"Makron öz sələflərinin ənənəsini davam etdirir" - POLİTOLOQ ŞƏRH ETDİ

"Makronun ermənipərəst olması, təkcə onun ermənilərə şəxsi simpatiyasından qaynaqlanmır. Tarixən fransızlarla ermənilərin münasibətlərini vərəqləsək, görərik ki, bu xalqalar
arasında həmişə istilik müşahidə olunub". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Elçin Abdullayev bildirib.

Onun sözlərinə görə, ermənilərə xoş münasibət Makrondan əvvəlki Fransa prezidentlərinin dövründə də aydın hiss olunurdu: "Makron isə bu gün öz sələflərinin ənənəsini davam etdirir. Əlbəttə, bu məsələdə Fransada yaşayan aşağı-yuxarı 500 min ermənilərin və onların lobbiçilik fəaliyyətinin də rolu var.

Məhz bu səbəbdən fransızlar ermənilərə özlərinin kiçiyi kimi baxırlar. Belə olduğu təqdirdə Yelisey Sarayına bundan sonra da kim rəhbərlik edəcəksə Ermənistana rəğbətlə yanaşacaq. Makronun erməni sevdalısı olması da bu səbəbdən yaranır.

Emmanuel Makronun son zamanlar "fəallığı" və ciddi-cəhdlə Ermənistanın müdafiəsində dayanması həm də dünyada gedən proseslərlə birbaşa bağlıdır. Son zamanlar Fransa aktiv siyasət yeritməyə çalışır. Fransa istəyir ki, yeni dünya düzənində söz sahibi olacaq ölkələrdən biri olsun. Məlum olduğu kimi gələcək dünya düzənində söz sahibi olacaq ölkələr, bu gün dünyada baş verən hadisələrin fonunda aktiv rol alan dövlətlər olacaq. Rəsmi Paris bu prosesdən kənarda qalmaq istəmir. Bu səbəbdən Makron Ermənistan xətti ilə özünün manevr imkanlarını artırmaq niyyətindədir. Xüsusən də, Fransa Qafqazda təsir gücünü artırmaqla, Azərbaycan-Türkiyə qardaşlığının arasında
dəmir pərdə hörmək istəyir. Bilirik ki, Fransa xüsusən Yaxın və Orta Şərqdə, Aralıq dənizində, Afrikada, hətta NATO daxilində mövqelərini Türkiyəyə uduzub.

2020-ci ildə Azərbaycanın Ermənistan üzərindəki möhtəşəm qələbəsi, Parisin bizim bölgəmizdəki dayaqlarını ciddi şəkildə sarsdı, Türkiyənin isə Cənubi Qafqazdakı təsir imkanlarını artırdı. Bu sadaladıqlarımızı Fransanın rahatlıqla həzm edə bilməməsi bir reallıqdır. Makron bu reallıqları gördüyü üçün çalışır ki, qucağında oturan Paşinyanın əli ilə Qafqazda Azərbaycan və Türkiyənin xeyrinə cərəyan edən hadisələrin qarşısını alsın. Beləliklə Fransanın varlığını ortaya qoymaqla
status-kvonu ölkəsinin xeyrinə dəyişsin. Ancaq düşünürəm ki, Makronun bu cəhdlərinin bir faydası olmayacaq. Dəqiqdir ki, nə Azərbaycan, nə Türkiyə, nə də Ukraynaya başı qarışan Rusiya Makronun Cənubi Qafqazdakı manevr imkanlarına yaşıl işıq yandırmayacaqlar".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə