Müsəlman Şərqinin multikiultural ölkəsi – demokratik Azərbaycan

Bu günlərdəAzərbaycan öz tarixinin ən əlamətdar günlərindən birini - Müsəlman dünyasında parlamentar idarəetmə formasına sahib ilk demokratik və dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 104-cü ildönümünü qeyd edir.

Bu, Azərbaycan xalqının tarixində olan birliyi xatırladan ən parlaq səhifələrdən biridir.Məmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Nəsib Yusifbəyli və başqaları tərəfindən yaradılan AXC öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Ölkədə yaşayan bütün xalqların və siyasi partiyaların, eləcə də bütün etnik və dini qrupların parlamentdə təmsil olunması demokratik iştirakçılıq dəyərlərinə verilən ən əsas diqqət idi.Parlamentdəki sözü gedən yüksək təmsilçilik şübhəsiz ki, gələcək demokratik və multikultural dövlətin əsas göstəricisi idi.23 ay ərzində AXC hökuməti bir sıra qanunlar qəbul etmiş, siyasi, hərbi, hüquqi və iqtisadi islahatlar həyata keçirmişdir. Yeni qurulmuş Cümhuriyyətin atdığı ilk addımlar isə xalqın savadlanması və təhsilin arzu olunan səviyyəyə çatdırılması idi. Bu istiqamətdə ilk addım isə 1919-cu ildə Bakı Dövlət Universitetinin və bir çox digər təhsil müəssisələrinin yaradılması oldu.

Beləliklə, 28 may yalnız Azərbaycan xalqı üçün yox; demokratik və respublika dəyərlərini qeyd edən bütün ölkələrdə və regionda əhəmiyyətli bir tarix olmalıdır. AXC-nin öz inkişaf yolunda özünə bələdçi etdiyi dəyərlərbu gün də dünyanın çatmaq istədiyi qlobal hədəflərin əlamətləridir.

Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsipinə əsaslanan AXC cəmi 23 ay yaşadı, varlığına bolşeviklər tərəfindən son qoyuldu.Amma bununla belə xalqın istiqlal arzusu ölmədi.
XX əsrin sonlarında Sovet imperiyasının daqılması ilə Azərbaycan yenidən müstəqillik qazandı və özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etdi.

Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə vətəninə və xalqına bağlı olan dünya şöhrətli siyasətçi, böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının müasir tarixində əbədi oldu.

Bir daha qeyd etmək lazımdır ki, əbədi liderin adı müasir Azərbaycanın qurucusu kimi Azərbaycan xalqının milli şüuruna həkk olunmuşdur. Heydər Əliyev Azərbaycanda böyük bir ideologiyanın, milli dövlətçilik fəlsəfəsinin və milli özünüdərkin formalaşmasının təməlini qoydu və bu bir daha təsdiqlədi ki, insanlar və güc birliyi sarsılmazdır, əbədidir və möhkəm təmələ söykənir.

2003-cü ildən bəri Prezident İlham Əliyev çoxmədəniyyətli dəyərləri və tolerantlığı prioritet hala gətirdi və Azərbaycan Xalq Cümhuriyyətinin mirası olaraq dünyada keçirilən beynəlxalq forumların və tədbirlərin müəllifi oldu. Bu gün Azərbaycan milli və etnik azlıqlardan əlavə bütün dinlərin nümayəndələri arasında dinc, tolerant və çoxmədəniyyətli bir arada yaşamaq ölkəsi olaraq danışmaqda israrlıdır və bu tolerantlıq modelinin bütün dünyada təşviq edilməli olduğuna inanır.

Bu yaxınlarda Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 30 ildən sonra Azərbaycanın azad edilmiş torpaqlarında Prezident İlham Əliyevin tapşırığına əsasən Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada keçirilən "Xaribulbul" Musiqi Festivalı çərçivəsində Azərbaycanda yaşayan müxtəlif xalqların musiqiləri "Azərbaycan musiqisindəki multikulturalizm" adı altında təqdim edildi.

Festival çərçivəsində “Azərbaycan musiqisində multikulturalizm” adı altında ölkəmizdə yaşayan müxtəlif xalqların musiqisi təqdim olunub. Bu, multikulturalizmin bariz nümunəsidir, eyni zamanda Azərbaycanda mədəni müxtəlifliyin vəhdətinin əyani sübutudur. Ölkəmizdə bu istiqamətdəaparılan fəaliyyət gələcəkdə də bütün dünyada müxtəlif dinlərin və millətlərin nümayəndələrinin mədəni müxtəlifliyinin qorunub saxlanması, inkişaf etdirilməsi, o cümlədən uyğunlaşdırılması məqsədi daşıyır.

Bu gün Cənubi Qafqazda yeni reallıqlar mövcuddur. Regionda sülh danışıqları artıq yeni mərhələyə qədəm qoyur. Müharibədən sonrakı dövr regionda ictimai, siyasi, mədəni, iqtisadi əlaqələrin bərpasının əhəmiyyətini xüsusilə artırır və bu proses bu gün daha çox multikultural yanaşma tələb edir.

Şübhəsiz ki, Azərbaycan multikultural dəyərlərin inkişafına artıq bir əsrdən çox müddətdə töhfə verən ölkə kimi, təkcə Cənubi Qafqazda deyil, bütövlükdə dünyada sülhün, əmin-amanlığın qorunub saxlanılması, davamlı inkişafın təmin edilməsi üçün bundan sonra dasəylərini əsirgəməyəcəkdir.

Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı

Bütün xəbərlər Facebook səhifəmizdə