Müstəqillik Günün mübarək, Azərbaycan! - TƏHLİL

Prezident İlham Əliyev: "Əminəm ki, bizim müstəqillik inkişafımız davamlı olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi yaşayacaq"

Bəli, bu gün Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan dövləti - Qalib Sərkərdə Prezident İlham Əliyevin “Dəmir yumruq” siyasətinin gücü ilə Güclü Ordumuzun rəşadətli əsgər və zabitlərinin birliyi və qəhrəmanlığı ilə xalqımızın müstəqillik arzularını gerçəkləşdirdi. Ali Baş Komandanımız, Prezident İlham Əliyev 28 May – Müstəqillik Günü ilə bağlı paylaşımında dediyi kimi: “Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan bugünkü Azərbaycan dövləti xalqımızın müstəqillik arzularını gerçəkləşdirdi. Əminəm ki, bizim müstəqillik inkişafımız davamlı olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi yaşayacaq”. Bəli, bu gün torpaqlarımızın işğalçı düşmənin 30 il əsarətinə Ali Baş Komandanımız, Qalib Lider, Prezident İlham Əliyevin "Dəmir Yumruq" siyasəti ilə 44 gün ərzində Müzəffər Ordumuzun rəşadətli əsgər və zabitlərinin gücü ilə Zəfər qələbəsi qazandı.

"BAŞ VERƏNLƏR BİR DAHA GÖSTƏRMİŞDİR Kİ, HƏQİQİ MÜSTƏQİLLİYİ QORUYUB SAXLAMAQ ONU ƏLDƏ ETMƏKDƏN QAT-QAT ÇƏTİNDİR"

Prezident İlham Əliyev Azərbaycan müstəqilliyin bərpasının 30-cu ildönümü münasibətilə Azərbaycan xalqına müraciətində bildirmişdir ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşmaq imkanı qazanmış, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə özünün Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu dünyaya bəyan etmişdir: «Azərbaycan müstəqilliyinin ilk illərində çoxsaylı təhlükələrlə üzləşmiş, ağır sınaqlardan keçmişdir. Daxili çəkişmələr, dövlət idarəçiliyindəki özbaşınalıq və səriştəsizlik, ağır siyasi və iqtisadi böhran ölkəni vətəndaş müharibəsi astanasına gətirmiş, onun gələcək taleyini sual altına qoymuşdu. Məhz bu şəraitdə Azərbaycan torpaqları Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qalmış, yüz minlərlə soydaşımız öz dədə-baba yurdlarından didərgin düşmüşdür. Baş verənlər bir daha göstərmişdir ki, həqiqi müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən qat-qat çətindir».

"BU GÜN BİZ 30 İLLİK MÜSTƏQİLLİK TARİXİMİZDƏ İLK DƏFƏ OLARAQ MÜSTƏQİLLİYİMİZİN BƏRPASININ İLDÖNÜMÜNÜ ƏRAZİ BÜTÖVLÜYÜNÜ TƏMİN ETMİŞ QALİB XALQ KİMİ QARŞILAYIRIQ"

Müraciətdə rəşadətli ordumuzun döyüş meydanında həqiqi qəhrəmanlıq və vətənpərvərlik nümayiş etdirərək cəmi 44 gündə torpaqlarımızı işğaldan qurtardığı, Ermənistanın kapitulyasiya aktını imzalaması ilə nəticələndiyi, Azərbaycanın Vətən müharibəsindəki Zəfəri regionumuzda yeni reallıqlar yaratdığı bildirilir: «Tarixi Qələbəmiz həm ölkəmizin, həm də bütövlükdə regionun inkişafında yeni dövrün başlanğıcıdır". "Mənim təşəbbüsümlə irəli sürülmüş qanun layihəsinin qəbul olunması ilə bu ildən etibarən 18 Oktyabr ölkəmizdə Müstəqilliyin Bərpası Günü kimi qeyd ediləcəkdir. Bu gün biz 30 illik müstəqillik tariximizdə ilk dəfə olaraq müstəqilliyimizin bərpasının ildönümünü ərazi bütövlüyünü təmin etmiş qalib xalq kimi qarşılayırıq. Yaxın tariximizin bu əlamətdar hadisəsi münasibətilə bütün Azərbaycan xalqını bir daha ürəkdən təbrik edir, ən xoş arzularımı yetirirəm. Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır!"

AXC TÜRK DÜNYASINDA İLK DÜNYƏVİ DÖVLƏT KİMİ TARİXƏ DÜŞDÜ

Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 104 il ötür. Azərbaycan tarixinin şanlı səhifələrindən olan, xalqımızın milli azadlıq mücadiləsinin məntiqi nəticəsi sayılan və müasir dövlətçilik tariximizdə önəmli yerə malik olan və 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika olmaqla yanaşı, xalqımızın tarixində mühüm bir hadisə idi. Belə ki, əsrlər boyu müstəqillik arzusu ilə yaşayan xalqımız nəhayət ki, öz müstəqil dövlətinə sahib oldu. Çətin beynəlxalq şəraitdə müstəqilliyini elan etmiş və hərbi köməyə böyük ehtiyacı olan Azərbaycan Xalq Cümhuriyyəti ilk addım kimi Türkiyə ilə müqavilə bağlamağı qərara almışdı. Belə ki, 1918-ci il iyunun 4-də Batumda Osmanlı Türkiyəsi ilə Azərbaycan Respublikası arasında dostluq müqaviləsinin imzalanması Azərbaycan xalqı üçün həyati əhəmiyyətli sənəd olmaqla yanaşı, Cümhuriyyət hökumətinin imzaladığı ilk dövlətlərarası müqavilə idi. İstiqlal Bəyannaməsi bütün türk-müsəlman dünyasında, ümumiyyətlə, bütün Şərqdə ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə üsulunun-parlamentli respublikanın yaradılacağından xəbər verirdi. Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində göstərilirdi ki, artıq Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cənub-şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tamhüquqlu müstəqil bir dövlətdir. Müstəqil Azərbaycan dövlətinin idarə forması isə Xalq Cümhuriyyətidir. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir: "Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır. Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur".

23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti böyük dövlətçilik tarixinə sahib olan Azərbaycanın həyatında mühüm rola malik oldu. 1918-ci ilin 28 Mayında yaradılan AXC Türk dünyasında ilk dünyəvi dövlət kimi tarixə düşdü. Cəmi 23 ay yaşayan Cümhuriyyət dövlət quruculuğu sahəsində mühüm qərarları ilə yadda qaldı. 1918-ci il iyunun 26-da Xalq Cümhuriyyətinin hökuməti Azərbaycanın ilk Milli Ordu hissəsinin - əlahiddə diviziyanın yaradılması barədə qərar qəbul etdi. Həmin dövrdə Cümhuriyyət hökumətinin tabeliyində olan hərbi qüvvələr türk (Osmanlı) ordu hissələri ("Qafqaz İslam Ordusu") ilə birlikdə Nuru paşanın komandanlığı altında "Bakı Kommunası"nın qoşunları ilə qızğın döyüşlər aparırdı. Cümhuriyyətin Hərbi Nazirliyinin təşkili barədə qərar bir qədər sonra - avqustun 1-də verildi. Nazirlik özü isə 1918-ci ilin dekabrında fəaliyyətə başladı. Keçmiş çar Rusiyası ordusunun generallarından Səməd bəy Mehmandarov hərbi nazir, Əliağa Şıxlinski hərbi nazirin müavini təyin edildilər. Həmin ayın 27-də isə Azərbaycanın tarixində ilk dəfə olaraq Azərbaycan dilinin dövlət dili elan edilməsi haqqında qərar qəbul olundu. 2 iyul 1918-ci il tarixdə isə Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri və daxili işlər naziri Fətəli xan Xoyski ölkədə ilk polis bölümünün yaradılması barədə əmr verdi. Bununla da Azərbaycan polis orqanlarının əsası qoyuldu. 1918-ci il noyabrın 9-da Azərbaycanın indiki üçrəngli dövlət bayrağı qəbul edildi. Eyni zamanda, Azərbaycan vətəndaşları haqqında qanun da qəbul olundu.

Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu 23 ayda həm də xalqımızı dünyaya tanıtmaqla mühüm bir tarixi missiyanı yerinə yetirmiş oldu. Bu mənada, yürüdülən xarici siyasətinin ən önəmli uğurlarından biri kimi Versal Ali Şurası tərəfindən 1920-ci ilin yanvarında Azərbaycanın de-fakto müstəqil dövlət kimi tanınmasına nail olunması xüsusi qeyd edilməlidir. Artıq 1919-cu ilin sonlarında Azərbaycan Xalq Cümhuriyyəti 20-dən çox ölkə ilə diplomatik əlaqələr yaratmışdı.

Bütün bunlara baxmayaraq, Azərbaycan daha bir işğal faktı ilə üz-üzə qaldı. 27 aprel 1920-ci il tarixdə bolşevik Rusiyasının XI Ordusu Bakıya daxil oldu. Bu vaxt Xalq Cümhuriyyətinin ordu hissələri Qarabağda və Gəncəbasarda qiyamçı erməni qüvvələri ilə döyüşdə idi, azsaylı sərhəd qoşunları isə rus ordusuna müqavimət göstərə bilməmişdi. Bolşevik rəhbərliyi - Azərbaycan K(b)P MK və Rusiya K(b)P Qafqaz Diyar Komitəsinin Bakı Bürosu hakimiyyəti təhvil vermək barədə Xalq Cümhuriyyətinin parlamentinə ultimatum verdi. Meydana çıxmış situasiyanı dəyərləndirən parlament gərgin müzakirələrdən sonra ultimatumla razılaşdı və hakimiyyətin kommunistlərə verilməsi barədə qərar qəbul edildi. Parlamentin qərarında Azərbaycanın istiqlaliyyətinin və ərazi bütövlüyünün qorunması, Milli Ordunun saxlanılması, siyasi partiyalara fəaliyyət azadlığı, Cümhuriyyətin dövlət xadimlərinə təqiblərin olmaması barədə şərtlər yer almışdı. Lakin bolşeviklər sonradan bu şərtlərin heç birinə əməl etmədi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti Sovet Rusiyasının hərbi təcavüzü nəticəsində 1920-ci ilin aprel ayının 28-də süqut etdi.

ULU ÖNDƏR HEYDƏR ƏLİYEV: “ƏN ƏSASI ODUR Kİ, AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ AZ YAŞASA DA, XALQIMIZDA AZADLIQ, MÜSTƏQİLLİK FİKİRLƏRİNİ DAHA DA GÜCLƏNDİRMİŞ OLDU”

Tarix hər zaman ədalətin gec də olsa, bərpa olunması ilə təkrarlanıb. XX əsrin əvvəlində xalqımız qarşısında tarixi əhəmiyyət kəsb edəcək işlər görməyi qarşısına məqsəd qoyan Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan 71 il sonra xalqımız bir daha müstəqillik əldə etdi. Məlum olduğu kimi, 1991-ci il oktyabrın 18-də qəbul olunan Konstitusiya Aktında Azərbaycan Respublikasının AXC-nin siyasi varisi olması elan olundu. Bəzən "tarix təkrar olunur" deyirlər və 1993-ci ildə də tarixin təkrar olunmaması, müstəqilliyin itirilməməsi üçün xalqımız Ulu Öndər Heydər Əliyevi Azərbaycanda siyasi hakimiyyətə yenidən qayıdışı və Onun müəyyənləşdirdiyi strateji kurs sayəsində siyasi, hüquqi, iqtisadi, sosial, mədəni, ideoloji və digər sahələrdə əldə edilən nailiyyətlər Azərbaycanı müasir, müstəqil və güclü milli dövlətə çevirdi. Müasir, müstəqil dövlət kimi çıxış edən ölkəmiz özünün tərəqqisi ilə milli inkişafın Azərbaycan modelinin əsasını qoydu. Ümummilli Lider Heydər Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin müstəqillik tarixində mühüm yerə malik olduğunu bildirirdi. Ulu Öndər, həmçinin, bəyan edib ki, AXC-nin qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxıb, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynayıb: "Ən əsası odur ki, Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu".

Əsası ümummilli lider tərəfindən qoyulmuş və hazırda cənab Prezident İlham Əliyev tərəfindən uğurlu həyata keçirilən xarici siyasət strategiyası dövlətlərarası əlaqələrə daha yaxından qatılaraq regionda, eləcə də dünyada baş verən əsas iqtisadi, siyasi və mədəni proseslərdə Azərbaycan dövləti layiqincə təmsil olunur, öz mövqeyini bildirərək mənafelərini qoruyur. Ölkə daixilində gedən demokratik proseslər və iqtisadi yüksəlişlə yanaşı, uğurlu xarici siyasət bu gün dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların diqqətini Azərbaycana yönəltmiş və bu da beynəlxalq hüquq normalarına uyğun qarşılıqlı faydalı əməkdaşlığın yaranmasına və inkişafına əlverişli zəmin yaratmışdır.

Bu gün ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunu novatorcasına, dinamik şəkildə və çox uğurla davam etdirən Prezident İlham Əliyev çıxışlarında AXC-nin Azərbaycan xalqı üçün tarixi hadisə olduğunu bildirmişdir: "Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Xalqımız üçün tarixi hadisə idi. Ona görə ki, Azərbaycan xalqı əsrlər boyu arzuladığı müstəqilliyə qovuşurdu".

ZƏFƏR, MÜSTƏQİLLİK GÜNÜN MÜBARƏK, AZƏRBAYCAN!

Bəli, Ermənistanın ardıcıl təxribatları və hərbi təcavüzünə cavab olaraq 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı Ermənistanın otuz ilə yaxın davam edən işğalçılıq siyasətinə son qoymaq və torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda 44 gün davam edən Vətən Müharibəsi əsası ümumilli lider tərəfindən qoyulmuş və hazırda cənab Prezident İlham Əliyev tərəfindən uğurlu həyata keçirilərək Qələbə ilə başa çatdı. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında» 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-nin Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alındı.

Bəli, 30 il arzusunda olduğumuz Qarabağ həsrətə 8 noyabr, 2020-ci il Şuşanın azad olunduğu və onun ardınca 10 noyabrda son qoyulduğu gün aldıq! 8 noyabr - 10 noyabr tarixi günləri xalqımıza yaşadan Azərbaycan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev, Şanlı Azərbaycan Ordusu, Rəşadətli əsgər və zabitlərimiz bəxş etdi. Yaşa, Prezidentimiz! Yaşa, Güclü Ordumuz! Yaşa, Rəşadətli əsgər və zabitlərimiz!

İşğal və Qələbə. Bir faktı vurğulamaq lazımdır ki, tarix qalibləri mühakimə etmir, həm də bu qalib haqq işi uğrunda qələbə qazanırsa! Bəli, 8 noyabrda Ali Baş Komandanımızın, Müzəffər Ordumuzun və Rəşadətli əsgər və zabitlərimizin şücəati ilə 8 noyabrda göz bəbəyimiz Şuşamız işğaldan azad olundu. Üçrəngli Bayrağımız artıq Şuşamızda dalğalanmaqdadır. 8 noyabr - Şanlı Qələbəmizin, Zəfərimizin günü - Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan bugünkü Azərbaycan dövləti xalqımızın müstəqillik arzularını gerçəkləşdirdiyi gündür.“Şuşasız Qarabağ, Qarabağsız Şuşa yoxdur” deyən Ulu Öndər Heydər Əliyevin bu arzusunu bu gün Prezident İlham Əliyev “Şuşasız işimiz yarımçıq qalar” deyərək reallaşdırır. Onun siyasətinin layiqli davamçısı, Azərbaycan xalqının mərd oğlu Qalib Sərkərdə İlham Əliyevin dediyi kimi - Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan bugünkü Azərbaycan dövləti xalqımızın müstəqillik arzularını gerçəkləşdirdiyi gündür. Əminəm ki, bizim müstəqillik inkişafımız davamlı olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi yaşayacaq.

BAKININ AZAD OLUNDUĞU GÜN AZƏRBAYCAN TARİXİNİN ƏN ŞƏRƏFLİ SƏHİFƏLƏRİNDƏN BİRİ OLDU. BU GÜN TARİXİMİZƏ AZƏRBAYCAN-TÜRKİYƏ QARDAŞLIĞININ ŞANLI SƏHİFƏSİ KİMİ YAZILDI

15 sentyabr xalqımızın tarixində mühüm günlərdən biridir. 1918-ci ilin 15 sentyabr tarixində Bakı şəhəri bolşevik-daşnak işğalından azad olunub, Azərbaycan Cümhuriyyətinin paytaxtı elan edilib. Bu möhtəşəm qələbənin 103-cü ildönümü münasibətilə Bakı, Naxçıvan, Gəncə, Sumqayıt və Şuşa şəhərlərinin mərkəzi küçələrində "Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır" devizi altındaı×× hərbçilərin yürüşü keçirildi. Təsadüfi deyil ki, həmin tarixi qələbənin 100 illiyinə həsr edilən Bakı paradında Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Cümhurbaşkanı Rəcəb Tayyib Ərdoğan cahana səslənərək qardaşlığımızın əbədi olacağı mesajlarını verdilər. 2018-ci ildə hələ torpaqlarımızın işğal altında olduğu bir dövrdə iki ölkənin liderləri 103 il əvvəl olduğu kimi, indi də tarixi ədalətin bərpa ediləcəyinə eyham vurdular. Həmin vaxt Prezident İlham Əliyev öz geniş nitqində aşağıdakıları demişdi: “Bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir. Məncə, dünyada ikinci belə nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın olsun, bu qədər bir-birinə arxa-dayaq olsun... Türkiyənin iştirakı olmadan dünyada heç bir məsələ həll oluna bilməz. Yaşadığımız bölgənin tarixi və bu günü bunu əyani şəkildə göstərir. Türkiyənin siyasi imkanları genişlənir, dünyadakı oynadığı rol artır və bu, bizi çox sevindirir. Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da bir o qədər güclü olacaqdır”.

Eyni zamanda, Azərbaycan dövlət başçısı həmin çıxışı zamanı gələcək hədəfinin torpaqları işğaldan azad etmək olduğunu bir daha vurğulayaraq, “Bu gün Azadlıq meydanına döyüşlərdə olmuş Azərbaycan bayraqları gətiriləcək. O bayraqlar ki, 2016-cı ildə Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının işğaldan azad edilmiş torpaqlarında Azərbaycan əsgəri tərəfindən qaldırılmışdır. O bayraqlar ki, bu ilin may ayında Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan hissəsində uğurlu əməliyyat nəticəsində işğaldan azad edilmiş torpaqlarda qaldırılmışdır. Gün gələcək Azərbaycanın dövlət bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır”, - deyə qeyd etmişdi.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdi ki, “Bu gün 1918-ci il sentyabrın 15-də qazanılmış böyük qələbəni kiçik, əhəmiyyətsiz göstərməyə çalışan bəzi qüvvələrin olduğunu bilirik. Buna təşəbbüs göstərənlər o dövrdə aldıqları ağır məğlubiyyətin rüsvayçılığını hələ də unuda bilməyənlərdir. Gələcəkdə bizi daha böyük vəzifələr gözləyir. Biz aramızdakı əlaqələri daha da sağlamlaşdıraraq, gələcək nəsillərə güclü bir miras qoymalıyıq. Biz minlərlə şəhidimizin qanı ilə yoğrulan bu dostluğu daimi edəcək layihələri həyata keçirərək “Bir millət, iki dövlət” şüarımıza uyğun şəkildə hər sahədə əməkdaşlığımızı dərinləşdirməliyik. İllərdir, Vətən həsrəti ilə ömür sürən bir milyondan çox qardaşımızın intizarına artıq son qoymaq vaxtıdır”.

Təsadüfi deyil ki, həmin çıxışlarda 100 il əvvəl baş tutan bu qələbənin daima yaddaşlarda qalmasının zəruriliyi qeyd edilmişdi. Nəhayət, sentyabrın 15-də Bakı düşməndən azad edildi. Səhəri gün Qafqaz İslam Ordusunun şərəfinə şəhərdə ziyafətlər təşkil edildi. Bakının azad olunması ilə Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin böyük bir hissəsində öz hakimiyyətini bərqərar etdi. Bakının azad olunduğu gün Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri oldu. Bu gün tariximizə Azərbaycan-Türkiyə qardaşlığının şanlı səhifəsi kimi yazıldı. Artıq 2022-ci ildir. Azərbaycan və Türkiyə Bu gün Bakının xilas olunmasının 103-cü ildönümünü işğaldan azad edilmiş Şərqi Zəngəzurda, Qarabağda qeyd edir, Şuşa Bəyannaməsini imzalayaraq qeyd edir. Beləcə, 15 sentyabr 1918-ci ildə Bakının azad olunması tarixindən düz 103 il sonra Azərbaycan və Türkiyə Qafqazda eyni qüvvələrə qarşı bu dəfə daha güclü və qüdrətli şəkildə mübarizə aparır...

Qürurverici və sevindirici haldır ki, Türkiyə-Azərbaycan birliyi, dostluğu və qardaşlığı bu gün də uğurla davam edir, xalqlarımız arasındakı saf, səmimi və doğma münasibətlər daha da dərinləşərək yeni mərhələyə qədəm qoyur. Bütün bunlar onu göstərir ki, əbədi və əzəli Azərbaycan-Türkiyə birliyi, dostluğu və qardaşlığı sarsılmazdır və daim belə də olacaq. Budur, Azərbaycan Prezidenti, Ali Baş Komandanımızın diplomatik siyasəti! Budur, xalqının Prezidenti olmaq! Budur, Liderlik missiyası! Bəli, bu gün Ali Baş Komandanımız, Prezident İlham Əliyev bu tarixi qələbəni bir daha əbədiləşdirdi. Ali Baş Komandanımız Prezident İlham Əliyev cənablarının 28 May - Respublika Günü ilə bağlı paylaşımda dediyi kimi: «Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan bugünkü Azərbaycan dövləti xalqımızın müstəqillik arzularını gerçəkləşdirdi. Əminəm ki, bizim müstəqillik inkişafımız davamlı olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi yaşayacaq".

Müstəqillik Günün mübarək, Azərbaycan! Qarabağ Azərbaycandır!

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə