Ermənistan hər tərəfdən sülhə məcbur edilir - Paşinyan hədəfdədir! SİYASİ RAKURS+ÖZƏL

Türkiyə ilə yanaşı, Rusiya və Qərb də artıq İrəvanın qarşısında konkret şərt qoyub ki, sülh sazişini imzalasın və regionda əlavə problemlər yaratmasın

Bu günlərdə bir sıra KİV-lər Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərini sürətli şəkildə normallaşdırması istiqamətində iş aparması haqqında informasiya əldə etdiklərini yazıblar. Məhz bu informasiyalardan sonra belə bir mənzərə formalaşır ki, həm region daxilindəki, həm də region xaricindəki oyunçular İrəvana ilin sonuna qədər qonşuları ilə münasibətlərini düzəltməsi, habelə kontaktlar yaratması yönündə anlatmağa çalışırlar.

Türkiyənin “Sabah” nəşrinin yazdığına görə, qəzetin Ankaradakı mənbəsi bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oktyabrın 6-da Ermənistanın baş naziri Nikol Paşinyanla Praqada ikitərəfli görüş keçirmək planı var. Mənbələr bildiriblər ki, Ərdoğan Paşinyana erməni-türk dialoqunun üçüncü ölkələrdə deyil, Türkiyədə və Ermənistanda keçirilməsi təklifini verəcək, eləcə də İrəvanla Bakı arasındakı gərgin münasibətlərin azaldılması istiqamətində, habelə sülh razılaşmasının imzalanması yönündə konkret təşəbbüslər göstərəcək.

Xatırladaq ki, Türkiyə ilə Ermənistan arasında sonuncu yüksək səviyyəli görüş 2009-cu ilin 14 oktyabrında keçirilmişdi. Həmin vaxt Ermənistanın prezidenti və “müharibə partiyasının” liderlərindən biri olmuş Serj Sarqsyan Bursaya gedərək o zamankı prezident Abdullah Güllə görüş keçirmişdi. Bu səfər münasibətlərin normallaşdırılması yönündə Sürixdə imzalanmış erməni-türk protokolunun imzalanmasından dörd gün sonra baş tutmuşdu.

Lakin 2010-cu ilin 12 yanvarında Ermənistanın konstitusiya məhkəməsi protokollara yenidən nəzər saldıqdan sonra Qars müqaviləsi üzrə imzalanmış Ermənistan-Türkiyə sərhədlərinin müəyyən olunması sazişindən imtina etmişdi və bundan sonra dialoq mühiti dalana dirənmiş və ona son qoyulmuşdu.

Türkiyənin təsir imkanları artır və situasiya prinsipial şəkildə dəyişir

Xarakterikdir ki, bu olaylardan 13 il sonra – bizim günlərdə Ərdoğan Paşinyanla danışıqlarının əsas hissəsini Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına doğru yönəltməyə çalışır. Üstəlik, Türkiyə prezidenti nəinki iki ölkə arasında normallaşma mühitini yaratmaq qərarına gəlib, həmçinin bu mövzuda yekun hədəfə nail olmaq üçün öz təkliflərini də vermək fikrində olduğunu nümayiş etdirir. Halbuki, yuxarıda qeyd edilən əvvəlki təşəbbüs zamanı Ermənistan-Azərbaycan münasibətləri Ermənistan-Türkiyə protokollarına daxil edilməmişdi.

Beləliklə, bu gün situasiya prinsipial şəkildə dəyişilib. İrəvan 44 günlük müharibədə sarsıdıcı zərbələrə məruz qalaraq Bakı qarşısında diz çökdü və kapitulyasiya sənədinə imzaladı, o cümlədən, diplomatik cəbhədə də ardıcıl uğursuzluqlardan yaxa qurtara bilmədi. Artıq demək olar ki, bütün beynəlxalq aləm təbii ki, erməni diasporu və lobbist dairələr istisna edilməklə İrəvandan Bakı ilə sülh sazişi imzalamasını tələb edir. Ona görə də Türkiyə lideri də mütləq şəkildə bu barədə mövzu ayıracaq və Ermənistan-Türkiyə münasibətləri ilə yanaşı, Ermənistan-Azərbaycan münasibətlərinin də normallaşdırılmasının vacibliyindən danışacaq.

Türkiyə bu kimi təşəbbüsü ilə istənilən mənfi münasibətlərdə olan qonşular arasında nə qədər güclü və vacib vasitəçi olduğunu da isbatlaya bilər.

Hansı ki, Cənubi Qafqaz regionunda Rusiya və Qərbin də aktiv fəaliyyətləri görünməkdədir. Bu barədə daha aşağıda qeydlər edəcəyik.

Lakin təbii ki, hər bir tərəfin İrəvana təsir göstərməsi üçün ayrıca alətləri mövcuddur. Türkiyə isə ölkələr arasında birbaşa kommunikasiyaların açılması, qarşılıqlı iqtisadi mühitin münbitliyinin yaradılması üçün mühüm rıçaq hesab edilir. O da bəllidir ki, Ermənistanın onsuz da Türkiyə ilə müəyyən biznes-kontaktları var. Düzdür, Ermənistanın ultramillətçi cəmiyyətində bu haqda danışmağı elə də xoşalmasalar da, fakt budur ki, sadə ermənilər Türkiyə yolunu özlərinin xilas, yaşamaq yolu kimi görürlər. Təbii ki, əgər Ermənistan normal qaydada ayağa qalxmaq barədə düşünürsə məhz bu kimi millətçi və daşnak xarakterli siyasi çevrələri neytrallaşdırmalıdır. Görünür, Ərdoğan Paşinyanla bu barədə də söhbətlər aparmağı qarşısına məqsəd qoyub və bunu erməni baş nazirinə anlatmaq qərarındadır.

Avropa İttifaqı İrəvandan tələb edir ki, Bakı ilə sülh sazişini noyabrın ilk dekadasında imzalasın!

Bu arada, Ermənistanın “Past” qəzeti özünün İrəvandakı mənbələrinə istinadən yazır ki, Avropa İttifaqı İrəvandan tələb edir ki, Bakı ilə sülh sazişini noyabrın ilk dekadasında (ongünlüyündə) - faktiki olaraq İkinci Qarabağ müharibəsinin başa çatmasının ikinci ilində imzalasın. O da maraqlıdır ki, Aİ-nin irəli sürdüyü təşəbbüs həm də Rusiya tərəfindən müsbət qarşılanıb. Və əgər “Past” qəzetinin informasiyası həqiqəti əks etdirirsə və əslində bu həqiqətə də bənzəyir – biz Cənubi Qafqazda yeni və gözlənilməz diplomatik formalaşmanı müşahidə edə bilərik. Bu, Moskvanın və Brüsselin, yaxud Rusiya ilə Avropa İttifaqının İrəvana birlikdə təsir etmələrini sərgiləyən maraqlı mənzərədir.

Rusiya da bu marağı bölüşür

Biz bu amili Rusiya ilə Qərbin Cənubi Qafqazdakı münasibətlərindəki strateji maraqları ilə də əlaqələndirə bilərik. Real vəziyyətdə həm Moskva, həm də Brüssel Cənubi Qafqazda sülhün tərəfdarıdırlar. Yəni bu tələbin səbəbləri müxtəlif olsa da sonu birdir – heç bir tərəfə Ermənistanla Azərbaycan arasında gərginliyin olması sərf etmir, ona görə də hədəfdə Paşinyan və ona yönəlmiş sülh sazişinə imza atmaq təsirləri dayanır.

Rusiyaya Cənubi Qafqazda sülh ona görə lazımdır ki, həm Azərbaycan, həm də Ermənistan onun müttəfiqləridir və Moskva əsla bu regionda sabitliyin əldən verilməsini istəmir.

Avropa isə öz növbəsində özünün enerji təhlükəsizliyini təmin etmək haqqında düşünür. Azərbaycan isə demək olar ki, Avropanın xilas mənbələrindən biridir. Ermənistan isə əslinə qalanda Avropa üçün heç bir qiymət, yaxud siyasi-iqtisadi nüfuz daşımır. Təkcə ötən şənbə günü Yunanıstan-Bolqarıstan intekonnektorunun açılması da göstərir ki, Aİ Azərbaycanla əməkdaşlığa necə önəm verir. Bu baxımdan da Avropanın Ermənistana təzyiqlərini artırmasından təəccüblənməyə dəyməz...

Və əbəs deyil ki, Nikol Paşinyan açıq etiraf edir ki, heç bir iri beynəlxalq oyunçu İrəvanın Bakıya qarşı revanşist planlarını dəstəkləmir. Hətta ABŞ, Fransa kimi ölkələr son vaxtlarda (elə daha əvvəllər də) nə qədər ermənipərəst mövqeyə sahib olmalarına rəğmən Azərbaycanla münasibətlərini korlamaq barədə düşünmürlər. Xüsusilə, ABŞ Rusiyaya qarşı siyasətində belə Ermənistandan istifadə etməyi elə də ciddi plan şəklində qarşısına qoymayıb. Beləliklə, Türkiyə ilə yanaşı, Rusiya və Qərb də artıq İrəvanın qarşısında konkret şərt qoyub ki, sülh sazişini imzalasın və regionda əlavə problemlər yaratmasın.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə