Tramp qalib gələrsə nə baş verə bilər? - MÜNASİBƏT BİLDİRİLDİ

"ABŞ seçkiləri yalnız Amerikanın daxilində dəyişikliklərə gətirib çıxarmır, bu seçkilər eyni zamanda dünyadakı proseslərə çox ciddi təsir edir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib.

O bildirib ki, məhz bu səbəbdən dünyada Amerika seçkilərinə diqqət hər zaman böyükdür, həssaslıqla izlənir: "Çünki Amerika dünyanın əsas aparıcı dövlətidir. Dünyanın ən müxtəlif yerlərində onun hərbi bazaları var və maraqları var. Dünyadakı proseslərə ciddi şəkildə təsir edə bilir. Biz özümüz də 30 ildən bəri bunu görməkdəyik. Belə ki, hal-hazırda Azərbaycanla Ermənistan arasında aparılan danışıqlar və münasibətlərlə bağlı məsələlərdə Amerikanın hansı yol tutduğu bizim üçün məlumdur. O baxımdan Amerika dünyanın ən böyük həm iqtisadi, həm hərbi, həm siyasi gücü olan ölkə olduğu üçün və dünyadakı proseslərə ciddi şəkildə təsir etdiyindən təbii ki, Amerikadakı seçkilər dünyanın diqqətindədir. Bu gün Amerikanın seçəcəyi şəxs dörd il müddətində həm Amerika, həm də dünyadakı proseslərlə bağlı müəyyən təsəvvürlər yaradacaq".

Onun sözlərinə görə, bu seçkilərin nəticələri Cənubi Qafqazdakı proseslərə də öz təsirini göstərəcək: "Belə ki, Kamala Harris qalib gələrsə, Bayden administrasiyasının bölgədəki siyasəti davam edəcək. Yəni, xüsusi dəyişiklik olmayacaq. D. Tramp gələrsə, siyasətdə müəyyən dəyişikliklər ola bilər. Nəzərə almaq lazımdır ki, böyük mənada Amerika siyasətində ciddi bir dəyişiklik olmayacaq. Təbii ki, D.Tramp Kamala Harrisə nəzərən erməni diasporası ilə daha az əlaqəsi olan şəxs kimi düşünmürəm ki, yalnız prosesləri erməni normativləri üzərindən həyata keçirsin. Bütün bunların hamısına baxmayaraq nəzərə almaq lazımdır ki, Azərbaycan özünün ən zəif vaxtlarında belə həm Amerikanın, həm də digərlərinin təzyiqlərinə müqavimət göstərərək öz maraqlarına güzəştə getmədi. Hansı ki, erməniləri müdafiə edən böyük güclər, o cümlədən Amerikaya da çox maraqlı idi ki, Azərbaycan işğal olunmuş ərazilərindən Ermənistanın xeyrinə imtina etsin, konflikti Ermənistanın qalibiyyəti ilə və Azərbaycan torpaqlarını işğal etməsi ilə nəticələnsin. Amma Azərbaycan özünün ən zəif vaxtlarında belə bu təzyiqlərə davam gətiribsə, hal-hazırda vəziyyət 180 dərəcə dəyişdiyindən sahədəki reallıqlar tamamilə fərqli olduğundan və Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini tam şəkildə bərpa etdiyindən artıq belə təzyiqlərə müqavimət gücü də daha çoxdur. İstənilən administrasiya kimliyindən asılı olmayaraq Azərbaycanın ədalətli, haqlı tələblərini nəzərə almaq məcburiyyətindədir. Bu baxımdan biz öz mövqeyimizi qorumalı, sosial siyasətimizi davam etdirməliyik. Gücümüzü artırmalıyıq və bütün bu təzyiqlərin hamısını əvvəlcədən planlaşdıraraq buna hazırlaşmalıyıq".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə