“Yod tireoid hormonların tərkib hissəsini təşkil edərək maddələr mübadiləsinə, bədənin termorequliyasiyasına, bir çox vitaminlərin sovrulmasına mühüm təsir göstərir”. Bu sözləri SİA-ya açıqlamasında Elmi Cərrahiyyə Mərkəzinin Elmi-işçisi endokrinoloq Şəhla Ələkbərova deyib.
O bildirib ki, yod çatışmazlığı zamanı tireoid hormonların ifrazı zəifləyir, bu isə yorğunluq, yuxululuq, bədən çəkisinin artması, xolesterinin yüksəlməsi, hamilələrdə dölün inkişafının pozulması ilə müşayiət olunur. Yodun miqdarının artdığı zamanı isə tireoid hormonların sintezi güclənir, bu isə əzələ zəifliyi, həyəcan hissi, tərləmə, arıqlama, ürək-damar sisteminin fəaliyyətinin pozulması simptomları ilə təzahür edilir: “Qadın həyatının vacib dövrləri olan cinsi inkişaf, hamiləlik, menopauza hormonal dəyişikliklərlərlə müşayiət olunur. Bu zaman tireoid vəzdəki dəyişikliklərin meydana çıxması üçün zəmin yaranır. Ona görə də, qadınlarda ur kişilərə nisbətən daha tez rast gəlinir”.
Bütün xəbərlər Facebook səhifəmizdə