Azərbaycan kiberhücumlara hazırdırmı? - ARAŞDIRMA

Azərbaycanla Ermənistan arasında çıxan gərginliklər və "soyuq müharibə" hərbi arenada davam etdiyi kimi "kiber arena"da da davam edir. Onlar tez-tez bizim dövlət qurumlarımızın, rəsmi orqanların saytlarına hücum edir. Belə hücumların qarşısı bir çox halda alınsa da, təhlükə hər zaman aktual qalır. İstənilən dövlətin rəsmi orqanının, nazirliklərinin adicə saytlarına belə hücum olunması çox dəhşətli nəticələrə gətirib çıxara bilər. Hələ məlumat bazalarına, dövlət əhəmiyyətli məlumatların saxlanıldığı yerlərə hücumun nəylə nəticələnə biləcəyindən danışmıram.

Sözsüz ki, dövlətimiz bu məsələylə bağlı çox ciddi tədbirlər alır. Müxtəlif addımlar atır. Ancaq unutmaq olmaz ki, bu təhlükə hər an bizi düşmən kimi addımbaaddım izləyir. Siravi vətəndaşlarla yanaşı, dövlət rəsmiləri, dövlət qulluqçuları bu məsələyə çox diqqətlə yanaşmalıdır. Mobil cihazlarının, komputerlərinin yaddaşında rəsmi dövlət saytlarının, "database"lərinin şifrəsi olan işçilər etibarsız linklərə girməməli, öz elektron cihazlarını daim nəzarətdə saxlamalı, şifrələrini heç kəslə paylaşmamalıdır.

Bütün bunlar ağlımıza müəyyən suallar gətirir. Azərbaycan kiberhücumlardan dövlət səviyyəsində necə qorunur? Bununla bağlı hansı addımlar atılır? Kiberhücum qanun çərçivəsində necə dəyərləndirilir.
Məsələni daha dərindən araşdırmaq üçün "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzdən açıqlama aldıq. Həmin açıqlamanı təqdim edirik: "Bu yaxınlarda Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyi arasında kibercinayətlərlə bağlı səlahiyyətlərin konkretləşməsi yönündə addımlar atıldı. Bununla yanaşı Cənab Prezidentin əmri nəticəsində Daxili İşlər Nazirliyi yanında "Kibercinayətkarlığa qarşı Mübarizə Baş İdarəsi" yaradıldı. Bu da atılan müsbət addımlardan biridir.

O.Gündüzün sözlərinə görə, Dövlət Təhlükəsizlik Xidməti daha çox milli təhlükəsizlik mahiyyəti daşıyan kibercinayətlərə diqqət yetirməli, digər bütün kibercinayətkarlar , kiberxuliqanlıq, kiberdələduzluq və s. kimi məsələlərlə Daxili İşlər Nazirliyinin adıçəkilən qurumu məşğul olmalıdır: "Eyni zamanda ötən il "kritik informasiya strukturu" deyilən yeni bir anlayışlar qanunvericiliyə gəldi. Artıq Nazirlər Kabineti vacib dövlət qurumlarını müəyyən edəcək. Hansı ki o qurumlar kritik qurumlardır. Yəni onların məlumat sisteminə, məlumat bazasına nəsə olarsa çox sayıda insan bundan ziyan çəkəcək. Onun da adı "kritik informasiya strukturu" qoyuldu. Ona da əsasən Dövlət Təhlükəsizlik Xidməti və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizlik Dövlət Xidməti cavabdeh olacaq. O istiqamətdə də xeyli işlər görülüb. Düşünürəm ki, bu sahədə kadrların hazırlanmasında xeyli irəliləyiş var. Bu istiqamətdə qanunvericiliyi daha da təkmilləşdirmək, kadrların hazırlanmasını sürətləndirmək və maarifçilik işlərini gücləndirmək daha doğru olar".

İndiysə gəlin görək bayaqdan haqqında danışdığımız kiberhücum nədir?

Kiberhücum kompüterə və ya hesablama sisteminə icazəsiz giriş əldə etməklə məlumatların oğurlanması və sistemin işinə zərər vurmaq məqsədi ilə həyata keçirilən aktdır. Bu cür halların qarşısını almaq üçün tədbir görmək üçün kiberhücumun nə olduğunu və onun növlərini öyrənmək vacibdir.

Kiberhücum, fokuslanmış sistemin çatışmazlıqlarını aşkar edərək və icazəsiz məlumat əldə etmək və ya dəyişdirməklə hesablama sisteminə hücum kimi səciyyələnir. Kiberhücumlar qeyri-qanuni olaraq müxtəlif ölçülərdə, fərdlər, qurumlar və dövlətlər arasında həyata keçirilir. Məlumatı oğurlamaq, dəyişdirmək hətta məhv etmək üçün istifadə edilən kompüter və internetə əsaslanan icazəsiz giriş üsulları birlikdə "Kiber Hücumlar" kimi tanınır.

Kiberhücumun məqsədi nədir?

Kiberhücumların ən çox bilinən məqsədi maliyyə mənfəəti üçün şəxsi məlumatların (şəxsiyyət, kredit kartı və ünvan məlumatları) toplanmasıdır. Bununla belə, siyasi və rəqabətli hücumlar sistemlər vasitəsilə də baş verə bilər.

Fazil Mehdixanlı

Bütün xəbərlər Facebook səhifəmizdə