Nura Suri: “Şəkillərimin çirkin şəkildə yerləşdirilməsi məni bir qadın, ana olaraq narahat edir”

Müğənni Nura Suri son günlər internet səhifələrində, sosial şəbəkələrdə onun adından müxtəlif səhifələrin açılması, şərhlərin verilməsi, şəkillərinin montaj olunmasından narahatdır. SİA-ya danışan müğənni özünü Nura Suri kimi təqdim edənlərin sayının çoxaldığını deyir. Belə ki, bir müddət öncə də Nura mətbuat vasitəsilə sosial şəbəkə istifadəçilərinə müraciət edərək, adından istifadə olunduğunu bildirmişdi. Bu günlərdə müğənninin "Facebook" sosial şəbəkəsində yaratdığı səhifə hakerlər tərəfindən dağıdılıb. Bu müddətdə paralel olaraq başqa insanlar Nura Suri adı ilə "Facebook"-da onun adından 5 səhifə açıblar.

Müğənni eyni zamanda şəkillərinin fotomontaj edilərək mentalitetimizə zidd görüntülərinin sosial şəbəkələrə, saytlara yerləşdirilməsindən narahatdır. Belə hallar da müğənninin imicinə xələl gətirir.

Nura Suri bu problemin həlli olunması üçün hətta üzünü hakerlərə tutaraq onlardan dəstək istəyir: "Bu gün dünyanın istənilən yerində insanlar sosial şəbəkədən istifadə edirlər, internetə daxil olurlar. Rusiyanın bütün ulduzları "Facebook"dan istifadə edirlər. Ancaq heç bir müğənninin adından başqası istifadə edərək sosial şəbəkəyə daxil olmur. Azərbaycanda isə nədənsə sənət insanlarına, xüsusilə xanım sənətçilərə aqresiv münasibət var. Sosial şəbəkədən istifadə edən bir çoxları nədənsə sənətçilərin imicinə xələl gətirməyə, onları gözdən salmağa çalışırlar. Bu, Azərbaycan mentalitetinə, milli dəyərlərimizə, qadınlarımıza olan münasibətə ziddir. Mən üzümü mətbuat vasitəsilə sosial şəbəkə istifadəçilərinə tutaraq bildirirəm ki, adımdan istifadə edərək şərh verənlərlə kontakt yaratmasınlar. Düzdür, hər bir müasir sənətçi kimi mən də internetdən istifadə edirəm, sosial şəbəkəyə lazım olanda daxil oluram. Ancaq bu istifadə yalnız yaradıcılıq işlərimlə əlaqədardır. Mən sənətçiyəm, mahnılarımın internetə yüklənilməsi, yaradıcılıq yeniliklərim barədə məlumat verməyə çalışıram. Ancaq heç kim haqqında şərh vermirəm, şəkillərimin çirkin şəkildə yerləşdirilməsi məni bir qadın, ana olaraq narahat edir. Odur ki, özünə güvənən hakerlərə üzümü tutub xahiş edirəm ki, bu məsələdə mənə kömək etsinlər".

Bütün xəbərlər Facebook səhifəmizdə