Ərzaq təhlükəsizliyi təmin olunur ŞƏRH

Ərzaq təhlükəsizliyi bütün dünya ölkələrinin milli-iqtisadi təhlükəsizlik sisteminin ən mühüm tərkib hissəsi kimi dəyərləndirilir və hər hansı bir ölkənin ərzaq təhlükəsizliyi aşağıdakı şərtlər daxilində təmin edilmiş hesab edilir:

- Kütləvi istehlak üzrə qida məhsullarının 85%-dən çoxu yerli aqrar sektor tərəfindən istehsal edilirsə;

- İstehlak olunan qida məhsulları ekoloji cəhətdən təmizdirsə;

- Qida məhsullarının qiymətinin əhalinin əsas kütləsi üçün əlyetərliliyi;

- Qida məhsulunun kalorililiyi və qidalılıq dəyəri insan orqanizminin tələbatını orta sutka qida rasionuna adekvatlığı təmin edilirsə;

- Fövqəladə hallar baş verən zaman əhalinin davamlı şəkildə qida məhsullarına olan tələbatının ödənilməsi üçün strateji ərzaq ehtiyatı mövcuddursa.

2001-ci ildə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramında deyilir: "Ərzaq təhlükəsizliyi insan ləyaqətinin başlıca amili olmaqla, əsas insan hüquqlarından biridir. Ona görə də bu hüququn təmin edilməsi Azərbaycan Respublikasının Hökumətinin mühüm vəzifələrindən sayılır". Ərzaq təhlükəsizliyi hər bir insanın sağlam və məhsuldar həyat tərzi üçün ərzaqla kifayət qədər təmin edilməsi deməkdir. Bu problemin həlli, ilk növbədə, yoxsulluğun azaldılması, ərzaq təminatının və ərzaq məhsullarından istifadənin səmərəsinin artırılması ilə bağlıdır. Sözügedən proqramın reallaşdırılması iki mərhələni əhatə edən bir proses kimi səciyyələnirdi. Qısamüddətli və ortamüddətli dövrdə özəl fermer təsərrüfatlarının yaradılması və ikinci mərhələdə isə kənd təsərrüfatının gəlirliliyinin və raqabət qabiliyyətliliyinin artırılması. Beynəlxalq iqtisadi sistemə inteqrasiyanı özündə ehtiva edən bu prosesin monitorinqi göstərir ki, ölkəmiz ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində müəyyən uğurlar əldə edə bilmişdir. 2004 - 2013-cü illərdə kənd əhalisinin sayının təqribən 11% artması fonunda ümumi kənd təsərrüfatı məhsulları həcminin 3,3 dəfə artması bu sahədə əldə edilən uğuru əks etdirir. Azərbaycanda artıq ərzaq təhlükəsizliyi tam şəkildə təmin oluna bilmişdir. Buna baxmayaraq, dövlətimiz ərzaq təhlükəsizliyi sahəsində davamlılığı və dayanıqlılığı təmin etmək məqsədilə ardıcıl olaraq kompleks tədbirlərin həyata keçirilməsi siyasətini reallaşdırır. "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" 2015-ci ilə qədər ölkəmizi kənd təsərrüfatının əsas növləri ilə təmin etməni və istehsalın artığını isə xarici bazarlara ixrac edilməsi məqsədlərinə çatmağı nəzərdə tuturdu ki, bu sahədə Azərbaycan bir sıra uğurlara imza ata bilmişdir. 6 dekabr 2016-cı il tarixində Ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində ölkənin ərzaq təhlükəsizliyinin dayanıqlılığının təmin edilməsi üçün institutsional potensialın gücləndirilməsi strateji hədəf kimi elan edilmişdir.

Hazırda ərzaq məhsullarının qiymət artımı tək Azərbaycana xas problem deyil, qlobal problemə çevrilib. Azərbaycanda ciddi problemlərin yaranmaması üçün 2022-ci ildə Azərbaycanda ərzaq təhlükəsizliyi sahəsində ehtiyatın yaradılması məqsədilə 193 milyon manat vəsait ayrılıb. Bu da onu göstərir ki, hökumət Azərbaycan Prezidentinin tapşırıqlarına uyğun olaraq müəyyən antiinflyasiya tədbirləri hazırlayıb və reallaşdırır. Ölkəyə idxal edilən məhsulların bahalaşmasının da mənfi təsirlərini bu gün hiss edirik. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, antiinflyasiya tədbirləri həyata keçirilməkdədir.Tədbirlərdən başlıcası idxal olunan ərzaq məhsullarındakı mövcud gömrük rüsumu və digər vergilərin aradan qaldırılmasıdır. Bu qərarın icrası ilə qiymət artımında ən azı Azərbaycan hökümətinin üstünə düşən pay götürüləcək və məhsullarda ucuzlaşma olacaq. Beləliklə, Prezident tapşırığı ilə qurumlara tapşırıq verilib ki, süni qiymət artımının qarşısı alınsın. Bununla bağlı olaraq sahibkarlar ilə maarifləndirici işlər aparılır.

Vüsal Hüseynov

YAP Xocavənd rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...