Qurban bayramı Allaha sonsuz sevgi, dərin etiqaddır TƏHLİL

İslam dünyasının ən müqəddəs bayramlarından olan Qurban bayramını xalqımız işğaldan azad olunmuş ərazilərimizdə, Zəfər qazanmış Azərbaycanda qeyd edir. Ötən il olduğu kimi, bu il də Şuşamızda, Ağdamda, Zəngilanda və digər ərazilərimizdə qurbanlıqlar kəsiləcək. 30 ilə yaxın işğal altında qalan ərazilərimizdə xalqımızın milli-mənəvi dəyərlərinə uyğun olaraq Qurban bayramının keçirilməsi hər kəsi qürurlandırır. Xeyirxahlığın, bərabərliyin və fədakarlığın simvoluna çevrilən Qurban bayramını xalqımız qalib bir xalq olaraq qeyd edir. Tolerant mühitdə, multikultural dəyərlərə önəm verildiyi bir dövlətdə. Əlbəttə ki, bu xalqımızın böyük dəyərlərə sahib olmasının daha bir göstəricidir.
Bu bayram bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Bildiyimiz kimi, sovet hakimiyyəti dövründə din və dini ayinlər, bayramlar da tənqid hədəfi olmuşdur. Azərbaycan müstəqilliyə qovuşduqdan sonra xalqın dininə, milli ənənələrinə, milli və dini bayramlarına hörmət və diqqət yetirilməyə başlandı. Qurban bayramı ən qədim bayramlardandır. Dini qurbankəsmə mərasimi islamdan da əvvəl mövcud olub, lakin o vaxtlar bu, günahdan təmizlənmək, qəzəblənmiş Allahın könlünü almaq məqsədilə yerinə yetirilirdi. Belə ki, dini qurbankəsmə islam aləmində böyük ruh yüksəkliyi, dindarlıq, xeyriyyəçilik, başqalarına kömək etmək kimi əlamətlərə yiyələndi. İslamda bu ayin xüsusi mahiyyət və əhəmiyyət kəsb edir. Onun əsasında Allaha sonsuz sevgi, Onun qüdrətinə dərin inam və iman işığı durur. İnsanları halallığa, paklığa səsləyən Qurban bayramının çox maraqlı tarixi və şərtləri var. Allaha qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən İbrahim peyğəmbər oğlu İsmayılı qurban kəsməyə hazır idi. Lakin uca Allah bunu öz elçisinə rəva bilmədi və qurbanlıq üçün ona bir qoç göndərdi. Buna görə də Qurban bayramında kəsilən qurbana "İsmayıl qurbanı" da deyirlər. İbrahimin qoca yaşında Allah ona bir oğlan uşağı - İsmayılı nəsib etmişdi. Çox sevdiyi balasını Allah yolunda qurban verməyə hazır olması peyğəmbərin Allah qarşısında imanının, səmimiliyinin və mütiliyinin bariz sübutudur. Odur ki, din tarixində dərin iz salmış bu hadisə Allaha inamın, dərin etiqadın nümunəsidir. Bu hadisə onu göstərir ki, insanlar Allahı sonsuz imanla sevməli və öz sevgilərində bu cür səmimi olmalıdırlar. Bu rəvayətin başqa bir fəlsəfi-əxlaqi mənası ondan ibarətdir ki, islam dinində insanın Allah yolunda qurban kəsilməsi qəbul olunmuşdur. İslama qədər bir çox dinlərdə insanları qurbanvermə ayinlərinə rast gəlmək mümkündür. Məsələn, atəşpərəstlər insanı odda yandırırdılar. Onlar bu yolla guya Allaha yaxın olduqlarını göstərirdilər. Qədim Çində də insanları tanrılara qurban vermək adəti var idi. Bu ölkədə təbii fəlakətlərdən, daşqınlardan hifz olunmaq üçün uşaqları suya atırdılar. İnsan Allahın yaratdığı ən şərəfli və ən üstün məxluqdur. Allah özünün yaratdığını özü yolunda qurban kəsilməsini qəbul etmir. Dünya xalqlarına nümunə olan Azərbaycan multikultural dəyərləri ilə də dünyaya öz modelini nümayiş etdirir. Mənsubiyyətindən, irqindən asılı olmayaraq, bütün insanların sərbəst fəaliyyət göstərdiyi tolerant Azərbaycan. Bu fikirlərin arxasında Azərbaycan həqiqətləri, gerçəkliklərimiz dayanır. Əgər ölkəmizdə 2200-dən artıq məscid, 13 kilsə, 7 sinaqoq və digər ibadət yerləri fəaliyyətdədirsə, demək bu, artıq Azərbaycanda tolerant mühitin mövcudluğunu tam əsaslandırır. Ölkədə olan hər bir millətə - ruslara, molokanlara, yəhudilərə, tatlara, saxurlara, udilərə sərbəst yaşama və dinc həyat tərzi sürməsi üçün geniş imkanlar yaradılıb. Tariximizə diqqət etsək görərik ki, dünyanın ən qədim məscidlərindən olan Şamaxı məscidi bizim məkanda hələ 743-cü ildə tikilib. Şəkidə olan Qafqaz Albaniyası kilsəsi tarixin daş abidəsinə çevrilib. Bu gün ölkə ərazisində olan dini abidələrə dövlətimiz tərəfindən diqqət və qayğı var. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində qeyd etdiyi kimi, Azərbaycan dövləti tarixi-dini abidələrimizin qorunması və yeni dini məbədlərin inşası istiqamətində səylərini əsirgəmir: "Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə bütün dinlərin məbədləri əsaslı şəkildə təmir edilmiş və ya yenidən tikilmişdir. Beləliklə, dinlərarası dialoqun Azərbaycanda qədim tarixi vardır və müasir Azərbaycan dövləti bu ənənələrə sadiqdir".

Qeyd edək ki, işğal altındakı torpaqlarımızda olan 67 müsəlman məscidinin 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Tezliklə dini abidələrimiz təmir və bərpa olunacaq, yeni məscidlər istifadəyə veriləcəkdir. Artıq bu işlərə başlanılıb. İşğaldan azad olunan Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təməli qoyulan yeni məscid dini ocaq və modern memarlıq nümunəsi olacaq.

"QURBAN BAYRAMI İSLAM DİNİNİN BƏŞƏRİYYƏTƏ MƏNƏVİ-ƏXLAQİ QURTULUŞ YOLU KİMİ GÖNDƏRİLMƏSİ İLƏ ƏLAMƏTDARDIR"

Azərbaycan xalqı belə tolerant bir mühitdə Qurban bayramını qeyd edir. Mütərəqqi islami dəyərlərə bağlılığı ilə seçilən Azərbaycan xalqının əsrlər boyu, hətta ən mürəkkəb dövrlərdə Qurban bayramını özünün əziz günlərindən biri kimi qoruyub-saxlayıb. Hər il olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev xalqımızı bu müqəddəs bayram günü münasibəti ilə təbrik edib: "Sizi və Azərbaycandan kənarda yaşayan bütün soydaşlarımızı İslam dünyasının birlik, bərabərlik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi yetirirəm. Qurban bayramı İslam dininin bəşəriyyətə mənəvi-əxlaqi qurtuluş yolu kimi göndərilməsi ilə əlamətdardır və müsəlmanların Allah sevgisini, haqq-ədalət naminə hər cür fədakarlığa hazır olduqlarını təcəssüm etdirir".

Cənab Prezident Azərbaycan xalqının əsrlər boyu tarixi köklərinə və adət-ənənələrinə bağlılığı ilə seçildiyini, ən mürəkkəb dövrlərdə belə, öz milli-mədəni dəyərlərini qoruyub saxladığını bildirib. Xatırladaq ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən, Qurban bayramı ölkəmizdə dövlət səviyyəsində bayram edilir. Hər il ölkəmizdə dövlət səviyyəsində ümumxalq bayramı kimi qeyd olunan Qurban bayramı xeyirxahlıq və mərhəmət duyğularının təcəssümü olmaqla yanaşı, bərabərlik və dözümlülük ovqatını da insanlarda gücləndirir.

Qurban bayramının əsas mahiyyəti Allah yolunda kəsilmiş heyvanın ətini Allahın imkansız bəndələri ilə bölüşmək, onları sevindirmək və sevincinə şərik olmaqdır. Beləliklə, bu bayramın və ayinin də əsasında, xeyirxahlıq, paklıq və Allaha inam və sevgi durur. İsmayıl Qurbanında kəsilən heyvanlarda bir sıra şərtlər vacib sayılır. Qurbanlıq kimi seçilən heyvan qoç, iribuynuzlu dana, yaxud da dəvə olmalıdır. Nəsil artımında, dişi heyvanların müstəsna rolu olduğuna görə, qurbanlıq heyvanın erkək olması daha üstün tutulur. Qurbanlıq qoçun yaşına gəlincə, bu, ən azı, altı aylıq heyvan olmalıdır. Lakin dana, yaxud dəvənin bir yaşı tamam olsa, daha yaxşıdır. İsmayıl Qurbanında kəsilən heyvanın sağlam olması da vacib şərtdir. Əzalarında hər hansı nöqsanı olan, buynuzunun, yaxud qulağının biri olmayan, axtalanmış heyvanın qurban kəsilməsi islamda məsləhət görülmür. Qurban kəsiləndə belə deyilməlidir: "Rəbbin üçün namaz qıl və qurban kəs!", "De ki: "Mənim namazım da, kəsdiyim qurban da, həyatım və ölümüm də aləmlərin Rəbbi - Allah üçündür".
Qurban bayramında hər bir imkanlı müsəlman qurban kəsib, onun ətini imkansızlara və kasıblara paylamalıdır. Quranda yazılıb: "Allaha nə ət, nə onun qanı çatmır, ancaq sizin dindarlığınız çatır". Qurban bayramı mənəvi-əxlaqi dəyərlərimizi özündə təcəssüm etdirərək, insanları hallalığa, paklığa və birliyə səsləyir. Bu günlər ölkəmizin hər yerində Allahın adına qurbanlar kəsilir, dövlətimizin firavanlığı və tərəqqisi üçün dualar edilir və şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman övladlarımızın nurlu xatirəsini bu mübarək bayram günlərində dərin ehtiramla yad edirik.

Dövlət başçısı İlham Əliyev xalqımıza ünvanladığı məktubunda "Azərbaycanın müstəqilliyi uğrunda və əzəli torpaqlarımızın işğaldan azad olunmasında canlarını fəda edən qəhrəman şəhidlərimizin ölməz xatirəsini bir daha dərin ehtiramla yad edir, onlara Uca Yaradandan rəhmət, yaxınlarına səbir diləyirəm"- deyə bildirib. Prezident etdiyimiz dua və niyyətlərin Tanrı dərgahında qəbul olunacağına, bu mübarək bayram da xalqımıza xas xeyirxahlığın, şəfqət və mərhəmətin təntənəsinə çevriləcəyinə, cəmiyyətimizdə milli-mənəvi həmrəylik ovqatını daha da gücləndirəcəyinə ümidvar olduğunu qeyd edib.Humanizm, xeyirxahlıq və bərabərlik rəmzi olan Qurban bayramı cəmiyyətimizdə milli-mənəvi həmrəyliyi və dözümlülüyü daha da gücləndirir, insanlar arasında şəfqət və mərhəmət duyğularının təntənəsini nümayiş etdirir.Bu il bildiyimiz kimi, iyul ayının 9-10 –da Qurban bayramı qeyd olunacaq. Artıq qurbanlıq heyvan kəsimi və satışının kütləvi şəkildə toplaşmadan rahat həyata keçirilməsi məqsədilə ölkə üzrə qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunub. Həmin satış məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar sifarişçilərə təqdim olunur. Kəsdiyiniz qurbanlar qəbul olsun! Qurban bayramınız mübarək.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə