Qüsurlu reytinq, yoxsa ictimai maraq? - ARAŞDIRMA

Televiziya həyatımızın güzgüsüdür. Tamaşaçılar neçə illərdir ki, efir məkanında ciddi şəkildə nəzərə çarpan çatışmazlıqlardan, teleradiolardakı neqativ halların milli-mənəvi dəyərlərimizə mənfi təsirindən narahatlıq hissi keçirirlər. Düzdür, bu barədə ara-sıra da olsa, bəzi mətbuat orqanlarında ziyalı sözünə, rəyinə rast gəlinirdi. Amma etiraf edək ki, bu, məsələnin həllinə o qədər də müsbət təsir göstərmir. Bəs, efir məkanı niyə korlanır? Efir mədəniyyəti necə olmalıdır? SİA mövzu ilə bağlı araşdırma aparıb.

Cəmiyyət hər zaman müxbirləri, aparıcıları söz sərrafı kimi qəbul edib. Çünki onların "çörəyi sözdən çıxır”. Bir dərzi paltarı tikərkən yaxşı parçadan istifadə etməyə, işlədiyi alətləri saz vəziyyətdə saxlamağa, biçib-tikərkən səhv etməməyə səy göstərirsə, aparıcılar da sözlə bu qədər ehtiyatlı olmalıdır. Əlbəttə, səlis, nümunəvi nitqə sahib olan aparıcılarımız var. Amma aparılan monitorinqlər göstərir ki, zəif söz ehtiyatına sahib, etik normaları pozan, orfoepik qaydaları bilməyən, jarqon və parazit ifadələri efirə gətirənlər də az deyil. Hər kəs bacardığı işlə məşğul olanda, daha çox uğur qazanır. Dili bilmək və onu danışıq prosesinə çevirmək aparıcının yeganə silahıdır. Əgər bu silahla davranmağı bacarmırsa, onun uğurlu olması mümkün deyil.

Söz azadlığı, yoxsa mədəniyyətsizlik?

Bir çox hallarda söz azadlığı, fikir plüralizmi yanlış anlaşılır. Xüsusilə televiziyalarda söz azadlığı, fikir plüralizmi ilə bir araya sığmayan anormallıqlara tez-tez rast gəlmək olur. Əksər proqramlar isə baxılmalı vəziyyətdə deyil. Çünki efirə dəvət olunan qonaqlar tamamilə efir mədəniyyətindən uzaq adamlar olurlar. Mövzu ilə bağlı müstəqil fikir yürüdə bilmirlər. Efir etikasına uyğun olmayan nalayiq ifadələr işlədirlər. Veriliş ərəfəsində işlətdikləri sözlərə fikir vermirlər. Xüsusilə də belə hallar canlı yayımlar zamanı baş verir.

Telekanallar isə bildirirlər ki, canlı efirdə belə halların qarşısını almaq müşkül məsələdir. Halbuki televiziyalar qonağı tamaşaçı qarşısına çıxarmamışdan öncə onun hansı mədəniyyət sahibinə malik olduğunu bilməlidir. Çox təəssüf ki, veriliş efirə getsin deyə hər yoldan ötəni qonaq qismində verilişlərə dəvət edirlər. Bu isə ilk növbədə, tamaşaçılara qarşı hörmətsizlikdir.

Hər kəs bilməlidir ki, efirdə nalayiq ifadələrdən istifadə etmək, vulqar sözlər söyləmək yasaqdır. Tamaşaçı qarşısına çıxan hər kəs nümunəvi olmalıdır ki, seyirçilər də onlardan örnək götürsün. Ona görə də ilk növbədə telekanallar efirə kimi çıxardığını bilməlidir, xalqa qarşı sayğısızlığa yol verməməlidirlər. Verilişdə iştirak edən hər bir qonaq yüksək efir mədəniyyətinə malik olmalı və bütün etik normalara əməl etməlidir. Nəzərə alsaq ki, şou xarakterli proqramlara daha çox gənc nəsil baxır, o zaman efir mədəniyyətinə uyğun olmayan kəlmələrin səslənməsi həmin gənclərin tərbiyəsinə hansı formada təsir edə bilər?

Bütün Azərbaycan tamaşaçısı televiziyalarımızdan narazıdır. Azərbaycan tamaşaçısının ən populyar sözü “biz Azərbaycan televiziyasına son 2-3 ildi baxmırıq” cümləsidir. Kimi dindirirsən, bunu deyir

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu: "Ümumiyyətlə, aparıcılarla bağlı televiziya jurnalistikasında konkret standartlar var. Bu standartlar ilk növbədə onu tələb edir ki, aparıcılar təqdim etdikləri verilişin təbiətinə, formatına, mövzusuna hakim olsun. Bu çox önəmli məqamdır. Çünki verilişi baxımlı edən yalnız qonaqlar deyil, eyni zamanda aparıcısıdır. Ona görə də bu, önəmli şərt kimi götürülür.

Təəssüf ki, Azərbaycanda bu bir qədər səhv başa düşülür. Hətta şou proqramlarında ifrat dərəcədə müəyyən məqamların nəzərə alınmadığının şahidi oluruq. Eyni zamanda, verilişin təbiətinə uyğun olmayan məqamların yaşandığını görürük. Bu səbəbdən də haqlı narazılıqlar baş verir.

İstənilən halda bunun efir mədəniyyəti və etikası ilə bağlılığı var. Nəzərə almaq lazımdır ki, televiziya hər zaman auditoriyası hər zaman geniş olan bir kütləvi informasiya vasitəsidir. Müxtəlif yaş kateqoriyasına aid olan insanlar onu izləyir, evimizə kimi daxil olur.

Bu mənada efir mədəniyyəti onu tələb edir ki, bütün bu incəliklər nəzərə alınmalıdır".

Televiziyalar ən çox nə proqramları hazırlayır?

Azərbaycanda ümumölkə yerüstü televiziya yayımında olan kanalların 2023-cü ilin noyabr ayında informasiya və analitik proqramların özəl çəkisi ən çox olmaqla ümumi payın 25 faizini təşkil edib. Bu barədə Audiovizual Şuranın təqdim etdiyi televiziya proqramlarının janrlar üzrə bölgüsü və hər bir kanal üzrə ayrı-ayrılıqda statistikasında qeyd olunub.

Statistikaya əsasən, reklam və sponsor proqramları 16,6 %, idman 15,3 %, musiqi və əyləncə janrında olan proqramlar 12,1 %, mədəni-maarif janrında olan proqramlar 9,7 %, sosial yönümlü proqramlar 5,7 %, bədii filmlər 3,9 %, anons və elanlar 3,4 %, seriallar (xarici istisna olmaqla) 2 %, sosial reklamlar 0,8 %, cizgi filmləri və bədii filmlər (yerli istehsal) 0,6 %, teleticarət xarakterli proqramlar 0,5 %, uşaq proqramları 0,4 % təşkil edib.

Problemi necə aradan qaldırmalı

İnsanlar nəyinsə fərqində olanda mütləq çıxış yolu axtarırlar. Son dövrlərdə nəinki aparıcılar, tamamilə fərqli sahələrdə illərdir çalışan, karyerasında ciddi uğurlar əldə edən insanlar da diksiya təlimlərinə qatılır. Bir insan nə qədər bilik və bacarıq sahibi olsa da, bildiyini düzgün ifadə etməyi bacarmasa, kölgədə qalacaq. Ara-sıra ali məktəblərdə seminarlara dəvət olunuram. 1 saatlıq seminar bəzən tələbələrin öz istəyi ilə 3 saata yekunlaşır. Əsas məsələ sevdirməyi bacarmaqdır. Misal üçün, saatlarla nəzəriyyə oxumaqdansa, ağız tənbəlliyini necə aradan qaldırmağa aid bir-iki məşqi elə yerindəcə göstərmək daha faydalıdır. Yaxud ömrü boyu nəfəs alanda sinəsi qabaran insanlar o seminarda əslində, diafraqmadan nəfəs almanın faydalarını öyrənir və elə oradaca məşqə başlayır. Təklifə gəlincə, diksiya dərslərini öyrədən mərkəzlərə maddi sıxıntı ucbatından çox adam qatıla bilmir. Yaxşı olardı ki, pulsuz təlim mərkəzi yaradılsın. O zaman hər kəs, xüsusilə də aparıcılarımız ora qatıla bilərlər.

Bəs belə proqramlara baxan uşaqlar sabah hansı tərbiyə sahibi ola bilər? Ona görə də zaman-zaman uşaq televiziyalarının yaradılması məsələsi ortalığa atılır. Belə bir kanalın açılmasının vacibliyi tez-tez vurğulanır. Çünki uşaqlarla bağlı cizgi filmlərinin, verilişlərin sayı həddən artıq azdır. Bu baxımdan da belə bir kanalın açılması zəruri hesab olunur. Telekanallarımız illər boyu əldə etdikləri nailiyyətləri zaman-zaman əldən verirlər. Bu baxımdan da kanallarımız tamaşaçı auditoriyasını itirib.

Qardaşımızdan öyrənəcəyimiz hələ çox şey var...

Hazırda Türkiyənin televiziya sektoru dünyada aparıcı ölkələr arasındadır. Televiziya Türkiyədə ən əsas kommunikasiya vasitəsidir. Ölkə ərazisində yerüstü, peyk, kabel, internet televiziyası fəaliyyət göstərir.

Türkiyənin televiziyaları bizim televiziyalardan xeyli dərəcədə üstündür. Istər kameramanlar, istər prodüserlər, istər reportyorlar, istər moderatorlar səviyyəsində bu fərq özünü göstərir. Bizim Türkiyə televiziyalarından öyrənməli olduğumuz çox şey var.

Bizim televiziyalar Türkiyə televizyalarında başqa şeylər də öyrənə bilər. Bura sənədli filmlər, jurnalist araşdırmları, canlı yayım, telexəbər biçimləri, prodüser işi və s. daxildir. Televiziyalarımız Türkiyə televiziyalarının təcrübəsindən yarralanaraq öyrənə bilərki, prodüser komandanı necə seçir, maliyyəni necə tapır, auditoriya ilə işi necə qurur, peşəkarlığa necə nail olur və s.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə