"Çoxuşağlılıqla bağlı meyar aşağı salınmalıdır" - MÜSAHİBƏ

Sağlam Cəmiyyət Hərəkatının sədri, jurnalist - sosioloq Lalə Mehralının SİA-ya müsahibəsini təqdim edirik:

- Geyim əxlaq ölçüsü sayıla bilər?

- Bu, reklam strategiyasının, reklam anlayışının kobud formada təhrif edilməsidir. Əxlaqsızlığın nümayişi kimi inkişaf etdirilməsidir. Reklam nədir? Reklam bir məhsulun təqdimatıdır. Əgər bir məhsulu təqdim ediriksə, onun haqqında müfəssəl məlumat verilməli, həmin məhsulun keyfiyyəti, görünüşü nümayiş etdirilməlidir. Bu gün mağazaların, xüsusilə sosial şəbəkələrdə hesabı olan, reklamını sosial şəbəkələrdə reklam etdirən mağazaların reklam strategiyası paltarların satışına yönəldilmiş kimi görünsə də, əslində qadınların bədən üzvlərinin, əzalarının nümayişi təsirini bağışlayır. İnsanlar o reklamlara ona görə baxırlar ki, qadınların bədən üzvləri cəlbedici formada nümayiş etdirilir. Özünüz də müşahidə etmiş olarsınız ki, bu gün həmin mağazaların siması olan o xanımlar bu işə yeni başlayanda tamamilə normal ölçülərə malik olurlar. İşə başladıqdan bir müddət sonra dəyişiklik etməyə başlayırlar. Məndə olan məlumatlara görə bu dəyişikliyi onlardan mağaza rəhbərliyi tələb edir. Bir çox hallarda həmin əməliyyatların maliyyəsini mağazaların rəhbərliyi üzərinə götürür. Ona görə qadınların üzərində dəyişiklik etmək ehtiyacı görürlər ki, bu gün normal görünüşə malik xanımların müştəri cəlb etmək bacarığı anormal quruluşda olan xanımların bacarığından aşağı səviyyədədir. Bu gün ombası şişirdilmiş, burnu kəsilmiş, yanaqları itilənmiş, çənəsi rəndələnmiş, gözləri gicgahından asılmış, dodaqları şişirdilmiş qadınların cəlbediciliyi insanları cəlb edir. Reklam rolikləri, təqdimatlar ona görə tıklanır ki, o qadınlar öz bədən üzvlərini əxlaqsızcasına nümayiş etdirirlər. Bir insan hər hansı məhsulu nümayiş etdirəndə niyə bədəninə erotik sığal vermək ehtiyacı duysun? Niyə əməliyyatlı hissələrini kameraya çevirib nümayiş etdirmək ehtiyacı duysun? Bu, normal əxlaqa malik olan insanın edəcəyi hərəkət deyil. Bəzən mən bu cür danışanda bəzi insanlar iddia edir ki, nə bilirsiniz ki, o qadının əxlaqı hansı səviyyədədir? Niyə bu cür reklamlara çəkilən qadınların hamısına əxlaqsız damğası vurursunuz? Mən bu cür reklamlara çəkilən qadınlara əxlaqsız demirəm. Bu cür reklama çəkilmək üçün əxlaqını itirmək, mənəviyyatını ayaq altına atmaq lazımdır ki, çıxıb erotik hərəkətlər edəsən. Bu gün normal əxlaqda olan qadına desək ki, bədən üzvlərinə erotik sığal çək, normal əxlaqda olan insan bu hərəkətləri etməz. Bəzən də iddia edirlər ki, işsizlik insanları buna vadar edir. Mən qətiyyən bunun əleyhinəyəm. İşsizliyin burada qəti şəkildə rolu yoxdur. Razıyam ki, ölkədə işsizliklə bağlı ciddi problemlər var. Xüsusilə də, tələbələrin ciddi problemləri var. Amma hər iş tapa bilməyən qadın gedib o cür formada reklamla məşğul olursa, mağazanın ədəbsiz formada simasına çevrilirsə, bu, işsizliklə bağlı deyil. Bu, insanın əxlaqı ilə əlaqədar məsələdir ki, hər adam buna qol qoymur.

- Pub və restoranlarda niyə boşanmış qadınlar işləyir? Əsas səbəb nədir?

- Əxlaq elə bir meyardır ki, boşanmış, subay, evli olsan da, fərqi yoxdur, əxlaq genlə ötürülən bir şeydir. Əgər boşanmısansa, pub-da işləyərsən deyə bir şey yoxdur. Əgər boşanmısansa, əxlaqsızsan deyə də bir anlayış yoxdur. Əxlaq insanın keyfiyyətidir. Heç bir halda ailə vəziyyətinin bununla əlaqəsi olmamalıdır. Bu gün cəmiyyətdə elə bir vəziyyət hökm sürür ki, boşanmış insanları birmənalı olaraq əxlaqsız kimi qələmə verirlər. Bizim kifayət qədər əxlaqlı xanımlarımız var ki, mənəvi dəyərləri ən ali səviyyədədir. Sadəcə bu və ya digər səbəbdən ailəsi uğurlu olmayıb və boşanıb. Bir qadının ən böyük imtahanı boşandıqdan sonra başlayır. İş ilə bağlı ciddi problemləri olur. Boşanmış qadına hər yerdə potensialı pozulmuş insan kimi baxırlar. Əgər boşanmısansa, bütün əxlaq normaları sənin üçün ayaqlar altına atılmış ola bilər. İstəyirlər ki, boşanmış qadınlardan müxtəlif vasitələr üçün istifadə etsinlər. Əxlaqı qaydasında olan heç bir boşanmış qadın bu yola getmir. Əgər əxlaq ilə bağlı çatlar varsa, o qadın pub-da da işləsə, ən elit məkanda da işləsə, o əxlaqı qoruyub saxlayacaq. Bir qadın boşandıqdan sonra normal şəkildə ofisiant da işləyə bilər. Amma işlədiyi mühitdə onu sakit buraxmayacaqlar. O zehniyyət ki bizdə var, boşanmış qadınlarla bağlı tabu yıxılmayınca, bu tabular da yıxılmayacaq. İstisna etmirəm. Əxlaqsızlığına görə boşananlar da var. Boşanandan sonra əxlaqsız yola düşənlər də var. Boşanıb öz işini təmin edən insanlar da, övladına baxan namuslu xanımlarımız da var. Ona görə, iş yerində rəhbər elə şərait qurmalıdır ki, evli qadının namusu bir qat qorunursa, boşanmış qadının namusuna yüz qat diqqət göstərmək lazımdır. Boşanmış qadın yad ola bilər. Amma hər boşanmış qadını da bu elin anası, vətəndaş kimi görməklə onun pis yola düşməsinin qarşısını almaq da hər Azərbaycan vətəndaşının, xüsusilə də, kişilərin borcudur. Bu gün əxlaqdan, namusdan dəm vuran əksər kişi boşanmış qadınla bağlı birinci pis fikrə düşür. Hər restoranda işləyən qadını eyni görür. Bəlkə, o qadın ehtiyac ucbatından işləyir. Onun namusu ilə bağlı gözünlə gördüyün məlumat yoxdursa, necə ona "namussuz" damğası yapışdıra bilərsən? İşlə bağlı ciddi problemlər olduğu üçün elə qadınlar var ki, işləyir, əxlaqına da yaraşmır, sona qədər də dözmür.

- Niyə indi 1-2 uşaqdan sonra bu prosesin dayandırılması tələb olunur və xanımlar kariyera düşündüyünü deyir. Bu proseslər bizi hara aparır?

- Bu, təkcə bizim problemimiz deyil. Dünyanın istənilən ölkəsində bununla bağlı ciddi problemlər var ki, "cırtdan ailə" modeli dünyanın əksər ölkələrində prioritet olub. Bundan narahat olan ölkələr təşviqedici proqramlar həyata keçirir. Ailələrdə uşaq sayının artması ilə bağlı mexanizmlər hazırlayırlar. Ailələri təşviq edirlər ki, nəsil artırmaqda maraqlı olsunlar. Yeni qurulan ailələrin evlə, işlə təminatı, güzəştli kredit əldə etməkləri, 2-ci və 3-cü uşaqlara fərqli məbləğlərin təyin edilməsi, 4 uşaqlı ailələrin çoxuşaqlılıq statusunun verilməsi, çoxuşaqlı ailələrin imtiyazları məsələsi bu mexanizmlərdən bəziləridir. Bu gün elə ölkələr var ki, ciddi formada narahatdır. Bağlanan nikahların azlığından və dünyaya gələn uşaqların sayının azalmasından narahatdırlar. Ölkəmiz üçün də bu, ciddi problemdir. Ciddi formada bağlanan nikahların sayı azalır. Bu gedişlə yaxın gələcəkdə nə Vətəni qorumaq üçün əsgər, nə də onları dünyaya gətirən qızlar tapılacaq. Həkim, müəllim kimlər olacaq, evləri kim inşa edəcək? İşsizliklə bağlı rayonlardan şəhərə axın edənlərin sayı çoxalır. Bu problem təkcə nəsil artırmaq, nikahla bağlı deyil, ciddi formada nəsil artırma ilə bağlı, nikahdan kənar doğulan uşaqlarla bağlı ciddi problemlər var. Dövlət bu məsələdə əlini daşın altına qoymalıdır. Çoxuşaqlılıqla bağlı meyar aşağı salınmalıdır. Ailələrin boşanmaya getməməsi üçün hər şey işlənməlidir ki, boşanmaya getməsinlər. Bəzən qadınlar az uşaq məsələsini, onlardan çox uşaq dünyaya gətirilməsini istədiklərini, amma təhsillərini davam etdirmək istədiklərini deyirlər. Bəzi hallarda qadınları başa düşmək olur. Əgər qadınlar təhsillərinə bu qədər kapital qoyublarsa, təbii olaraq kariyeralarını davam etdirmək istəyirlər. Amma nə ailə kariyeraya, nə də kariyera ailəyə mane olmalıdır. Vəzifə və öhdəlikləri elə tənzimləmək olar ki, qadının təhsili ilə bağlı inkişafı da baş tutsun, ailə artımı ilə bağlı problem yaşanmasın.

- İndiki gənclərin moda dəbi sizi qane edirmi?

- Mağazaların reklam çəkilişlərində istifadə olunan xanımlara yazılan şərhləri sosial şəbəkələrdə oxuyuram. O rəyləri oxuyanda gələcəyə ümidim ölmür. Çünki orada geyim kimi təqdim edilən, əslində alt geyim olan o paltarlara göstərilən reaksiyanı görürəm. Yazırlar ki, siz bunu geyinib çölə çıxırsınızsa, biz də bunları geyinib çölə çıxmaq məcburiyyətində deyilik. Bu cür reaksiya göstərirlər. Təbii ki, buna normal baxan, alt geyimləri üst geyim kimi geyinib çölə çıxan gənclər də var. O gənclərin hamısı evlərindən çıxır. Onları ata da, ana da görür. Əgər o ata və ana qızlarının həmin geyimdə küçədə başqalarının göz təcavüzünə uğramasını normal qəbul edirsə, bizim edəcəyimiz heç nə yoxdur. Biz nə qədər çırpınsaq da, etiraz da etsək, əgər o gəncin valideyni bu vəziyyətdən narahat deyilsə, əlimizdən heç nə gəlməz. Çünki əksəriyyət elə düşünür ki, qız onundur, özü bilər, bədən onundur, özü bilər, azadlıq onundur, öz bədəninə özü nəzarət edər. Əgər sinə, baldır çöldədirsə, təbii olaraq kişilər ona baxacaq. İddia edə bilmərik ki, o kişi ona baxmasın, mümkün deyil. Kişinin təbiəti elədir ki, açıq gördüyü hər şeyə diqqəti gedir. Yaradan onu elə yaradıb. Nə qədər nəfsinə hakim olsun, nə qədər özünə baxmamaq üçün təlqin etsin, mütləq gözü qaçacaq. Nəzərə alsaq ki, bu gün cəmiyyətdə bununla bağlı çox ciddi problemlər var, qızların o formada çöldə gəzməsi onların göz təcavüzünə uğraması deməkdir. Çöldə nə qədər geni pozuq, zatı qırıq insanlar var, körpə uşağa belə tamah salan insanlar var, bir az da düşünmək lazımdır ki, övladımı hansı geyimlə çölə buraxıram. Bir az da günahı valideynlər özlərində görsünlər. Reklamlara uyub o geyimləri alan valideynlər özlərini nəzarət etmək məcburiyyətində hiss etsinlər. Bəzən görürük ki, 18 yaşını keçmiş qızlar iddia edirlər ki, 18 yaşları tamam olub, özləri bilər ki, nə edirlər. Bəzən görürük axı, 8-10-16 yaşında olan uşaqlara valideynləri elə geyimlər alır ki, istər-istəməz çöldə başqalarının diqqətini cəlb edir. Son vaxtlar elə vəziyyətlərə şahid oluruq ki, nəinki qız uşaqlarını, oğlan uşaqlarına da tamah salan insanlar var. Biz bu cür şərəfsiz, ləyaqətsizlərlə bir cəmiyyətdə yaşayırıqsa, hər şeyə hazır olmalıyıq. Bu dünya nə yaxşı insanlardan xali deyil, nə də pis insanlardan. Bir az buna uyğun davranmaq lazımdır ki, pis hadisələrdən sığortalana bilək. Odur ki, o cür reklamlarla nümayiş etdirilən alt geyimlərə tələbatı dayandırmasaq, bizim axırımız heç də yaxşı olmayacaq. O cür mağazaları boykot edin, almayın. Bir az da alıcılıq qabiliyyətindən irəli gəlir. O qədər reklamlara baxılmasa, onlar da nümayiş etdirməz.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə