Bu məqalə tanınmış yazıçı-ekoloq Bəxtiyar Hüseynovun 65 illik yubileyinə həsr olunur
Cavanşir FEYZİYEV,
Millət vəkili, Fəlsəfə doktoru
İstedadlı yazıçı-jurnalist Bəxtiyar Hüseynovun imzası oxuculara yaxşı tanışdır. İxtisasca ekoloq olan, qəlbən şair və nəhayət,ən yüksək siyasi və elmi kamillik keyfiyyətləri özündə daşıyan vətənpərvər insan Bəxtiyar Hüseynov öz məhsuldar yaradıcılığını bütövlükdə zəngin flora və faunaya malik bənzərsiz Azərbaycan təbiətinin mühafizəsinə və təbliğinə həsr edib. O, 11-dən çox bədii, elmi və publisistik kitabın müəllifidir. ”Heydər Əliyev və Azərbaycan təbiəti”, ”Yaşıl dünya naminə”, “İnsan təbiətlə nəfəs alır”, “Azərbaycan təbiəti: dünən, bu gün, sabah”, “Təbiətin qızıl tacı” “Təbiət layla çalır”, “Dəniz ömrü yaşayıram” və s. elmi, bədii kitabları onun yaradıcılığında xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Yazıçılar Birliyinin üzvü Bəxtiyar Hüseynovun bədii yaradıcılığında ekoloji mövzu mühüm yer tutur.
Bəxtiyar Hüseynov yaradıcılığının və ömrünün müdrik dövrünü yaşayır. Xalqına, dövlətinə, Vətəninə qəlbən bağlı olan bu zəngin insan möhtərəm Prezidentimiz İlham Əliyevin ekoloji siyasətinin həyata keçirilməsi uğrunda əzmkarlıqla, cəsarətlə və ardıcıl çalışan zəhmətkeş, fədakar ziyalılarımızdandır. O, Bakı Dövlət Universitetinin bitirmişdir. Müxtəlifməsul vəzifələrdə işləmiş, bu vəzifələrdə özünü bacarıqlı kadr kimi göstərmişdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin 22 iyun 2022-ci il tarixli sərəncamı ilə Bəxtiyar Hüseynov “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. O müxtəlif təltiflərlə dəmükafatlandırılmışdır.İmzası respublika və bəzi beynəlxalq tribunalarda da tanınmışdır.
Bəxtiyar Hüseynov çalışdığı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, məşhur Karlova Universitetinin bir sıra ictimai təşkilatların fəxri fərmanlarına təltiflərinə layiq görülmüşdür. Hələ BDU-da oxuduğu illərdə universitetin mətbuat orqanının səmərəli, gənc əməkdaşı kimi fəallıq göstərmişdir.İllər keçdikcə elmi, elmi-publisistik və bədii yazılarla “Xalq qəzeti”, “Respublika” , “525-ci” qəzet, “Azad Azərbaycan”,”Qafqaz+”,“Respublika həyatı”, “Yaşıl çay” və.s kimi qəzet və jurnallarda məhsuldar yazıları ilə yadda qalmaqdadır. O,yalnız yazılı ədəbi, elmi, siyasi orqanlarda çıxış etməklə kifayətlənmir, müxtəlif tədbir, konfranslar və digər uğurlarla da təbiətin qorunması, inkişaf etdirilməsi yoluna səmərli fəaliyyət göstərir. Dövlətin ekoloji siyasətini bütün varlığı ilə həyata keçirməyə çalışır. Bəxtiyar Hüseynov çoxsaylı elmi, elmi-publisistik kitabları müasir Azərbaycan təbiətinin inkişafı, problemləri dövlət qayğısı kimi fundamental dəyərlərlə tükənmir. O eyni zamanda Azərbaycan təbiəinin, təbiətşünaslığının tarixini də sərrast qələmi ilə aradıcıl araşdırmaqdadır. Təsadüfi deyil ki, mərhum alim, əməkdar elm xadimi Qara Mustafayev tələbəsi Bəxtiyar Hüseynovu gənc Həsən Əliyev adlandırmışdır.
Yazıçı-ekoloq Bəxtiyar Hüseynovun “Heydər Əliyev və Azərbaycan təbiəti” kitabı onun yaradıcılığının məhək daşıdır desək, yanılmarıq.Bu dəyərli kitaba müəllif ömrünün ən məhsuldar və səmərəli illərini sərf etmişdir. Mən fəxr edirəm ki, Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin ekoloji istiqamətini kitabımda əks etdirməyə çalışmışam. Ulu Öndərin nəhəng, uzaqgörən, siyasi və elmi strategiyası qarşısında mən kiçik bir zəhmət çəkmişəm.İnanıram ki, elm adamlarımız bu istiqamətə daha böyük diqqət yetirəcəkdir. Alimlərimizin, təbiətsevərlərimizin araşdırmaları ulu öndərimizin müdrik ekoloji siyasətinin həyata keçirilməsinə töhfə verir. Ulu Öndər demişdir: “Təbiətin ölkəmizə bəxş etdiyi zəngin sərvətlərə qayğı ilə yanaşmaq, belə misilsiz xəzinələri bəşəriyyətin gələcəyi naminə qorumaq üzərimizə düşən başlıca vəzifələrdəndir”.
Ulu öndər ana yurdumuzun inkişafının təməl planlarını qurarkən heç vaxt ölkəmizin ekologiyasını, təbiətini yaddan çıxarmamışdır. Müdrik rəhbər həmişə Azərbaycan təbiətinə xüsusi önəm verir, onun daim təbii və ilkin toxunulmazlığnı qorumağın vacibliyini zəruri saymışdır. Məhz Ulu öndərin rəhbərliyi ilə qəbul edilmiş ekoloji qərarlar, qanunlar, sərəncamlar ölkəmizin təbiətinin sağlamlığına yönəlmişdir. Bu iş ardıcıl, müntəzəm və sistem halında görüldüyü üçün böyük səmərə vermişdir. Bu kitabı oxuduqca hiss edirik Azərbaycan təbiətinin inkişafı uğrunda qüdrətli bir şəxssiyyət, müdrik bir dövlət başçısı durur: Əməlləri ilə, sözü ilə, işi ilə və işinin nəticəsi ilə. Çünki hara baxırsansa, onun saf tum səpdiyi Azərbaycan dövlətindən, hətta keçmiş SSRİ məkanından səs gəlir: təbiət səsi, göylərə ucalan ağacların, yerlərdə uzanan su kanallarının, hətta Ulu Öndərin tilsimini qırdığı BAM-dakı insanların səsi. Bu reallıqlar böyük düha sahibinin insanlığa bəxş etdiyi əməllərinin səsidir.Bu kitabın hər fəslində ulu öndərin təbiət sevgisini tədqiq edən bir ekoloqun, təbiətsevərin nəfəsi duyulur. Kitab təbiətimizin əvəzsiz qayğıkeşi Ulu Öndər Heydər Əliyev dühasına böyük ehtiramın nəticəsidir.
Yazıçının yaradıcılığı ilə tanış olanda görürük ki, o, nədən yazırsa yazsın, həmişə təbiəti, ekologiyanı önə çəkir. Elə buna görə də müəllif təkcə təbiətin mühafizəsi və təbliğinə həsr etdiyi elmi məqalələrlə kifayətlənmir, eyni zamanda ana təbiətə sevgi mövzusunu öz yaradıcılığında tez-tez poeziyaya gətirir. Bu baxımdan onun çoxcəhətli yaradıcılığını elmlə bədii təfəkkürün birgə məhsulu kimi qəbul etsək, fikrimcə daha doğru olar.
Bəxtiyar Hüseynovun maraqlı, aktual kitablarından biri də “Qarabağın təbiəti və ekologiyası” adlanır. Kitabın ilkin variantı ilə tanış olanda görürük ki, yuxarıda söylədiyimiz fikir bir daha öz təsdiqini tapır. Yəni müəllif yenə öz yaradıcılıq ənənəsinə sadiq qalaraq kitabında həm elmi-publisistik yazılarına, həm də poetik nümunələrə yer verib.
Təbiət Bəxtiyar Hüseynov üçün təkcə ilham mənbəyi deyil, həm də həyatın özüdür. Axı susuz, torpaqsız yaşamaq mümkün deyil. Xoşbəxtlikdən Ana təbiət Azərbaycandan, eləcə də onun yaşadığı cənub bölgəsindən heç nəyini əsirgəməyib. Elə buna görə də kitabda ekologiyamızın saflaşmasına, ətraf mühitin mühafizəsinə və zənginləşməsinə, habelə təbiətşünaslığın inkişafına öz töhfələrini verən dünya şöhrətli ekoloq-alimlərimiz dönə-dönə xatırlanır, onlara həsr edilən oçerklərdə elmi irsləri təbliğ edilir. Təbiətşünas alim və Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabi, akademik Həsən Əliyev, Aleksandr Qrossheym, Elşad Qurbanov, Budaq Budaqov, Qara Mustafayev, Akif Quliyev, Vahid Hacıyev, Cəlal Əliyev, İradə Hüseynova, İbrahim Cəfərov, Tariyel Talıbov, İlham Ələkbərov və başqa elm fədailərimiz barədə elmi-publisistik yazıları maraq doğurur. Diqqətəlayiq cəhət budur ki, hər bir ekoloq-alimin bu sahədə mühüm tədqiqat işləri açıqlanır.
Görkəmli botanik, akademik A.A.Qrossheym barədə yazılan oçerkdə oxuyuruq: “A.A.Qrossheym Qafqazın, o cümlədən Azərbaycanın bitki ehtiyatları, bitkiçiliyi və florası üzrə geniş tədqiqat işləri aparmışdır. Onun təşəbbüsü ilə respublikada qoruqlar, xüsusilə də Lənkəran və Muğan qoruqları, həmçinin herbari fondu yaradılmış və herbari kolleksiyasının saxlanma metodikası və strukturu işlənib hazırlanmışdır”.
Azərbaycan təbiətşünaslıq elminin patriarxı Həsən Əliyev haqqındakı yazıda isə deyilir ki, yüzlərlə elmi əsərin, dərsliklərin və monoqrafiyaların müəllifi olan alim Respublikada ilk dəfə olaraq təbiətin mühafizəsi problemi ilə ciddi məşğul olmuş, bu problemin həll edilməsinin vacibliyi ilə bağlı həyəcan təbili çalmışdır. Eyni zamanda müəllif Həsən Əliyevin təbiətlə əlaqədar müdrik fikirlərini də haqlı olaraq diqqətə çatdırır: “Təbiət musiqi mənbəyi, şeir, sənət guşəsi, ilham çeşməsidir; Təbiət ən gözəl müalicə vasitəsi, ən gözəl loğmandır; Meşə,su var-dövlət, bolluq deməkdir, meşə olmayan yerdə nə torpaq, nə su, nə məhsul ola bilməz; Təbiəti sevən, təbiətlə daima təmasda olan insan heç zaman nankor, rəhmsiz, vicdansız ola bilməz...”.
Bəxtiyar Hüseynovun “Yaşıl dünya naminə” adlı növbəti kitabı iqlim dəyişikliklərindən irəli gələn fəsadlara, təbii fəlakətlərə qarşı mübarizəyə həsr olunub və Bakıda keçirilmiş COP29 Beynəlxalq Sammiti ərəfəsində müəllif bəşəriyyətə çağırış edərək dünyada ekoloji tarazlığın pozulmasından doğan narahatlığını bildirir və yaşıl dünya naminə bütün səyləri birləşdirməyin vacibliyini həyati faktlarla göstərir.
Kitabda eyni zamanda ətraf mühitin mühafizəsi və təbii sərvətlərin zənginləşməsi istiqamətində görülən işlərlə bağlı Azərbaycan təcrübəsi örnək kimi diqqətə çatdırılır.
“Azəbaycan təbiəti: Dünən, bu gün, sabah” adlı kitab isə tanınmış ekoloq-junalist Bəxtiyar Hüseynovun işıq üzü görən sayca doqquzuncusudur. Bu kitabın leytmotivini Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin təbiətimizə, ekologiyamıza göstərdikləri qayğı və diqqət təşkil edir. Eyni zamanda uzun axtaışların səmərəli nəticəsi olan bu sanballı əsərdə ölkəmizin görkəmli təbiətşünas alimlərinin həyat yolu və elmi tədqiqatlarına da mühüm yer verilmişdir. Kitabda Azəbaycan ekoloji mühiti dünya ekoloji prosesləri ilə vəhdətdə və onun ayrılmaz bir hissəsi kimi tədqiq olunur. Respublikamızın təbiət parkları, qoruqları, yasaqlıqları elmi-tədqiqat nöqteyi-nəzərdən araşdırılır. Kitabda elmi düşüncədən bədii düşüncəyə yorulmaz bir ekskursiya edirsən. Göstərilən qayğının nəticəsi olaraq zəngin təbiətimiz qələmin gücü ilə gözlərimizin önündə canlanır.
“Yaşıl dünya naminə” kitabının təqdimatında Respublikanın bir çox tanınmış ziyalıları, siyasi xadimləri iştirak etmişlər. Milli Məclisin elm və təhsil komitəsinin sədri, tarix elmləri doktoru professor Anar İsgəndərov ,Milli Məclisin səhiyyə komitəsinin sədr müavini, dünya şöhrətli kordioloq-alim Rəşad Mahmudov kitabı yüksək dəyərləndirərək demişlər: “Bu kitab təbiətşünaslıq elminə töhfə olmaqla bərabər, həm də cənab Prezidentin ekoloji siyasətinə uğurlu bir dəstəkdir”. Bəxtiyar Hüseynov ixtisasca ekoloqdur. Onun bir çox kitabları, o cümlədən "Təbiətin qızıl tacı" elmi-publisistik və "Təbiət layla çalır", "Dəniz ömrü yaşayıram" bədii kitabları Azərbaycan təbiətinin mühafizəsinə, müdafiəsinə, ekoloji biliklərin təbliğinə həsr olunmuşdur.
Kitabda Heydər Əliyev haqqında dünya liderlərinin, məşhur siyası xadimlərin fikirləri, Respublikaya rəhbərliyi dövründə bütün sahələrin inkişafı, eləcə də təbiət sevgisi ilə əlaqədar ayrı-ayrı dövlət xadimlərinin, alim-ekoloqların, ictimaiyyət nümayəndələrinin xatirələri də yer alıb.Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Göründüyü kimi bu müdrik deyimlər hər şeydən öncə Vətən təbiətinə hədsiz sevgi, məhəbbət hisləri aşılayır. Adından göründüyü kimi, Bəxtiyar Hüseynovun növbəti kitabı 30 il düşmən tapdağı altında qalan, bir milyondan çox əhalisi qaçqın və köçkün həyatı yaşayan Qarabağın Azərbaycan Silahlı Qüvvələrin Ali Baş Komandan, İlham Əliyevin böyük sərkərdəlik bacarığı və Azərbaycan ordusunun qəhrəmanlığı sayəsində işğaldan qurtulmasından doğan hədsiz sevinc hissi ilə yazılıb. Eyni zamanda müəllif ürək ağrısı ilə qeyd edir ki, erməni işğalçıları təkcə xalqımıza qarşı deyil, təbiətimizə və təbii sərvətlərimizə qarşı da böyük terrorçuluq siyasəti həyata keçiriblər. Bu da həmin ərazidə təbii resursların talan edilməsi, nadir ağac və bitki növlərinin məhv olması ilə nəticələnib. Həmçinin müəllif göstərir ki, xalqımız Qarabağ ağrısı və Qarabağ sevinci ilə üz-üzə qalıb. Azərbaycanın görkəmli elm, mədəniyyət, incəsənət xadimlərinin, o cümlədən ekoloq-alimlərimizin bir çoxuna tarixi qələbəmizin sevincini yaşamaq qismət olmadı. Onlar məhz Qarabağ ağrısı ilə həyatdan köçdülər, 30 il işğalda qalan təbiətimizin məhv edildiyini görmədilər. Lakin soyqırıma məruz qalan Qarabağın yaralı təbiətinin acı mənzərəsi hazırda qələbə sevinci ilə yaşayan alimlərimizin ürəklərini də göynədir.
Qarabağın yaralı təbiəti barədə müfəssəl məlumat kitabın əvvəlində yer alan “İşğaldan qurtulan təbiət necə bərpa olunur?” adlı publisistik qeydlərdə verilir. 44 günlük Vətən müharibəsi Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun böyük qələbəsi ilə başa çatdı. Lakin mənfur düşmən Qarabağ torpağını yerlə yeksan etdiyinə görə onu tamamilə bərpa etmək zərurəti yaranıb. Torpaqlar minalanıb, zəngin təbii sərvətləri talan edilib. Xüsusi mühafizə olunan təbiət ərazilərinin ancaq quru adı qalıb. Çaylar, göllər zəhərli kimyəvi maddələrlə çirkləndirilib. Bir sözlə əsrarəngiz Qarabağ təbiətindən heç bir əsər-əlamət qalmayıb. Elə buna görə də Qarabağı və onun füsunkar təbiətini bərpa etmək üçün yeni quruculuq, dirçəliş dövrü başlanıb. Təsadüfü deyil ki, möhtərəm Prezidentimiz İlham Əliyev demişdir: “Qarabağ müharibəsi qələbəmizlə başa çatdı, tarixi ədalət bərpa olundu. İndi yeni dövr – dirçəliş, quruculuq və bərpa dövrü başlanıb. Xalqımız bundan sonra qalib xalq kimi yaşayacaqdır...”.
Təbii ki, hazırda bütün imkanlar Qarabağın və onun ecazkar təbiətinin bərpasına yönəlib.Kitabda bütün bunlar barədə xüsusi olaraq diqqətə çatdırılır.
“Qarabağın təbiəti və ekologiyası” kitabı Bəxtiyar Hüseynovun yaradıcılığında elmi-publisistik baxımdan mühüm əhəmiyyət kəsb edir. Azərbaycan təbiətini yaşadan tanınmış alim-ekoloqlarımızın həyatı və elmi yaradıcılığı, habelə təbiətşünaslığa verdiyi töhfələr haqlı olaraq önə çəkilir. Təəssüf ki, haqqında söhbət açılan təbiətşünas alimlərimizin bəziləri həyatda yoxdur.Lakin onların təbiətə bəxş etdiyi elmi töhfələri, araşdırmaları durur və gənc ekoloq-alimlər nəslinin yetişməsində mühüm rol oynayır.
Ümid edirik ki, təbiətsevərlər, ekoloqlar və tələbkar oxucular, tələbələr “Qarabağın təbiəti və ekologiyası” kitabını sevinclə qarşılayacaq və bunu yazıçı-ekoloq Bəxtiyar Hüseynovun həm elmi, həm də uğurlu axtarışların məhsulu kimi layiqincə dəyərləndirəcəklər.
Müəllif istər elmi-publisistik, istərsə də bədii kitablarında ekoloji mövzuya tez-tez müraciət edir. Onun növbəti şeirlər kitabı məhz 30 illik işğaldan sonra qurtulan, azadlığa qovuşan Qarabağa və onun füsünkar, zəngin təbiətinə həsr olunub. “Üzün gülsün, Qarabağ” adlanan bu şeirlər toplusunda yer alan şeirlərdə və eyni adlı poemada işğal dövründəki Qarabağ ağrısı ilə bərabər, həm də azad Qarabağ sevinci önə çəkilir. Təbii ki, bu da şairin Vətən sevgisindən irəli gəlir.
“Azərbaycan” şeirində müqəddəs Vətən sevgisini oxucuları ilə bölüşən şair yazır:
Bölünməzdir torpağın,
Bilir dost da, düşmən də.
Dalğalanır Bayrağın
Qarabağ üzərində.
Doğma Azərbaycana xitabən yazılan bu şeirdə şair bizi qəhrəmanlıq keçmişimizə aparır və qeyd edir ki, məhz 30 illik işğaldan azad olunan Qarabağda göstərilən qəhrəmanlığın kökü babalarımızın qanları ilə yazılan tariximizdən gəlir:
Bu dünyaya bəllidir
Əzmimiz, iradəmiz.
Cəngavərlər nəsliyik
Babaların qanıyla
Yazılıb tariximiz.
Bəxtiyar Hüseynovun “Qarabağ Azərbaycandır” silsiləsindən yazdığı lirik şeirlər də kitabda yer alıb.
“Başını uca tut, şəhid anası” şeirində şair şəhid anasını Vətənin timsalı kimi təqdim edir. Haqlı olaraq ona xitabən deyir ki, sən başını uca tutmalısan, çünki qazanılan böyük zəfər böyüyüb ərsəyə çatdırdığın övladının qeyrəti, qanı, canı bahasına əldə edilib. Böyük qələbə sevincini qürurla yaşamaq hamıdan öncə sizin haqqınızdır:
Şəhid anasına ağlamaq yaddır,
Təsəllin budur ki, Vətən azaddır.
Hər şəhid anası bir qəhrəmandır,
Başını uca tut, şəhid anası.
Məlum olduğu kimi, cəbhəyə gedənlər arasında könüllülər də çox idi. Bu, onu göstərir ki, ürəklərində azğın düşmənə qarşı intiqam hissi olan gənclərimiz üçün Vətən, torpaq hər şeydən üstün idi. Elə buna görə Ali Baş Komandanın çağırışına cavab olaraq hamı Qarabağı qaytarmaq üçün ölümə belə getməyə hazır olduğunu qürurla, fəxrlə bildirirdi. Təsadüfi deyil ki, “Oğullar əsgər gedir” şeirində müəllif məhz bu cəhəti haqlı olaraq önə çəkir:
Açılır Qarabağda
Azadlığın səhəri.
Düşmənə məzar qazır
Azərbaycan əsgəri,
Oğullar əsgər gedir.
“Ey Vətən, fəxr eylə oğullarınla” adlı şeirində isə müəllif ölümün gözünə dik baxan, xalqının üzərindən məğlubiyyət ləkəsini silən və adını tarixə qalib xalq kimi daxil edən, bir sözlə, qanı bahasına böyük qələbəni təmin edən hər bir əsgəri Vətənin qranit qayasına, vüqarlı dağına bənzədir:
Hərəsi bir qaya, bir uca dağdır,
Kimisi şəhiddir, kimisi sağdır
Fəqət ki, qeyrətdə Həzi, Poladdır,
Ey Vətən, fəxr eylə oğullarınla.
Qarabağ mövzusu həmişə Bəxtiyar Hüseynov yaradıcılığının ayrılmaz hissəsi olub. Amma bu silsilədən yazdığı lirik şeirlər nədənsə Bəxtiyar Hüseynovu bir şair kimi təmin etmirdi.Uzun illər düşmən tapdağı altında olan Qarabağ haqqında ürəyi hələ dolu idi. Ona elə gəlirdi ki, vətəndən ayrı düşən bu Vətən torpağı barədə hələ heç nə deməyib. Bu mövzuda daha fundamental bir əsər yazmağa mənəvi ehtiyac duyurdu. Nəhayət, uzun illər ürəyində daşıdığı ağrı-acılar və Qarabağ üzərində Azərbaycan Bayrağının dalğalanmasından doğan sevinc hissləri iri həcmli lirik-epik poemaya çevrildi. Poemanın “Təbiəti yaşadanlar” adlandırılması da təsadüfi deyil. Şairə görə 30 il düşmənin əlində ağlayıb sızlayan Qarabağın doğma Vətən torpağına qovuşmasından doğan sevinci, gülüşü də yaşamağa haqqı vardı.
Proloq və epiloqdan ibarət poemada müəllif oxucunu Qarabağın keçmişinə aparır, bu torpağın yetişdirdiyi tarixi və ədəbi şəxsiyyətlərlə tanış edir. Müəllif 30 il ərzində soydaşlarımızı doğma dədə-baba yurdlarından didərgin salan, Xocalı soyqırımını törədən, öz yalanları ilə dünyanı çaşdırmağa çalışan erməni vandallarının bu cənnət torpağı xarabazara çevirməsini, təbii sərvətləri talan etməsini, bununla da ürəkləri soyumayaraq ərazini başdan-başa minalanmasını ürək yanğısı ilə xatırladır:
Poemada Qarabağın coğrafiyasına daxil olan Fizuli, Cəbrayıl, Laçın, Qubadlı, Ağdam, Kəlbəcər, Zəngilan, Xocavənd və digər rayonların səhralığa çevrildiyini, hətta bəzi yerlərdə bir salamat binanın belə qalmadığını və beləliklə, tükürpədici bir mənzərənin doğurduğu sonsuz kədəri şair poetik dildə oxucularla bölüşür.
Müəllif eyni zamanda yuxarıda adları qeyd olunan rayonların əsrarəngiz təbiətə, zəngin təbii sərvətlərə malik olduğunu xatırladaraq Qarabağın ən böyük rayonlarından biri olan Kəlbəcərin üstündə daha çox dayanır. Göstərir ki, Kəlbəcərin zəngin meşə sərvəti, isti su qaynaqları, qızıl yataqları mənfur düşmən tərəfindən vəhşicəsinə talan edilib. Eyni zamanda Kəlbəcərin bir çox böyük sənətkarların ilham mənbəyi olduğunu, eləcə də Aşıq Şəmşirin xalq şairi Səməd Vurğunla məşhur deyişməsini də diqqətə çatdırır.
Qarabağ ağrı-acıları ilə bərabər,böyük qələbədən doğan ümumxalq sevinci də əsərdə yüksək poetik ifadəsini tapıb. Şair bu hədsiz sevinc hisslərini poetik misralara çevirərək oxucusu ilə paylaşmağa çalışır:
Üzün gülsün, Qarabağ!
Qovuldu yol azanlar.
Məhv etdi düşmənini
Burda tarix yazanlar.
Üzün gülsün, Qarabağ,
Yaşıl don geyir hər dağ
Bərpa olsa da çətin
Canlanır təbiətin.
Bəxtiyar Hüseynov Ali Baş Komandan İlham Əliyevin və müzəffər ordumuzun qəhrəmanlığı sayəsində azad olunmuş Qarabağın incisi sayılan Şuşanı və onun yaralı təbiətini də yaddan çıxarmır. Göstərir ki, indi daha Qarabağın əsasını qoyan Pənahəli xanın, Xan qızı Natəvanın, şair Vaqifin, dahi Üzeyirin, Bülbülün, Xanın, Seyyidin ruhları narahat deyil. Hazırda bütün Qarabağ ərazisində bərpa işləri gedir, onun füsunkar təbiəti dirçəldilir: Gedən quruculuq işlərindən ilhamlanan müəllif öz sevincini belə təqdim edir.
Şair-ekoloq Bəxtiyar Heseynovun “Üzün gülsün, Qarabağ” kitabı, fikrimcə, həm təbiətşünaslığa, həm də Azərbaycan poeziyasına yeni yaradıcılıq töhfəsidir. İnanırıq ki, təbiətsevərlər, poeziya həvəskarları elm və bədii təfəkkürün vəhdətinin məhsulu olan bu kitabı oxuyub istedadlı yazarımız Bəxtiyar Hüseynovun yaradıcılıq üfiqləri, genişliyi və əlvanlığı ilə fərəh doğurur.
Çox sevindirici haldır ki, uzun muddət ekoloji fəaliyyəti dövründə Azərbaycan ekologiyasının problemlərindən, təbiətin qorunmasından, yaşıllaşdırma sahəsində ölkədə görülən işlərdən, təbiətimizə qarşı erməni vandallarının həyata keçirdiyi amansız siyasətdən KİV-də dərc olunan məqalə və publisistik yazıların altında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü Bəxtiyar Hüseynovun imzası xüsusi hörmətə layiqdir.
Bəxtiyar Hüseynov bu gün hər hansı ekoloji problemin işıqlandırılmasında və həmin problemlərin həlli yollarının göstərilməsində artıq çox məlumatlı, savadlı ekoloji ekspert kimi çıxış edir və ona məhz media mənsubları ekspert kimi müraciət edirlər. Tam səmimi bildirirəm ki, onun “Xalq qəzeti”, “Azərbaycan”, “Azad Azərbaycan”, “Lənkəran” və s. qəzetlərdə mütəmadi olaraq ekoloji mövzularda silsilə yazıları ictimaiyyət tərəfindən çox böyük maraqla izlənir və hörmətlə qarşılanır.
Bəxtiyar Hüseynovun məqalələri, publisistik qeydləri bir çox media mükafatlarına layiq görülüb. Həmçinin “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin keçirdiyi “Ən yaxşı yazı” müsabiqələrinin dəfələrlə qalibi olub.
Bəxtiyar Hüseynov təkcə Nazirliyin ictimai həyatında yox, bölgənin ictimai-siyasi həyatında da çox fəal mövqeyi və fəaliyyəti ilə seçilir. Növbədənkənar prezident seçkiləri ilə əlaqədar YAP Lənkəran təşkilatının təbliğat qrupunun üzvü kimi bu sahədə səmərəli fəaliyyət göstərmişdir.
Hörmətli Bəxtiyar müəllim, sənin 65 yaşın məndə böyük qürur hissi oyadır. Sən bu illəri çox səmərəli və məhsuldar yaşamısan. Bir ömürdə bir neçə ömürlük xariqələr yaratmısan. Əziz qardaş, nə tez gəldi 65 yaş! Bu 65 yaşın içində dövlətçiliyə bağlı fədakar bir yazıçı-ekoloqun, Vətən və təbiət aşiqinin, gözəl bir ziyalının ömrü boylanır. Öz qələminlə, əməlinlə inanıram ki, dövlətimizə, təbiətimizə yeni-yeni töhfələr verəcəksən.
Bütün xəbərlər Facebook səhifəmizdə