Sosial şəbəkə asılılığından necə qurtulaq? - ARAŞDIRMA

"İnstagram”, “Tvitter”, “Facebook” və digər sosial şəbəkələr mövcuddur. Biz yüz minlərlə izləyicisi olan “influencer” deyilik. Deməli, sosial şəbəkədə foto paylaşdığımız üçün heç kim bizə pul ödəmir. Bəs, niyə sosial şəbəkələrdə bu qədər vaxt keçirir və paylaşımlar edirik? SİA mövzu ilə bağlı araşdırma aparıb.

Bilirik ki, gözəl bir kadr əldə etdiyimiz zaman hamımız onu “İnstaqram”da paylaşmaq üçün səbirsizlənirik. Bədənimiz artıq o anda dopamin ifraz etməyə başlayır. İzləyicilərinizdən qarşılıqlı əlaqə aldığınız zaman sərbəst buraxılan bu kimyəvi maddə çox vaxt asılılıq ilə əlaqələndirilir. Bu səbəbdən sosial medianın bir növ asılılıq olduğunu söyləsək daha doğru olar.

Gündəlik söhbətlərimizin təxminən 30-40%-də özümüz haqqında danışırıq. Sosial mediada bu nisbət 80%-ə qədər yüksəlir. Öz fikirlərimizi bölüşmək çox vaxt başqa fikirləri dinləməkdən daha cazibədar olur.

Bizdə hər hansı bir məlumatı başqalarına ötürmək üçün fitri istək var. Buna görə də, internetdə rast gəldiyimiz hər cür maraqlı məzmunu paylaşmaq istəyimiz var.

Araşdırmalara görə, sosial media istifadəçilərinin 78%-i sevdikləri ilə ünsiyyət qurmaq üçün paylaşımlar edir. Hansı platformada olmağınızdan asılı olmayaraq şərhlər və “dm” vasitəsilə qarşılıqlı əlaqə qurursunuz. Bəzən bu qarşılıqlı əlaqə üçün hekayəyə alov atmaq kifayətdir, bəzən isə qarşılıqlı əlaqənin mövzusu ideyalar və ya ideologiyalar ola bilər.

5 dəqiqədən artıq sosial şəbəkələrsiz qala bilmirsiniz? İnternet və ya sosial şəbəkəyə daxil ola bilmədikdə, əsəbi olursunuz? Deməli, “ bəxtiniz gətirib” siz internetdən asılılıq xəstəliyinə yoluxmusunuz...

Dünyanın bir neçə ölkəsində internet asılılığı psixoloji xəstəlik kimi qeydə alınıb. Hətta, ABŞ universitetlərinin tədqiqatçıları “Addiction” jurnalında dərc etdikləri məqalədə internet asılılığını kimyəvi maddə asılılığı kimi qiymətləndirib.

Bu gün dünya əhalisinin 40%-i sosial şəbəkə istifadəçiləridir. Hər bir istifadəçi isə orta hesabla gün ərzində post və foto pylaşmağa, dostlarının paylaşımlarına münasibət bildirməyə 2 saat vaxtını sərf edir. Ancaq bu rəqəm göstəriciləri stabil deyil. Çünki sosial şəbəkələr sürətlə inkişaf edir və onun əhatə dairəsi daha da genişlənir. Hər gün məsafəsiz şəkildə, dostlarla ünsiyyət qurmaq, şəkil və video roliklər paylaşmaq gözəl hissdir. Lakin bu işlər həyatın əsas məşğuliyyətinə çevrildikdə həyacan təbili çalınmalıdır. Asılılıqdan əziyyət çəkənlər dərsdə, işdə, şəhərdə piyada və ya avtomobillə gəzərkən bir əlində telefon tutur və onu bir dəqiqə belə diqqətindən kənara qoymur. Əgər telefon, planşet evdə unudulsa, bir müddət işləməsə bu əsl dəhşətə çevrilir. Onlar özlərini dünyadan təcrid olunmuş, böyük bir boşluq içində hiss edirlər.

Mütəxəssislərin fikrincə, internet asılılığı iki əsas səbəbə görə yaranır:

  • Birincisi, sosial şəbəkələrdə aktiv olan istifadəçinin beyni müsbət emosiyalarla zənginləşir. Qarşısına çıxan gülməli post, şəkil və videolar, həmçinin, öz postlarına gələn “like”ların artması buna səbəb olur. Sosial şəbəkə istifadəçisi özünü necə istəsə, realda olduğundan, tamamilə fərqli biri kimi tanıda bilir.
  • İkincisi isə sosial şəbəkədə insan beyni qısa zamanda böyük informasiya alır. O, paralel olaraq, xəbərləri oxuya, dostları ilə fikirlərini bölüşə, musiqi dinləyə və sosial şəbəkələrdəki şəkilləri bəyənə bilər. Beyin belə bir prosesə sürətlə alışır. Bu prosesi isə mütəmadi olaraq, öz tələbatına çevirir. Gün ərzində alınan informasiyanı yadda saxlayıb “həzm” etmək diqqət və çoxlu zaman tələb edir.

Psixoloqlar bildirirlər ki, insanda asılılıq yaradan səbəblər, gördüyü işdən aldığı həzz olur. Beyin bu həzz hissinə alışır və mütəmadi olaraq, onu tələb edir. Bununla yanaşı, istənilən mənfi vərdişlər və asılılıqlar yaradan amillər əlçatan olanlardır. Sosial şəbəkələri də əlçatanlar növünə aid etmək olar. Sosial şəbəkə asılılığı bir sıra mənfi amillərə səbəb olur. Real həyata maraq azalır, diqqət zəifləyir, həssaslıq itir. Daimi şəkildə “Messenger”ə baxmaq, sosial şəbəkə lentini yoxlamaq insanları əsas iş prosesindən yayındırır.

Sosial şəbəkə asılılığından azad olmaq üçün, öncə onun varlığını etiraf etmək lazımdır. Əgər, bu asılılıqdan sərbəst şəkildə azad ola bilmirsinizsə, psixoloq və ya psixoterapevtə müraciət etməlisiniz.

Sosial media mütəxəssisi Orxan Rzayev: "Sosial şəbəkələrin insan həyatına çox ciddi şəkildə daxil olmasının səbəblərindən biri onun əlçatan olmasıdır. İnterneti olan istənilən şəxs sosial şəbəkələrdən istifadə edə, ödənişsiz şəkildə qeydiyyatdan keçə bilir. Buna görə də sosial şəbəkələr cəmiyyət arasında sürətlə yayılır. Digər səbəblərdən biri də sosial şəbəkələrin insana şəxsiyyət qazandırmasıdır. Bununla da sosial şəbəkələrin son 10-15 ildə bəşəriyyətin ab-havasını dəyişdiyini qeyd edə bilərik. İnsanlar sosial şəbəkədə bir status paylaşaraq digərlərinin diqqətini çəkə, eyni zamanda gələcəkdə də söz sahibi ola bilir.

Sosial şəbəkələr vasitəsilə insanlar məlumat əldə edə, iş axtara, hətta gələcək həyat yoldaşını belə tapa bilər. Bu da sosial şəbəkələrin müsbət tərəfləridir. Buna görə də sosial media bəşəriyyət üçün daim maraqlı olacaq. Onun müsbət tərəfləri ilə yanaşı mənfi tərəfləri də var. Bunlardan biri də asılılıq problemidir. Sosial şəbəkələrdən asılı olmaq insanın şəxsi həyatına, iş prosesinə də mənfi təsir göstərir. İnsanlar sosial şəbəkələr vasitəsilə mənfi vərdişlərə, etik olmayan davranışlara da yiyələnə bilirlər.

Hər şeyini, bütün yediyi-içdiyini sosial şəbəkəsində paylaşanlara gəlincə isə onların iki kateqoriyaya ayrıldığını deyə bilərik. Çünki bəzi insanlar food bloggerdir və yediklərini paylaşaraq onlar öz işlərini görmüş olurlar. Lakin digər bir qisim də var ki, sadəcə özlərini reklam etmək üçün və ya sosial şəbəkələri boş qalmasın deyə bu cür paylaşım edirlər.

İnsanlar öndə olmağı, başqaları tərəfindən bəyənilməyi sevir. Sosial şəbəkələr də insanlar üçün bu imkanı yaratdığı üçün bu qədər məşhurlaşıb. Daha sonra isə insanlar sırf bəyənilmək üçün etik dəyərləri kənara qoyaraq hər şeyi etməyə başladı. Hətta bu yolla pul qazanmağa da üz tuturlar. Bu sosial şəbəkənin mənfi tərəfidir. Amma bunları qeyd etməklə, sosial şəbəkələrin müsbət tərəflərini, düzgün istifadə edənlər üçün xeyrini də gözardı etməməliyik".

Sosial şəbəkə istifadəçiləri arasında kişilər qadınlarla müqayisədə üstünlük təşkil edir

Ümumiyyətlə informasiya kommunikasiya texnologiyalarından istifadə edənlər arasında gənclər yaşlılarla müqayisədə üstünlük təşkil edirlər. Aparılan tədqiqatların nəticələri də təsdiqləyir ki, sosial şəbəkədən kənd yerləri ilə müqayisədə şəhərlərdə yaşayanlar daha çox istifadə edirlər. Həmçinin ölkəmizdə sosial şəbəkə istifadəçiləri arasında kişilər qadınlarla müqayisədə üstünlük təşkil edirlər. Deməli, sosial şəbəkədən daha çox istifadə edən bu qruplar arasında asılılığın olması ehtimalı yüksəkdir. Gənclər əsasən əyləncə, ünsiyyət və gündəmi izləmək, özlərini təqdim etmək və məlumatlara çatmaq üçün sosial şəbəkələrdən istifadə edirlər. Bu isə nəticə etibarilə onların sosial şəbəkə asılılığına gətirib çıxarır.

Sosial şəbəkələrdən istifadə zamanı yaş həddi gözlənilməlidir

Yetkin insanlar sosial şəbəkələrdən istifadə imkanlarını müəyyən edə bildikləri halda, dünyagörüşü, psixikası tam formalaşmamış uşaqlar burada lazımsız, yaşlarına uyğun olmayan, onlar üçün hətta həyati təhlükə daşıyan informasiya burulğanına məruz qala bilərlər. Şəbəkələrin təyin etdikləri qaydalara əsasən, platformalardan istifadə edənlərin minimum yaş həddi 13 olmalıdır. Lakin bu belə olmur. Odur ki, sosial şəbəkələrlə bağlı narahatlıq doğuran məqamlar yaranır. Bu narahatlıqların ən başlıcası sosial şəbəkə istifadəçiləri arasında uşaqların, hətta azyaşlıların çox olmasıdır. Ən böyük narahatlıq isə odur ki, sosial şəbəkə istifadəçiləri arasında azyaşlıların sayı durmadan artır.

Bəs bu ucsuz-bucaqsız kəhkəşanda uşaqlarımızı hansı təhlükələr gözləyir? Onları necə qorumalıyıq? Valideynin, müəllimlərin, cəmiyyətin üzərinə hansı öhdəliklər düşür? Bununla bağlı zəruri qanunvericilik bazası varmı və biz bunları bilirikmi?

Uşaqlar təbiətləri etibarilə gördüklərinə, onlara təqdim edilən hər şeyə saf hisslərlə yanaşırlar. Ətrafda nə varsa, hamısını sanki həqiqətmiş kimi qəbul edirlər. Çox zaman da aldanırlar. Həkim, uşaq inkişafı və reabilitasiyası üzrə mütəxəssis Ülviyyə Mirzəyeva söyləyir ki, sosial şəbəkələr gündəlik istifadə etdiyimiz, həyatımızı onsuz təsəvvür etmədiyimiz bir faktordur. "İstər böyüklər, istərsə də uşaqlar üçün onun müsbət və mənfi tərəfləri var. Məsələn, uşaqlar sosial şəbəkələrdə gördüklərini əksər hallarda tam anlaya bilmirlər. Bunun reallıq olduğunu düşünərək o şəkildə hərəkət etməyə çalışırlar. Burada tanımadığımız şəxslər çoxdur. Valideynlər mütləq diqqətli olmalı, yetkinlik yaşında onlarla həssas davranmalıdırlar. Uşaqlar müxtəlif təsirlərə məruz qala bilərlər - cinsi istismardan tutmuş maddi istismara qədər. Valideynlərlə övladları arasında sağlam münasibət, inam, güvən olmalıdır. Nəzarətsiz qalanlar üçün təhlükələr daha çoxdur. Valideynlər uşaqlarını güvənlərini sarsmadan daim nəzarətdə saxlamalı, onlara məsləhət və yönləndirmələri ilə dəstək olmalıdırlar".

Bəs bizi asılı hala salan bu “xəstəliyin” səbəbi sosial şəbəkələr həyatımızda olmasa nələr baş verər?

1.Beyniniz daha az “ölü” halda olacaq.


Hər dəqiqədən bir səhifələri yeniləyəndə, ona aludə olanda ətrafınıza diqqət ayırmırsınız. Artıq hər şey o həddə gəlib ki, gəzməyə çıxanda, maraqlı yerlərə gedəndə, bunlari həqiqətən də yaşamaq əvəzinə insanlar bir saniyə də gözlərini telefondan çəkmirlər. Bəzən elə olur ki, tutaq ki, bir neçə rəfiqə görüşür, hər hansı kafedə oturub vaxt keçirdirlər Bunların hərəsinin instagramda, facebookda bir-birilərini “feeling happy with filankəs” yazıb “tag etməklərini” gördükdə ilk öncə elə təəssürat yaranır ki bunlar həqiqətən də kafedə bir yerdə çox “happy” (xoşbəxt) vaxt keçirirlər, maraqlı söhbətlərdən, bir-birilərini görməkdən mənəvi zövq alırlar. Amma onların bir-birilərini tag etdikləri anda üzlərindəki mimikanı və “feeling happy” yazısını müqayisə edəndə anlayırsan ki, elə bil bu görüşün elə əsas məqsədi sadəcə “İnstagram”da, “Facebook”da şəkil qoyub bunu hamıya bəyan etməkdən başqa bir şey deyil.

2.Daha faydalı işlərə vaxt ayıra bilərsiz

Sosial şəbəkələr insanın vaxtını çox alır. Siz özünüzdən asılı olmadan hər dəfə səhifələri yeniləməklə dəhşətli vaxt itkisinə məruz qala bilərsiz. Siz bu vaxtı daha səmərəli işlərə sərf edə bilərsiz. Məsələn, bu vaxtı sizə əziz olan insanlara sərf etməklə münasibətləri da möhkəm edərsiz. Dostlarla vaxt keçirib problemləri müüvəqqəti də ols unuda bilərsiz. Özünüzü formada saxlamaq, gümrah olmaq üçün idmanla məşğul olmaq olar, bir halda ki idmanın verdiyi sağlamlığı, faydanı sosial şəbəkələr verə bilməz.

3.Sizin üçün kimin əsl dost kimin “kim” olduğunu anlaya bilərsiz.

İnternetdə dost olmaq çox maraqlı və asandır. Kiminsə şəkil və statuslarını “like” etmək, komment yazmaq bəs edir. Onların sizin şəkillərinizi, statuslarınızı “like” etməyə, “canım”, “janım”, “djanım”, “ super foto” saysız hesabsız ürəklər, öpücüklər, smayliklər qoymağa sərf etdikləri 5-10 saniyə sizdə elə aldadıcı təəssüratlar yarada bilər ki, siz onların hamısının sizinlə maraqlandığını, sizin onlar üçün dəyərli olduğunuzu düşünə bilərsiz. Həmin sosial şəbəkələrdə bir müddət olmasanız, onlardan bir çoxu sizin həyatınızdan səssizcə yox olacaq.

4.Onda anlayacaqsız ki “like” əslində heç bir məna daşımır.

LİKE artıq faktiki simpatiyanı əks etdirmir. Like artıq daha çox “mən sənin paylaşmanı gördüm” funksiyasının göstəricisidir. Bəziləri üçün hətta onları görmək o qədər vacibdir ki, like-ları görmədikdə depressiyaya belə düşə bilirlər.

5.Anlayacaqsız ki, sosial şəbəkələrdə etdiklərinizin çoxu kimlərinsə sadəcə gəlirlərinin daha da artmasına istiqamətlənmiş məqsədyönlü manipulyasiyadır.

Təbii ki sizi sosial şəbəkələrdə sevən insanlar var, sevənlərdən də çox sizin onlar üçün heç bir əhəmiyyət kəsb etmədiyiniz insanlar da var. Mark Zükerberq üçün siz sadəcə onun nəhəng məlumatlar bazasında mövcud bir rəqəmsiniz. Sizin vəzifəniz reklam və elanları izləmək, oyunlara külli miqdarda pul xərcləmək və varlıları daha da varlı etməkdir. Əslində sizə nə olursa internetdə bu heç kimi maraqlandırmır.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə