“Heyvanlar heç bir emosiyalarını gizlətmirlər” - AYDINLIQ GƏTİRİLDİ

“Heyvanlara bağlılıq təkcə müasir dövrün deyil, eyni zamanda əvvəlki dövrlərdə də insanlarda müşahidə olunan asılılıq növlərindən biridir. İlk öncə onu vurğulamaq istərdim ki, heyvanları sevmək və onlara qayğı göstərmək çox gözəl bir vərdişdir. Ələlxüsus xüsusi qayğıya ehtiyacı olan uşaqların heyvanlarla dostluğu, onlarla bağ qurması da dəyərli və faydalıdır”. Bu sözləri SİA-ya açıqlamasında Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova deyib.

Psixoloq bildirib ki, heyvanlar heç bir emosiyalarını istər sevgilərini, istərsə də kədər və aqressiyalarını gizlətmirlər: "Məsələn: pişiyə kobud rəftar etsək, ona aqressiv davransaq o özünü müdafiə mexanizminə keçəcək özünü bizdən qorumaq üçün fəndlər edəcək və o da bizə aqressiv yanaşacaq. Əksinə ona sevgi dolu yaxınlaşsaq, başına sığal çəksək bizi hər görəndə mırıldayacaq, bizə yaxınlaşacaq. Ona görə də depressiv vəziyyətdə olan insanlara ev heyvanları saxlamaq tövsiyyə olunur. Heyvanlarla bağ qurmaq, onlarla əylənmək, onlara qayğı göstərmək insanların depressiyadan qurtulmasına təsir edən faktorlardan biridir. Zaman keçdikcə insan bəslədiyi, qayğısına qaldığı ev heyvanı ilə emosional bağ qurur, sanki onu öz övladının yerinə qoyur. Xüsusən də qadınlarda analıq hissi çox güclü olduğuna görə, ev heyvanlarına qarşı hədsiz bağlılıq onlarda daha çox görülən haldır. Bu da qeyd etdiyim kimi, qadının təbiəti ilə bağlı bir duyğudur, sanki o heyvanı öz övladı kimi sevir. İnsan zəhmətini sevir, ev heyvanını nə qədər bəsləsə, nə qədər baxsa onu o qədər çox sevməyə, bağlanmağa başlayır.

Ancaq bir çox insanlar üçün heyvanları məsələn: itləri, quşları, pişikləri bəzən həyatda əvəzolunmaz bir elementdir. Bəziləri evsiz, maşınsız və ya ailəsi, yaxınları olmadan yaşaya bilər, lakin heç vaxt sevimli heyvanı olmadan yaşaya bilməz. Şöhrət zirvəsinə, cəmiyyətdə müəyyən yerə çatmış insanlar arasında heyvanlara hədsiz bağlılıq müşahidə edilir. Xüsusən də kino və səhnə dünyasının məşhurları arasında pişik asılılığının olması hallarına rast gəlinir. Bu bağlılığın, hədsiz sevginin diqqət çəkən bir tərəfi də var. Bu,“tənhalıq, heçlik qorxusu, sevgisizlik və dünyaya qarşı müdafiə mexanizmi yaratmaq” formasıdır. Kimisi bu boşluğu idmanla, kimisi yemək bişirməklə, kimisi normadan çox yemək yeməklə, kimisi də ev heyvanına hədsiz bağlılıqla doldurur.

Ümumiyyətlə, heyvanlara hədsiz dərəcədə çox bağlanan insanlar sosial həyatda ünsiyyət problemi, ünsiyyəti az olan insanlardır. Çünki düzgün bölən, ailəsinə, ətrafına, işinə doğru şəkildə zaman ayıran insan heyvana patalogiya səviyyəsində, yəni hədsiz dərəcədə bağlı olmur. Əgər bir insan normadan çox bir ev heyvana bağlıdırsa, hətta bu heyvana görə uzaq səyahətə çıxmırsa, onu yedizdirmək üçün büdcəsinə uyğun davranmırsa, xəstələnəndə saatlarla ağlayırsa, özünü günlərlə pis hiss edirsə, ailəsinə diqqət göstərmirsə bu doğru hal deyil. Belə ki, artıq onun heyvana qarşı sevgisi asılılığa çevrilmişdir. Çünki, nəhayətində bu onun həyat fəaliyyətinə təsir göstərir. Belə hallarda mütləq şəkildə psixoloq dəstəyi alınmalıdır. Əks halda bu proses uzun müddət davam edərsə insanın patalogiya səviyyəsində bağlı olduğu heyvanı öldükdə bunun sonu insanın intihar etməsinə qədər gətirib çıxara bilər. Əgər bir insan xəstəlik dərəcəsində hədsiz şəkildə ev heyvanına bağlıdırsa, heyvanını itirmə qorxusu yaşayırsa, demək olar ki, hər anını heyvanı ilə birlikdə keçirirsə onun həyatında güvənəcəyi bir insan, dostu yoxdur.”

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə