Ukraynada müharibə nə vaxt və necə bitə bilər? - 5 mümkün ssenari
Bu gün artıq 106-cı gündür ki, Rusiyanın Ukraynada başlatdığı “antimillətçi” müharibə davam edir. Ölkənin infrastrukturu dağıdılır, şəhərləri ard-arda məhv edilir, insanlar həlak olur, ən yaxşı halda isə canını qorumaq üçün doğma yurdunu, isti ocağını tərk etməli olur. Bütün müharibələr belədir, öz axarı ilə okeanlara bənzəyir. Rusiyanın Ukraynaya hərbi müdaxiləsi də istisna deyil.
Hazırda Ukraynanı iki günə məğlub etməyi qarşısına məqsəd qoyan Rusiya peşmançılıq hisslərini gizlədə bilmir, bu ölkəni asanlıqla tərk etmək də qeyri-mümkün görünür. Ukrayna isə müqavimətini artırmağa, Rusiya ordusunu ərazilərindən vurub çıxarmağa başlayıb, amma qətrə-qətrə. Rusiya Ukraynanın şərqində daha şiddətli hücumla üzləşib. Müharibənin necə və nə vaxt bitəcəyi barədə artıq kimsə danışa bilmir. Çünki müharibənin davam etməsini istəyən qüvvələrin müdaxiləsi daha çox hiss olunur, nəinki qarşıduran tərəflərin.
Bu baxımdan, müharibənin bitəcəyi ilə bağlı eyni vaxtda bir-birini istisna etməyən, lakin eyni zamanda inandırıcı görünən beş potensial ssenari var.
1. Uzun sürən müharibə
Qərb indiyədək qəti olaraq Ukraynanı silahla təmin etməkdə davam edir. Döyüş meydanında cəbhə xətləri praktiki olaraq formalaşıb, müharibə tədricən mövqeli “sonsuz müharibə”yə çevrilir. Rusiya silahlı qüvvələri Donetsk vilayətindəki Ukrayna mövqelərinə raket zərbələri endirir. “Qısa müddətdə mən hər iki tərəfin dağıdıcı taktiki və ya strateji qələbəsi ehtimalını görmürəm”, - Avstraliyalı istefada olan general Mik Rayan deyib.
2. Putin atəşkəs elan edəcək
Bəs Putin birtərəfli atəşkəs elan etməklə dünyanı təəccübləndirsə? Bu yolla o, ərazilərin ələ keçirilməsini möhkəmləndirə və eyni zamanda qələbəsini elan edə bilərdi. Putin iddia edə bilər ki, onun “xüsusi hərbi əməliyyatı” öz məqsədlərinə nail olub: Donbassda Kremlin dəstəklədiyi separatçılar etibarlı şəkildə qorunur, Krıma quru dəhlizi çəkilib. Bundan sonra o, mənəvi üstünlük mövqeyindən çıxış edərək, Ukraynanı hərbi əməliyyatları dayandırmağa məcbur edə bilər.
“Rusiya Avropanın Ukraynanı şərti sülh müqabilində silahlarını yerə qoymağa və ərazilərinin bir hissəsindən imtina etməyə inandırmaq istəyi ilə oynamaq istəsəydi, istənilən vaxt bu texnologiyadan istifadə edə bilər”, - Kral Beynəlxalq İnstitutunun Rusiya üzrə eksperti Kir Gayles deyib.
Vladimir Putin mərc gələ bilər ki, Qərb Ukraynaya kömək etməkdən yorulacaq və diqqətini öz iqtisadiyyatına yönəldəcək. Bu fikir artıq Parisdə, Berlində, Romada səslənib ki, müharibəni davam etdirmək nəyə lazımdır, qlobal iqtisadi problemlərə son qoymaq vaxtıdır, gəlin barışıq axtaraq. Lakin buna ABŞ, Böyük Britaniya və Şərqi Avropanın əksər ölkələri etiraz edir, onların siyasətçiləri əmindirlər ki, Rusiyanın işğalı həm Ukraynanın özünün, həm də Avropanın qalan hissəsinin, eləcə də beynəlxalq nizamın maraqları baxımından iflasa uğramalıdır. Beləliklə, Rusiyanın birtərəfli atəşkəs elanı vəziyyəti dəyişə bilər, lakin hərbi əməliyyatların dayandırılmasına səbəb olmayacaq.
3. Döyüş meydanında çıxılmaz vəziyyət
Nə baş verdiyini, nə üçün vacib olduğunu və bundan sonra nə olacağını tez, sadə və aydın şəkildə izah edirik. Əgər həm Rusiya, həm də Ukrayna artıq hərbi cəhətdən heç nəyə nail ola bilməyəcəkləri qənaətinə gəlsələr və münaqişənin siyasi həlli üçün danışıqlara başlasalar vəziyyət dəyişə bilər.
Tutaq ki, Rusiya və Ukraynanın orduları həm canlı qüvvə, həm də texnologiya baxımından tükənib. Müharibənin davam etməsi artıq tökülən qana, xərclənən vəsaitə dəyməz. Rusiyanın hərbi və iqtisadi itkiləri əvəzedilməzdir. Ukrayna xalqı da müharibədən yorulub, insanlar artıq xəyali qələbə naminə öz həyatlarını riskə atmaq istəmirlər. Bəs Kiyev rəhbərliyi Qərbin Ukraynaya dəstəyini davam etdirəcəyinə inanmayaraq, danışıqlar masasına əyləşməyin vaxtı çatdığına qərar verərsə, necə? Axı ABŞ prezidenti Co Bayden açıq şəkildə deyir ki, amerikalıların məqsədi Ukraynanın danışıqlar masası arxasında mümkün qədər güclü mövqelərə malik olmasına əmin olmaqdır. Çoxları deyir ki, Qərbin Rusiyanın uduzmaq istəyi ilə Ukraynanın qalib gəlmək istəyi eyni deyil.
Bununla belə, döyüş meydanında hələ çox aylar dalana dirəniş gözləmək olar və münaqişənin siyasi həllinə nail olmaq son dərəcə çətin olacaq. Həm də ona görə ki, Kiyev Moskvaya etibar etmir: onlar hesab edirlər ki, Putinlə istənilən razılaşma onun tərəfindən güc toplamaq və yeni hücuma hazırlaşmaq üçün möhlət kimi istifadə olunacaq. Beləliklə, sülh müqaviləsi uzun sürməyə bilər və döyüşlər yeni güclə davam edəcək.
4. Ukrayna qalib gəlir
Ukrayna hər şeyə rəğmən hansısa qələbəyə nail ola bilərmi? Bu, rus qoşunlarını işğaldan əvvəl olduqları sərhədlərə çəkilməyə, səkkiz il əvvəl alınan əraziləri geri qaytarmağa məcbur edə bilərmi? Vladimir Zelenski isə Hollandiya televiziyasına çıxışında deyib ki, Ukrayna bu müharibədə mütləq qalib gələcək. Bəs Rusiya Donbası ala bilməsə və növbəti məğlubiyyətə uğrasa?
Rusiyanın döyüş maşını artıq Qərb sanksiyalarının hücumu altındadır. Ukrayna ona verilən uzaqmənzilli artilleriyadan və onun üçün çox vacib olan atəş sistemlərindən istifadə edərək, bir sıra əks-hücumlar keçirəcək və Rusiya ordusunun təchizat xətlərinin uzandığı ərazini işğal edəcək?
Bəs Ukrayna ordusunu yenidən qursa və onu müdafiə olunan ordudan hücum edən peşəkar orduya çevir nə baş verəcək? Siyasətçiləri indidən mümkün nəticələr barədə düşünməyə vadar etmək üçün belə bir ssenari olduqca məqbuldur. Putini məğlubiyyətlə hədələsələr, o, kimyəvi və hətta nüvə silahlarından istifadə etməklə münaqişəni gərginləşdirmək istəyərmi? Ekspertlərin də qənaəti budur ki, Putinin nüvə silahına malik olduğu halda adi müharibədə məğlubiyyətini etiraf etməsi absurd görünür.
5. Rusiya qalib gəlir
Bəs Rusiyanın mümkün “qələbəsi” haqqında nə demək olar? Qərbin analitik mərkəzləri belə bir açıqlama ilə çıxış edirlər ki, Rusiya əvvəlki uğursuzluqlarına baxmayaraq Kiyevi ələ keçirmək və Ukraynanın böyük hissəsini özünə tabe etmək planlarından əl çəkmir. Rusiyanın hökumət rəsmilərindən birinin sözlərinə görə, bu maksimum proqramı heç kim ləğv etməyib. Rusiya Donbassdakı uğurlarının davamı olaraq başqa istiqamətlərdə aparacağı əməliyyatlarda həmin ordudan – müharibədə bişmiş əsgər və zabitlərdən istifadə edə bilər. Məsələn, yenidən Kiyevə hərəkət etmək əmri verə bilər.
Tutaq ki, rus qoşunlarının komandanlığı əsgərlərinin say üstünlüyündən istifadə etməsi öz bəhrəsini verir və Ukrayna qüvvələri itki verməkdə davam edir. Belə ssenari həmişə aktualdır.
Prezident Zelenskinin özünün də etiraf etdiyi kimi, müharibədə hər gün yüzə qədər ukraynalı əsgər ölür, daha 500-ə yaxın əsgər isə yaralanır. Cəmiyyətdə fikir ayrılığı yarana bilər, ukraynalıların bir qismi müharibəni davam etdirmək istəyəcək, digərləri isə sülhün bağlanmasını və normal həyata qayıtmasını tələb edəcək. Bəzi Qərb ölkələri isə Ukraynaya kömək etməkdən yorula bilər.
Lakin digər tərəfdən, əgər Rusiyanın üstünlüyü əldə etdiyini görsələr, Ukraynanın bəzi müttəfiqləri münaqişəni növbəti mərhələyə keçirmək istəyə bilər. Diplomatlardan birinin dediyi kimi, Qərb Rusiyaya xəbərdarlıq olaraq Sakit okeanda nüvə silahlarını sınaqdan keçirməlidir. Deməli, bu müharibənin gələcəyi hələ əvvəlcədən müəyyən edilməyib.
Rusiya Federasiyası Dövlət Dumasına SSRİ Dövlət Şurasının “Litva Respublikasının müstəqilliyinin tanınması haqqında” qərarının ləğvi barədə qanun layihəsi təqdim edilib. Bu barədə qanun layihəsi artıq müzakirəyə çıxarılıb. Qanun layihəsinin təşəbbüskarı “Vahid Rusiya” partiyasının deputatı Yevgeni Fedorov qanun layihəsi haqqında izahat yazısında qeyd edib ki, guya “ölkə Konstitusiyasına dəyişikliklər edildikdən sonra Rusiya Federasiyası onun ərazisində SSRİ-nin hüquqi varisi kimi tanınıb”.
Onun sözlərinə görə, 1991-ci ilin martında Sovet İttifaqında referendum keçirilib və nəticədə əhali SSRİ-nin vahid dövlət kimi saxlanmasına tərəfdar olduğunu bildirib. Amma elə həmin ilin sentyabrında ilk iclasda SSRİ Prezidenti Mixail Qorbaçovun sədrliyi ilə “Litva Respublikasının müstəqilliyinin tanınması haqqında” SSRİ Dövlət Şurasının GS-1 saylı qərarı qəbul edilib. Fedorov qərarın qanunsuz olduğunu israr edir. Bu qanunun qəbulu o demək olardı ki, Rusiya Litvanın müstəqilliyini tanımır və onu SSRİ-nin varisi olaraq Rusiyanın bir hissəsi sayır. Deməli Rusiya Ukraynada apardığı müharibə ilə, əraziləri ələ keçirməklə kifayətlənmək istəmir.
Rusiya Federasiyasının prezidenti Vladimir Putin dünyada milyonlarla insanı aclıqdan ölümə məhkum edib.
Moskva dərhal Ukrayna taxılının ixracına qoyulan məhdudiyyəti aradan qaldırmalıdır. İtaliya rəsmisi Luici Di Mayo bu barədə “The Guardian” nəşrinə açıqlamasında bildirib. İtaliyanın xarici işlər naziri Luici Di Mayo bildirib ki, yaxın bir neçə həftə qlobal ərzaq böhranının həllində mühüm rol oynayacaq: "Mən açıq şəkildə bildirmək istəyirəm ki, biz Rusiyadan aydın və konkret siqnallar gözləyirik. Çünki taxıl ixracının qarşısını almaq milyonlarla uşaq, qadın və kişini girov saxlamaq və ölümə məhkum etmək deməkdir".
Virtual görüş zamanı Livanın xarici işlər naziri Abdullah Bu Həbib ölkəsində yanacağın və əsas ərzaq məhsullarının bahalaşmasına diqqət çəkib. O, Ukraynadakı müharibəni “nəyin bahasına olursa, olsun” dayandırmağa çağırıb: “Dünya Avropada və ya dünyanın digər bölgələrində hərbi böhranların hökmranlığı altında qalmaqda davam edə bilməz”.
Bir müddət əvvəl Rusiya mediası yazırdı ki, Türkiyə, Rusiya və Ukrayna guya Odessadan taxıl ixracı üçün yol xəritəsini razılaşdırıblar. Türkiyə Odessa vilayətində sahil sularının minalardan təmizlənməsi ilə məşğul olacaq, Rusiya gəmiləri isə yükləri Bosfor boğazına qədər müşayiət edəcək. Sxemin artıq bu günlərdə təsdiq olunacağı gözlənilirdi. Amma onu da qeyd edək ki, hələlik bu sxemdə Ukraynanın razılığının olub-olmaması barədə dəqiq məlumat yoxdur. Bir müddət əvvəl xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Ukrayna ölkə limanlarından taxıl ixracı üçün BMT və üçüncü ölkələrdən zəmanət almalıdır. Təkcə Kremlin zəmanəti kifayət etməyəcək. Ukraynanın fikrincə, Rusiya taxıl dəhlizlərindən istifadə edib Odessaya hücum təşkil edə bilər.
Prezident Vladimir Zelenski Ukraynaya nəzarətin Rusiya üçün niyə vacib olduğunu izah edib. Bunu dövlət başçısı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının iclasının açılışında deyib: "Bu gün dünya bir anda bir neçə qlobal böhran - qida, enerji və dəyərlər şəraitində olduğu bir vaxtda, mən bu konsepsiyadan tez-tez geosiyasi adlandırılan böhranı xarakterizə etmək üçün istifadə edərdim. Bunun niyə belə olduğunu sonra izah edəcəyəm".
Zelenski vurğulayıb ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi ağır nəticələrə gətirib çıxarıb, o cümlədən on minlərlə insan həlak olub, yüzlərlə şəhər və kənd dağıdılıb: “Təxminən 12 milyon insan məcburi köçkün vəziyyətinə düşüb və bu, İkinci Dünya Müharibəsindən bəri Avropada ən böyük miqrasiya böhranını sayıla bilər. Əsas ərzaq ixrac marşrutlarından biri olan Qara dəniz Rusiya donanması tərəfindən bağlanıb. Müxtəlif qitələrdə yüz milyonlarla insan ən azı ərzaq qıtlığının, daha dəqiq desək, aclığın astanasındadır və bu insanların həyatı üçün bütün məsuliyyət Rusiyanın üzərinə düşür. Moskvanın başladığı müharibə səbəbindən Avropa öz tarixinin ən çətin enerji vəziyyətlərindən birini yaşayır”.
Belə bir şəraitdə, yəni, Rusiyanın Ukraynada əldə etdiyi torpaqlar və bunun əvəzində Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar, Ukraynanın itirdiyi ərazilər və Qərbin rəsmi Kiyevə hərbi və maliyyə dəstəyi fonunda hansı ssenari müharibəni dayandıra bilər? Maraqlı sualdır...
V.VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə