanın TOP-10 reytinqini tərtib etmək üçün son illərdə tikilən yaşayış və kommersiya daşınmaz əmlakı, onun coğrafi əhatə dairəsi və investisiya cəlbedicilyi, keyfiyyət və reputasiyasını nəzərə alaraq, hər tikinti müəssisəsinin çəkisini müəyyənləşdirmək mümkündür. Tikinti biznesinin reputasiyasını yüksək tutan və müştərilərinə məmnuniyyət yaradan onlarla milli şirkət mövcuddur. Lakin qanunsuz əməliyyatlarla vətəndaşların haqlı mənafeyinə ziyan vuran qurumlar da az deyil. Son 10 ildə 20-dən artıq tikinti şirkətinin rəhbərinin cinayət məsuliyyətinə cəlb edilməsi deyilənləri təsdiqləyir.

Reytinqlər dünyaya çıxış üçün çox ənmlidir. Əlbəttə, ölkəmizdən kənarda bir sıra keçmiş sovet və qonşu ölkələrə, o cümlədən, qardaş ölkənin daşınmaz əmlak sektoruna investisiya yatıran milli şirkətlərimiz də az deyil.

Tikinti və Şəhərsalma Məcəlləsində yenilənən ərazilərdə vətəndaşlarla razılaşmanın müddətin qoyulmaması maliyyə itkilərinə yol açır, kirayə ödənişləri, nəqliyyat, layihə, planlaşdırma, işçi qüvvəsini səfərbər edən tikinti kompaniyası azsaylı mənzil, mülk və ev sahibləri ilə razılaşmaya gedə bilmədiyi halda aylarla, bəzən illərlə uzanan mübahisələr digər tərəfdə-artıq anlaşmaya gedən vətəndaşların haqlı narazılığına səbəb olur və proses domino effekti ilə mənfi istqaimətdə inkişaf edir. Halbuki ağlabatan müddət çərçivəsi olsaydı, paytaxtın mənzil fondunun yeniləşməsi ajiotaj və narazılıq deyil, qarşılıqlı məmnuniyyət doğurardı. Anlaşmanın qeyri-müəyyən müddətə uzanması xarici investisiyanın də qarşısını alır.

Ümidvarıq ki, hökumət və qanunvericilik orqanı, biznes strukturları, vətəndaş cəmiyyəti, o cümlədən sahəvi qurumlar problemlərin həlli üçün daimi dialoq və çözüm yolları tapacaqlar. Əlbəttə, tikinti sektorunda tənzimləmə və nəzarət çox önəmlidir. Çünki insanların təhlükəsizliyi konstitusion vəzifədir. Lakin tikinti sferasına nəzarət edən qurumların sayının 14 olduğunu nəzərə alaraq, mövcud vəziyyətin özü barəsində də hökumətlə biznes strukturları arasında dialoqa ehtiyac duyulur. Tikinti siyasətinin vahid mərkəzdən, bir qurum vasitəsilə yönləndirilməsi ideyası dəfələrlə müxtəlif platformalarda qaldırılır.

Unutmayaq ki, Qarabağda və Şərqi Zəngəzurda Böyük Quruculuq hərəkatı bütün ölkəmizdə tikinti sənayesinin inkişafında mühüm rol oynayır. Azad torpaqlarda irimiqyaslı layihələr, 19 milyard manatlıq büdcə vəsaiti hesabına aparılan nəhəng yol tikintisi, enerji və kommunal infrastuktur, hava limanları, yaşayış və inzibati binalar Yeni Vətən quruculuğunun böyük miqyasını göstərir”.

Tədbirin önəmli tərəfdaşlarından olan Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) şəhər təsərrüfatının yenilənməsi proseslərində sahibkarların aktiv iştirakına dəstək verməklə strateji həlqəyə çevrilir. KOBİA-nın bu kimi təşəbbüslərdə iştirakı dayanıqlı şəhər inkişafı ilə sahibkarlığın sinerjisinə xidmət edir.

Konfransda çıxış edən ekspertlər həmçinin köhnə tikililərin mövcud vəziyyəti, onların istismarına dair müasir yanaşmalar və təmir-bərpa modellərinin tətbiqi məsələlərinə toxunublar. Konfrans iştirakçıları mənzil bazarındakı dəyişikliklər fonunda qiymətləndirmə mexanizmlərinin yenilənməsinə də xüsusi diqqət ayırıblar. Bu kontekstdə Azərbaycan Qiymətləndiricilər Palatasının iştirakı və müvafiq tövsiyələri geniş maraqla qarşılanıb. Tədbirdə fərqli sektorlardan olan mütəxəssislər arasında dərin inteqrasiya və bilik mübadiləsi üçün əlverişli mühit formalaşıb. Diskussiyalar nəticəsində irəli sürülən təkliflərin gələcək konsepsiyalara töhfə verməsi məqsədilə ümumiləşdirilməsi qərara alınıb. Konfrans çərçivəsində paytaxtın mənzil fondunun yenilənməsi ilə bağlı statistik və analitik məlumatlara da xüsusi diqqət ayrılıb. İnkişaf meyillərinin dəyərləndirilməsi, prioritetləşdirilməsi və uzunmüddətli urbanistika yanaşmalarının formalaşdırılması tədbirin əsas nəticələrindən biri olub. Konfransda səsləndirilən fikirlər həm də milli iqtisadi strategiyaların reallaşdırılmasında şəhər təsərrüfatının rolunu bir daha gündəmə gətirib. Tədbirin sonunda ümumi mövqelərin uyğunlaşdırılması və növbəti mərhələdə müvafiq siyasət tövsiyələrinin hazırlanması təklif olunub. Konfrans zamanı səsləndirilən elmi əsaslı çıxışlar və statistik hesabatlar, gələcək şəhər planlaşdırmasının əsas konturlarını müəyyənləşdirməyə xidmət edib. İştirakçılar tərəfindən paytaxtın sosial, iqtisadi və texniki parametrlərinin ahəngdar inkişafına yönəlmiş strateji baxış yüksək qiymətləndirilib.

Konfransın nəticələri yalnız elmi-intellektual çərçivədə deyil, eyni zamanda praktiki qərarların əsaslandırılmasında əhəmiyyətli rol oynaya bilər. Tədbirdə səsləndirilən tövsiyə və yanaşmalar aidiyyəti qurumlar tərəfindən baxılmaq üçün sistemləşdiriləcək.

Gələcəkdə bu kimi forumların mütəmadi keçirilməsi milli inkişaf strategiyalarının dərinləşdirilməsinə mühüm töhfə verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə