Avropa İttifaqı postmünaqişə dövrünün reallıqlarını qəbul edir ŞƏRH

Vətən müharibəsinin Azərbaycanın şanlı Qələbəsi ilə başa çatmasından sonra Cənubi Qafqazda yeni geosiyasi proseslərin başlanğıcı, region tarixində yeni dövrün əsası qoyuldu. İndi bölgədəki bütün proseslər məhz Azərbaycanın liderliyi və diktəsi altında cərəyan edir. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması ilə bölgədə təhlükəsizlik mühiti, davamlı sabitliyə və əmin-amanlığa əlverişli şərait yarana bilər.

Soçidə üçtərəfli görüş zamanı imzalanan növbəti bəyanatda əksini tapan əsas məsələlər nəqliyyat əlaqələrinin blokadadan çıxarılması və Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin müəyyənləşdirilməsi üzrə ikitərəfli komissiyanın yaradılması idi. Bəyanatda qeyd olunan məsələlərin həlli, xüsusilə də dövlət sərhədinin delimitasiyası və demarkasiyası sülh sazişinin imzalanması üçün mühüm hazırlıq mərhələsi hesab edilir.

Azərbaycan üzərinə düşən öhdəlikləri yerinə yetirməkdə tam qərarlı olduğu halda, Ermənistan bu məsələlərin həllini bilərəkdən yubadır. Ermənistan rəsmiləri tez-tez barışıq xarakterli müxtəlif bəyanatlar versə də, konkret ortaq işdən söhbət gedəndə müxtəlif bəhanələrlə ondan çəkinirlər. Müharibədəki acı məğlubiyyətdən sonra xaricdə yaşayan erməni diasporasının bəzi məkrli qüvvələri öz həmvətənlərinin baxış bucağını zəhərləməyə davam edir, revanşist hisslərdən vaz keçmək istəmirlər. Sərhədlərin müəyyən edilməsinin bu günə qədər reallaşmamasına səbəb rəsmi İrəvanın qeyri-konstruktiv mövqeyi, regionda formalaşmış real vəziyyəti həzm edə bilməməsi, beynəlxalq təsisatların, əsasən də ATƏT-in Minsk qrupunun köməyi ilə qondarma “DQR”-in status alması kimi utopik ideyalarla yaşamasıdır. Ötən dövr ərzində sərhəddə baş verən insidentlər də məhz Ermənistanın qeyri-adekvat hərəkətləri səbəbindən meydana çıxıb. Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə komissiya hələ də yaradılmayıb.

Azərbaycan Prezidenti İlham Əliyev də bəyan edir ki, Ermənistanla sülh müqaviləsini imzalamağa hazır olsaq da, amma onlar tərəfindən buna rəsmi reaksiya verilmir: "Qeyri-rəsmi kanallarla bizə çatan məlumat budur ki, Ermənistan buna hazır deyil. Hesab edirəm, bu, çox böyük bir səhv olacaq. Necə ki, müharibə ərəfəsində və müharibə dövründə Ermənistan tərəfi böyük səhvlər buraxıb, hərbi cinayətlər törədib. Bu, növbəti böyük səhv ola bilər".

Bəzi böyük dövlətlərin və Beynəlxalq təşkilatların Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması və sərhədlərin müəyyənləşdirilməsinə öz dəstəklərini yalnız söz ilə ifadə etməsi, bunun üçün Ermənistana heç bir ciddi təzyiq göstərməmələri də məsələnin həllinə mənfi təsir göstərir.

Hazırkı şəraiti nəzərə alaraq Ermənistan və regionda sülhə xələl gətirmək istəyən bəzi xarici qüvvələr bölgədəki yeni reallığı dərk etməli, revanşist xülyalardan əl çəkməli, sərhədlərin delimitasiyası və demarkasiyasının hər hansı qeyd-şərt olmadan həyata keçirilməsinin vacibliyini, sülh müqaviləsinin imzalanmasının, tərəflər arasında üçtərəfli bəyanatlara və digər razılaşmalara əməl etməyin qaçılmaz olduğunu anlamalıdır. Ermənistan rəhbərliyi sərhədlərin müəyyən edilməsi prosesinin gedişinə hər vəchlə mane olmaq, prosesi ləngitmək istəsə də, unutmamalıdır ki, imzalanan kapitulyasiya aktı və digər müvafiq sənədləri son bəndinə qədər icra etməyə borcludur.

Azərbaycan Prezidenti İlham Əliyevin bununla bağlı bir müddət əvvəl dediyi sözləri xatırlamaq yerinə düşür: "Mən demişəm, bizim xoşniyyətli davranışımız şərt deyil ki, əbədi olacaq və şərt deyil ki, bu təkliflər əbədi masa üzərində qalacaq. Əgər bizim ərazi bütövlüyümüzü tanımaq istəmirlərsə, o zaman biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Bizim Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün bəlkə də yüz dəfə daha çox əsasımız var, nəinki onların bizim ərazi bütövlüyümüzü tanımaması üçün…"

Ermənistanın sülh sazişini bağlamaqdan yayınması Azərbaycanın ərazi bütövlüyünü, sərhədlərini tanımaması anlamına gəlir. Buradan o anlaşılır ki, Ermənistan Azərbaycanla mehriban qonşuluq və sülh şəraitində, dinc yanaşı yaşamaqdan imtina edir. Məğlub ölkənin yeni avantüraları onu tam tənəzzülə uğrada bilər. İqtisadiyyatı bərbad vəziyyətdə olan, ordusuz qalan Ermənistan sülh sazişindən imtina edərsə, itirən özü olacaq. Ermənistan unutmamalıdır ki, onların "məğlubedilməzlik” mifini darmadağın edən Azərbaycan Ordusu hər an öz gücünü yenidən nümayiş etdirməyə hazırdır!

Postmünaqişə dövründə dünyanın aparıcı beynəlxalq təşkilatları yeni reallıqları qəbul etmişlər... Eyni zamanda, Avropa İttifaqı ilə bizim təmaslarımız müharibədən sonra daha intensiv xarakter almışdır. Avropa İttifaqı da postmünaqişə dövrünün reallıqlarını qəbul etmişdir. İndi Avropa İttifaqı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə məşğuldur və görüşlərdə bu müzakirə edilir. Müzakirələr, əsasən, Azərbaycan Prezidentinin sülh sazişinin imzalanması üçün irəli sürdüyü 5 prinsipdən ibarət təklifləri əsasında aparılır. Prezident bu məsələyə konkret toxunaraq bir daha təsdiqlədi ki, Ermənistan qalib ölkə ilə hesablaşır. Burada söz sahibi olan ölkə Azərbaycandır. Zəfər qazanan ölkə danışıqlar masasında uduzan tərəfdən üstün olur. Yenilən tərəf qalibin şərtlərini qəbul etmək məcburiyyətindədir.

ZAHİD CƏFƏROV,

YAP Yasamal təşkilatı Z.Xəlilov küçəsi 23 (Bakı Dövlət Universiteti) ərazi partiya təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə