Əmək müqavilələrinin elektron versiyaya keçməsinin əhəmiyyəti nədən ibarətdir? - ARAŞDIRMA

Əmək müqaviləsi üzrə işləyən işçi üçün vacib olan onun həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin etməkdir. İşçi əmək şəraitində çalışmaq, habelə belə şəraitin yaradılmasını tələb etmək hüququ əldə edir. Müqavilə həmçinin işçiyə qanunvericiliklə müəyyən edilmiş iş vaxtı müddətində çalışmaq, minimum əmək haqqından aşağı olmayan əmək haqqı almaq, iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqı almaq və ya onun verilməsini tələb etmək hüququ verir.

Araşdırmalar göstərir ki, qeyri-rəsmi formada, əmək müqaviləsi yaradaraq işlərin görülməsinə cəlb edilən insanlar onlara heç bir istirahət və məzuniyyət günləri verilmədən işlədilirlər. Əmək müqaviləsi üzrə çalışan işçilər isə Azərbaycan Respublikasının Əmək Məcəlləsində müəyyən olunmuş həftələrarası istirahət günlərindən, minimum müddətdən az olmayan ödənişli əsas və əlavə əmək məzuniyyətlərdən, müvafiq hallarda sosial, ödənişli yaradığılıq və təhsil, eləcə də ödənişsiz məzuniyyətlərindən istifadə etmək hüquqlarına malikdir.

Əmək müqavilələrinin elektron versiyaya keçməsinin əhəmiyyəti nədən ibarətdir?

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Bəzən şirkətlər heç bir əsas olmadan müddətli müqavilələr bağlayırlar ki, müqavilə başa çatdıqda işçini sərbəst şəkildə işdən azad etsinlər. Tez-tez bunu çətin maliyyə vəziyyəti olan firmalar edir. Müəyyən müddətli müqavilələrin köməyi ilə tərəflərin razılığı ilə işdən çıxarıldıqda kompensasiyaya qənaət etməyə çalışırlar. Lakin qanun belə uzaqgörənliyi xoş qarşılamır.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin birinci bəndinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.

Məhz e-imza işəgötürənin işçi ilə imzaladığı və möhür ilə təsdiq etdiyi əmək müqaviləsinin sistemə daxil edilərkən eyni hüquqi qüvvəni saxlamasını təmin edir. Sistemdə işəgötürən tərəfindən təsdiq edilmiş hüquqi qüvvəyə malik əmək müqaviləsi yerləşdirilir. E-imza vasitəsilə sistemə daxil edilən əmək müqaviləsi bildirişi eynilə kağız üzərində olduğu kimi, hər iki tərəfin hüquqlarını müdafiə edərək, məsuliyyətdən yayınmanın qarşısını alır.

Bu sistem işçilərin əmək hüquqlarının pozulmamasına, habelə işəgötürən-işçi münasibətlərinə nəzarəti gücləndirməklə, inkişaf edən və ya inkişafdan qalan fəaliyyət sahələrin ayırd edilməsinin asanlaşmasına, iqtisadi inkişafın tənzimlənməsi üzərində işlərin keyfiyyətinin artmasına, dolayısı ilə də sosial rifahın yüksəldilməsinə müsbət təsir göstərir.

İqtisadçı ekspert Günay Hüseynova: "Dünyanın bir çox ölkələrində əksər xidmət sahələri elektronlaşdırılıb. Burada isə əsas məqsəd vətəndaşların məmnuniyyəti, şəffaflıq və ümumilikdə hər hansı bir sənədə minimum zamanda əlçatanlıqdır. Ölkəmiz üçün də bu sistemin qurulması və tətbiqi prioritet məsələlərdən hesab olunur və hər zaman da dünya gedən müsbət texnoloji proseslərə qısa zaman kəsiyində adaptasiya olmağa çalışır. Xüsusilə qeyd edim ki, ölkəmiz üçün vətəndaş məmnuniyyəti, onların sosial iqtisadi rifahının yaxşılaşdırması hər zaman ön planda olub. Bildiyimiz kimi elekton hökümət sistemi fəaliyyət göstərir vətəndaş istənilən vaxt ona aid olan hər hansı bir sənədi, məlumatı asanlıqla ordan əldə edə bilər. Elektron Əmək Müqaviləsi də həmin sistemin tərkib hissəsi olacaqdır. Elektron imza identifikasiyaya, sənəd üzərindəki imza və möhürlə eyni hüquqa malikdir. Bu həm sahibkar, həm də vətəndaşlar üçün üstünlüyə malikdir. Belə ki, dünyanın hansısa ölkəsində olmasına baxmayaraq sahibkar birbaşa e-imza ilə işini həll edə bilər. Vətəndaşlar üçün isə ümumiyyətlə bu sistemə keçid üstünlükdür. Çünki neqativ hallar dəfələrlə yaşandı. Təqaüd yaşına çatmış bir şəxsin stajı əksik yazılmış olur və ya ümumiyyətlə sığorta olunmayıb, əmək müqaviləsi bağlanmır və ya sahibkar sui-istifadə edir. Bu kimi bir çox hallar yaşanır. Onun üçün də elektron müqavilə müsbət haldır. Vətəndaşlardan isə tələb olunan sadəcə maksimum səviyyədə diqqətli olmalarıdır. Elektron istər kağız üzərində olan müqavilənin şərtlərini diqqətli oxusunlar ondan sonra müqavilə bağlasınlar. Əmək müqaviləsi onlar üçün işçinin hüquqlarını qoruyan qanuni əsaslı sənəd, bir növ həyat sığortasıdır. Əmək müqaviləsinin olması iqtisadi aspektdən də üstünlükdür belə ki, sahibkar işçini istismar edir, vergidən yayınır. Bu halda həm vergi büdcədən yayınır, həm də illik statistikada işsizlik səviyyəsində rəqəm yüksəlir və ortaya xaotik bir vəziyyət çıxır. Elektron imza artıq bütün müəssisələr üçün məcburi olacaq və hər iki tərəfin hüquqlarını müdafiə edərək neqatif halları aradan qaldıracaq. Müqavilənin şərtlərinin bilərəkdən və ya bilməyərəkdən pozulması hallarında tərəflər Əmək Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb olunacaqlar".

Havar Şəfiyeva

Bütün xəbərlər Facebook səhifəmizdə