Boşanmaq qərarına birinci kim gəlir - qadın, yoxsa kişi? - AYDINLIQ GƏTİRİLDİ

Azərbaycan ailələrində boşanmaq qərarına birinci kim gəlir - qadın, yoxsa kişi? SİA mövzu ilə bağlı araşdırma apararkən məlum olub ki, 55 faizi qadın, 45 faizi kişi olmaqla, 19-50 yaş arasında olan 120 respondent arasında aparılmış tədqiqat zamanı məlum olub ki, respondentlərin coxu - 24,6 faizi evləndikdən iki il sonra, 23 faizi evliliyin ilk 6-12 ayında, 21,3 faizi evləndikdən 7-9 il sonra boşanma qərarına gəlib. Tədqiqatlar nəticəsində boşanma qərarının daha çox qadınlar tərəfindən verildiyi məlum olub.

Sosioloq Əbülfəz Süleymanlı mövzu barədə bildirib ki, istər nikahların bağlanması, istərsə də pozulmasına insanların yaşadıqları dövr, həmin dövrün siyasi, iqtisadi, mənəvi-psixoloji amilləri böyük təsir edir: "Evlilik həyatının uğurunu və uğursuzluğunu səciyyələndirən amillərdən bir də evlilik illəridir".

Onun sözlərinə görə, elmi ədəbiyyatda bütün ölkələr üzrə ailə həyatı üçün dörd dövr təhlükəli hesab olunur: "Bunlardan birincisi nikahdan sonrakı ilk aylar, yəni bal ayının sonları, ikincisi, qeyri-sabit olan ailə həyatının üçüncü ilinin sonudur. Ailə həyatı üçün üçüncü təhlükəli dövr problemsiz və monoton keçən 7-ci ilin sonunda, sonuncusu isə evliliyin kifayət qədər inkişaf etmiş bir dövründə - 15-ci ilə təsadüf edir. Hər altı cütlükdən biri bu dövrlərdə ailə problemi ilə üzləşirlər. Tədqiqatın nəticələri zamanı da bu fərziyyənin özünü doğrultduğu görünür. İnsanların 36,1 faizi məhz evliliyin ilk üç ilində, 21,3 faizi isə 10-12 ilində nikahlarını pozurlar".

Ə.Süleymanlı vurğulayıb ki, boşanmış cütlüklərin təhsil fərqləri də olur: "Boşanmış qadınların keçmiş həyat yoldaşları arasında ali təhsillilərin sayı daha çoxdur. Ər-arvadın təhsil fərqi istər-istəməz bu amilin sonrakı dövrdə anlaşmazlığın bir səbəbi kimi ortaya çıxma ehtimalını gücləndirir. Boşananlar arasında Bakıda doğulanların sayı çoxluq təşkil edir. Bu isə onu göstərir ki, şəhər mühitində böyüyən insanların problemlərə dözümlülüyü nisbətən zəif olur. Eyni zamanda, şəhərdə əyalətlərlə müqayisədə ictimai nəzarətin zəif, stress hallarının yüksək olması və işləyən qadınların sayının daha çox olması boşanmaya səbəb olan amillər sırasındadır".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə