"Sosial şəbəkələrlə savaşmaq küləklə savaşmağa bənzəyir" - SOSİOLOQ FİKİR BİLDİRDİ

"Hazırda biz rəqəmsal cəmiyyətdə yaşayırıq. Yəni, internetsiz, sosial şəbəkələrsiz yaşamaq mümkün deyil. Biz bunları maksimum dərəcədə praqmatik məqsədlərlə istifadə etməliyik. Amma sosial şəbəkələrin, o cümlədən, "Tiktok" platformasının müəyyən fəsadları da var. Hətta bu fəsadlar o dərəcədədir ki, bəzi ölkələrdə bu sosial şəbəkənin istifadəsini qadağan ediblər". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib.

Onun sözlərinə görə, baxmayaraq ki "Tiktok" Çinin ərsəyə gətirdiyi bir platformadır, orada bu sosial şəbəkənin özü deyil, analoqu istifadə olunur: "Amma Çin bu sosial şəbəkəni başqa ölkələrə yönləndirir. ABŞ haqlı olaraq Çinə qarşı belə bir iddia irəli sürür ki, "Tiktok" sosial şəbəkəsi vasitəsilə insanların təhlükəsizliyi təhdid olunur. Yəni, bu platforma vasitəsilə insanlar haqqında data əldə olunur, beləliklə onların informasiya təhlükəsizliyi təhdid altına alınır. Hətta bununla bağlı Çin-ABŞ münasibətlərində soyuqluq da yaranmışdı.

Digər məqam isə ondan ibarətdir ki, "Tiktok" və digər sosial şəbəkə vahidləri uşaqların sağlamlığına təsir göstərərək onlarda fraqmental düşüncə yaradır. Bu sosial şəbəkədən istifadə edən insanlarda məntiqi və analitik təfəkkür zəif olur. Məsələn, Çində uşaqlar üçün "Tiktok"un analoquna belə sadəcə 40 dəqiqə istifadəyə icazə var".

Sosioloq sözlərinə davam edərək bildirib ki, bu sosial şəbəkənin böyüklər üçün də mənfi təsirləri var: "Müşahidələr göstərir ki, sosial şəbəkə istifadəçilərinin enerjiləri tükənir, əmək qabiliyyətləri aşağı düşür. Ona görə də Çində gecə saat 10-dan, səhər saat 8-ə kimi böyüklər üçün də "Tiktok"un analoqundan istifadə qadağandır. Bəzi Avropa ölkələrində məmurlara, dövlət qulluqçularına sosial şəbəkələrdən, xüsusilə də "Tiktok"dan istifadə qadağan edilib. Məsələn, Almaniyada 2017-ci ildə sosial şəbəkə operatorları ilə müqavilə bağlanıb ki, burada saxta addan istifadə edənlərə qarşı mübarizə aparmaq üçün həmin istifadəçilərin kimliyi hüquq-mühafizə orqanlarına bildirilsin. Oxşar təcrübədən Fransa və digər ölkələr də istifadə edir.

Qardaş Türkiyədə də sosial şəbəkələrin fəaliyyətini tənzimləyən qanun qəbul olunub. Güman edirəm ki, Azərbaycanda da belə bir qanuna ehtiyac var. Çünki ölkəmizdə də bu sosial şəbəkələrdən istifadə zamanı həm hüquqa, həm də əxlaqa zidd davranışlar sərgilənir. İstifadəçilər elə düşünürlər ki, virtual aləmdə olduqları üçün heç kim onlara nəzarət edə bilməz, istədikləri adamı təhqir edə, alçalda bilərlər. Amma real həyatda insanların hüquqa və əxlaqa zidd davranışları kimi, virtual aləmdə etdiyi hərəkətlər də məsuliyyət yaradır. Bir neçə fakt deməyə əsas verir ki, Azərbaycanda hüquq-mühafizə orqanları saxta adlarla qeyri-etik davranış nümayiş etdirən istifadəçiləri hüquqi məsuliyyətə cəlb edirlər. Ona görə də cəmiyyət bu məsələ ilə bağlı maarifləndirilməlidir".

"Bundan əlavə, Azərbaycanda da sosial şəbəkələrin fəaliyyətini tənzimləyən ayrıca bir qanuna ehtiyac var. Doğrudur, "Media haqqında" qanunun 10 və 14-cü maddələrində sosial şəbəkə seqmenti ilə bağlı tənzimləmə qaydaları var. Eyni zamanda, dövlət başçısının imzaladığı "Uşaqların zərərli informasiyalardan qorunması ilə bağlı" qanunda var. Amma bütövlükdə sosial şəbəkə vahidlərinin fəaliyyəti varsa, ona uyğun ayrıca qanun da olmalıdır. Əslində, sosial şəbəkə vahidləri faydalı platformalardır. İnsanlar onlar üzərindən öz işlərini, ticarətlərini, bizneslərini həyata keçirirlər. Ona görə də insanlar bu barədə ətraflı məlumatlandırılmalıdırlar ki, sosial şəbəkələrdən düzgün istifadə etsinlər. Çünki biz onun istifadəsini qadağan edə bilmərik. Çünki sosial şəbəkə reallığı qlobal bir reallıqdır. Sosial şəbəkələrlə savaşmaq küləklə savaşmağa bənzəyir. Sadəcə biz sosial şəbəkələrdən düzgün istifadə imkanlarını cəmiyyətə aşılamalıyıq",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə