“Məqsədimiz əlilliyi olan qadınların dövlət xidmətlərinə əlçatanlığını təmin etməkdir”

“Dəyirmi masanın davamlı şəkildə həyata keçirilməsində məqsəd ictimai yerlərdə əlilliyi olan qadınlara və qızlara münasibətin dəyişdirilməsi üçün dövlət xidmətlərinin əlçatanlığının və keyfiyyətinin yüksəldilməsidir. Eyni zamanda, bu istiqamətdə tədbirləri özündə əks etdirən yerli fəaliyyət planlarının hazırlanması, habelə, ictimai yerlərdə əlilliyi olan qadınlara və qızlara qarşı münasibətin dəyişdirilməsinə və onların qarşısının alınmasına köməklik göstərməkdir”.

SIA xəbər verir ki, bu sözləri “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə Rəhimova Gəncə şəhərində Kabadokiya Mərkəzində BMT-nin Qadınlara qarşı zorakılığa son qoymaq üçün Etimad Fondunun maliyyələşdirdiyi dördüncü dəyirmi masada bildirib. Qeyd edib ki, cəmiyyətin təşkilatçılığı ilə keçirilən layihə, “Bakı, Gəncə və Quba-Xaçmaz regionunda sağlamlıq imkanları məhdud qadın və qızların dövlət xidmətlərinə çıxışının təkmilləşdirilməsi” mövzusunu əhatə edir.

Dəyirmi masada dövlətin, vətəndaş cəmiyyətinin və özəl təşkilatların, biznes qurumlarının nümayəndələrinin iştirakı ilə təşkil olundu. Həssas qrupdan olan qadın və qızlara qarşı zorakılıq, onların dövlət xidmətindən yararlanmaları üçün hüququi maarifləndirilməyə ciddi ehtiyac olması ilə bağlı maraqlı müzakirələr aparıldı. Cəmiyyətin sədri layihənin fəaliyyəti, görülən işlərin nəticələri və birinci dəyirmi masadan sonra həllini tapmış məsələlərlə bağlı iştirakçılara geniş məlumat verdi. Tədbirə qatılanlar ictimai yerlərdə əlilliyi olan qadın və qızlara qarşı ayrı-seçkilik halları və onların həlli yollarından söz açdılar.

Dəyirmi masada, həmçinin, dövlət qurumları arasından yaradılan Koordinasiya Şurasının fəaliyyətinin müsbət nəticələri, davamlılığı, birgə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı təkliflər dinlənilib. Üzvlərin vəzifələri bir daha müzakirə olunub. Layihənin əsas benefisiarları olan sağlamlıq imkanları məhdud qadın və qızların dövlət xidmətlərindən istifadəsinin asanlaşdırılması üçün Koordinasiya Şurasının məqsədinin müəyyən edilməsi, əlaqələndirilməsi və birgə fəaliyyətlərinin həyata keçirilməsi barədə dəyirmi masa iştirakçılarına ətraflı məlumat verilib.

Məhluqə Rəhimova deyib ki, əlil qadınlar və qızlar öz hüquqlarından az xəbərdardırlar, bu səbəbdən də üzləşdikləri problemləri həll edə bilmirlər, layihəmizin əsasını da onların həyatlarında inkişaf etdirmələri üçün dəstək sistemi təşkil edir: “Bakı, Gəncə və Quba-Xaçmaz regionunda sağlamlıq imkanları məhdud qadın və qızların dövlət xidmətlərinə çıxışının yaxşılaşdırılması” layihəsinin əsas məqsədi aztəminatlı ailələrdən olan əlil qadın və qızlar, o cümlədən, məcburi köçkün ailələri üçün dövlət xidmətlərinin əlçatanlığını və keyfiyyətini artırmaqdır. Layihə çərçivəsində müəyyən mərhələlərdə sağlamlıq imkanları məhdud qadın və qızların üzləşdiyi problemlərin ictimailəşdirilməsi təşkil olunur. Bu kateqoriyadan olan insanların cəmiyyətdə qarşılaşdıqları problemlərin öyrənilməsi və təhlili, onların həlli yollarının tapılması, həlli, qarşılaşdıqları subyektiv səbəblərin aradan qaldırılması məqsədilə tədris xəttinin ardıcıl şəkildə aparılması təmin edilir. Layihənin əsas istiqamətlərindən biri də sosial, səhiyyə, ədliyyə, məşğulluq, təhsil, hüquq-mühafizə orqanlarının əməkdaşlarına müxtəlif növ əlilliyi olan və ünsiyyətdə çətinlik çəkən qadın və qızlarla peşəkar etik ünsiyyət, o cümlədən kommunikativ bacarıqların öyrədilməsidir. Onlara xidmət etmək üçün bilik və bacarıqların artırılmasına üstünlük verilir”,- QHT sədri vurğulayıb.

Qeyd edək ki, layihə Bakı, Gəncə şəhərlərini və Quba, Qusar və Xaçmaz rayonlarını əhatə edir və 2022-ci ilin sentyabr – 2025-ci ilin avqust ayları (36 ay) ərzində həyata keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə