Ermənistanın təxribatları iki səbəbdən qaynaqlanır - POLİTOLOQ AÇIQLADI

"Ermənistanın davamlı təxribatları əsasən iki səbəbdən qaynaqlanır. Bunlardan birincisi Paşinyan hakimiyyətinin çıxılmaz durumda olması və indiyə qədər üzərinə götürdüyü öhdəliklərdən yayınmaq cəhdi ilə, ikincisi isə Rusiya tərəfindən edilən davamlı təzyiqlərlə bağlıdır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov bildirib.

Onun sözlərinə görə, üçtərəfli bəyanatın imzalanmasından keçən dövr ərzində üzərinə götürdüyü öhdəliklərin icrasıyla bağlı heç bir konkret addım atmayan, daha sonrakı istər Rusiya, istərsə də Brüsseldə keçirilən görüşlərdə isə diplomatik müstəvidə də Azərbaycana uduzan Ermənistan yeganə çıxış yolunu müxtəlif bəhanələrlə vaxtı uzatmaqda görürdü. İstər Paşinyan, istərsə də Ermənistan XİN Ararat Mirzəyan tərəfindən səsləndirilən açıqlamalar, verilmiş bəyanalar onu deməyə əsas verir ki, Ermənistan sülhə hazır deyil və bu baxımdan da, münasibətlərin gərginləşməsi ilə sülh danışıqlarını pozmağı hədəfləyib. Elə bir neçə gün bundan əvvəl, Azərbaycan tərəfindən təqdim edilən 5 baza prinsip əsasında sülh sazişinin imzalanması ilə bağlı təkliflərə cavab olaraq 6 maddədən ibarət yeni təkliflərlə çıxış etmələri də bunun bariz sübutudur. Məlum olduğu kimi Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın bir neçə gün bundan əvvəl səsləndirdiyi fikirlərdən məlum olur ki, Ermənistan Azərbaycanın irəli sürdüyü prinsiplərlə razıdır, amma bu prinsiplərə Qarabağdakı ermənilərin təhlükəsizliyinin də əlavə edilməsini istəyir. Ermənistanın bu istəyi dolayısıyla status məsələsinin yenidən ortalığa atılması, başqa sözlə, indiyə qədər əldə olunmuş razılaşmalardan qaçmaq cəhdidir. Sual olunur; sən Azərbaycanın sərhədlərini qəbul edirsənsə, ərazi bütövlüyünü tanıyırsansa və bir daha ərazi iddiası ilə çıxış edilməyəcəyini də qəbul edirsənsə, onda hansı statusdan söhbət gedə bilər?

Müharibənin başa çatmasından sonra aparılan danışıqlarda bir dəfə də olsun status müzakirə olunmadığı halda, indi yenidən bu məsələnin gündəmə gətirilməsi onu deməyə əsas verir ki, Ermənistan əldə olunmuş razılaşmaların icrasından qaçır və ya ən azından prosesi uzatmaq üçün bəhanələr axtarır. Ermənistanın Brüssel razılaşmasında nəzərdə tutulduğu kimi, aprelin 30-dək sərhəd komissiyasının formalaşdırılmasına əməl etməməsi də dediklərimi təsdiq edir. Bunları nəzərə alsaq erməni təxribatları nəticəsində sərhəddə atəşkəsin pozulmasının da hardan qaynaqlandığını görə bilərik. Məqsəd odur ki, vəziyyət gərginləşsin və Paşinyan da belə vəziyyətdə danışıqlar aparmağın çətin olduğunu bəhanə edərək prosesi maksimum şəkildə uzatsın. Lakin təəssüf ki, sülh prosesində maraqlı olmayan təkcə Ermənistan deyil, həm də regionda hərbi mövcudluğunu qoruyub saxlamaq istəyən Rusiyadır. Normallaşma prosesini və Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını özü üçün təhlükə hesab edən Rusiya bütün vasitələrdən istifadə edərək prosesi tormozlamağa çalışır. Avropa İttifaqının vasitəçiliyi ilə aparılan danışıqlarda faktiki olaraq oyundankənar vəziyyətə düşmüş Rusiya üçün prosesi yenidən öz nəzarətinə qaytarmaq və bununla da hər iki tərəfə təzyiq imkanlarını əlində saxlamaq olduqca vacibdir. Bu isə ancaq Paşinyanın sülh danışıqlarından imtina etməsi ilə mümkündür. Odur ki, Rusiya həm separatçı rejimə dəstək verməklə onu Paşinyanın apardığı sülh danışıqlarını qəbul etməməyə şirnikləndirərək, həm də daxildəki müxalifəti ayağa qaldıraraq Paşinyana təzyiq göstərməyə çalışır. Deyilənləri son Lavrov-Mirzəyan görüşündə Rusiya XİN-nin açıqlamaları da təsdiqləyir. Xatırlayırsınızsa həmin görüşlə bağlı mətbuat konfransında Lavrov Rusiyanın Ermənistanın müdafiə qabiliyyətinin gücləndirəcəyi və sərhədlərin qorunmasında köməklik göstərməyə davam edəcəyi ilə bağlı bəyanat vermişdi. Bu isə faktiki olaraq onu deməyə əsas verir ki, erməni təxribatlarının davamı gələcək. Rusiyanın sülh prosesində maraqlı olmadığını sübut edən digər bir fakta da diqqət yönəltmək istəyirəm. Putinin Paşinyanla keçirilən son görüşündə Rusiya prezidenti tərəfindən yenidən “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi, “Qarabağda hələ çoxlu problemlər var və ən əsası da təhlükəsizlik məsələləri ilə bağlı problemlərdir” deməsi də faktiki olaraq Paşinyana bu konteksdən çıxış edərək prosesi uzat mesajının verilməsi anlamını daşıyır. Və ən nəhayət əgər erməni separatçıları Rusiya sülhməramlılarının olduqları ərazilərdə, onların gözü qarşısında yeni səngərlər qazaraq möhkəmlənmə işləri aparırlarsa və separatçıların başçısı “biz Rusiya sülhməramlıları ilə yeni təhlükəsizlik mexanizmi üzərində işləyirik” deyirsə və Rusiya da bunu təkzib etmirsə demək ki, Rusiya sülh prosesində maraqlı deyil.

Lakin kimin maraqlı olub olmamasından asılı olmayaraq heç bir qüvvənin prosesləri uzun müddət tormozlamaq imkanları yoxdur. Əvvəla, ona görə ki, Azərbaycan əvvəlki Azərbaycan deyil və istənilən vaxt erməni təxribatlarına layiqincə cavab vermək gücündədir, ikinci isə ermənilərin arxayın olduğu Rusiya da əvvəlki Rusiya deyil və Ukrayna müharibəsində bataqlığa düşmüş bir dövlətin açıq şəkildə Azərbaycanla konfrantsiyaya getməsi mümkün deyil. Ən nəhayətdə artıq Qərb də münasibətlərin normallaşmasına Rusiyanın Cənubi Qafqazdan sıxışdırılması imkanları kontekstində baxır və bu istiqamətdə fəaliyyətin həyata keçirilməsində maraqlıdır.

Erməni təxribatlarının, eləcə də Azərbaycana yeni şətlər irəli sürmənin nə ilə nəticələnəcəyini də davamlı şəkildə həm Ermənistan təhbərliyinin və onların ictimaiyyətinin diqqətinə çatdırmaq lazımdır. Ermənistan 44 günlük müharibədən qabaq Azərbaycanın qarşısına 7 şərtlə çıxmasının nə ilə nəticələndiyini unutmamalıdır".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə