4 mart tarixində baş vermiş toqquşma ŞƏRH

Ağdərə toqquşması və ya Tərtər hərbi təxribatı adı ilə tariximizdə yer alan hadisədən 14 il ötür

Hər dəfə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi təcavüzkar əməllərin mahiyyətinə nəzər salarkən 200 illik tarixi dövrdə törətdikləri təcavüzkar siyasət diqqəti çəkir və bu siyasətin arxasında utopiyadan yoğrulmuş məkrli niyyəti görmüş oluruq. Ərazi iddiası ilə tarixin müxtəlif dönəmlərində baş qaldıran erməni məzlum qiyafəsi ilə dünyaya özünü təqdim edərək imdad diləyib. Bu qiyafəni çıxarmağa cəsarəti çatmayıb və belə bir libasla əzilən bir "xalq" olduğunu göstərməyə çalışıb. Əslində, erməni kimdir, sualı yaranır. Özlərini "Hay", ölkələrini "Hayastan" adlandıran ermənilər İran, Türkiyə, Livan, Suriya kimi ölkələrdə məskunlaşmış bir "xalq"dır. 19-cu əsrə kimi əksəriyyəti Osmanlı imperiyası və İranda yaşayan ermənilər bu dövrdən sonra müxtəlif səbəblərdən dünya ölkələrinə səpələnib və bu səpələnmə nəticəsidə dünyanın müxtəlif ölkələrində yaşayan erməni topluluqlarına erməni diasporu adı verilib. Erməni diasporunun ən güclü olduğu ölkələr isə ABŞ, Rusiya və Fransadır.
"Böyük Ermənistan " yaratmaq xülyası ilə Azərbaycan torpaqlarına qarşı ərazi iddiası ilə çıxış edən Ermənistan torpaqlarımıza hücum edib. Ötən əsrin sonlarında baş verən olaylar ermənilərin niyyətlərini bir daha ortaya qoymuş oldu. Məlum hadisələr zamanı Azərbaycanın ərazisini 20 faizi işğal olundu. Tərəflər arasında genişmiqyaslı döyüşlər 1992-ci ilin qışında başlamışdır. Statistik rəqəmlərə nəzər salsaq görərik ki, 1991–1994-cü illərdə Qarabağda və dövlət sərhədində baş vermiş döyüş əməliyyatlarında 11.557 Azərbaycan hərbçisi şəhid olub. Ən çoxsaylı itkilər 1992–1994-cü illərdə davam edən hərbi əməliyyatlar zamanı baş verib. Birinci Qarabağ müharibəsi vaxtı cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan "Bişkek protokolu" imzalanmış və 1994-cü il mayın 12-də cəbhədə atəşkəsə nail olunmuşdur. Atəşkəs münaqişə tərəflərinin razılığı ilə hərbi əməliyyatların bütün cəbhə boyu və ya cəbhənin müəyyən bir hissəsində dayandırılmasına yönəlmişdi. Atəşkəs müharibə şəraitində olan ölkə və ya ölkələrdə silah-sursatla və eləcə də digər vasitələrlə vətəndaşların fərdi, kütləvi qətl edilməsi ilə müşahidə edilən daxili və xarici münaqişələri müvəqqəti və ya daimi dayandırmaq üçün münaqişə tərəflərinin birgə razılaşma qərarlarını ifadə edən rəsmi bəyanatdır.

.
ERMƏNİSTANDAKI SEÇKİLƏRDƏN SONRA GÜNDƏMİ DƏYİŞDİRMƏYƏ ÇALIŞAN QANLI ƏMƏLLƏR

Amma atəşkəs elan olunsa da, Ermənisntan heç bir sənədə məhəl qoymadığı kimi, bu müqaviləyə də ciddi yanaşmadı. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında imzalanan atəşkəs müqaviləsindən sonra müxtəlif miqyaslı bir çox qarşılıqlı hücumlar baş vermişdir. Atəşkəs dövründə şəhid olan və yaralanan hərbçilərimizin sayı kifayət qədərdir. Bu, erməni terrorunun qanlı əməlləri olaraq tariximizdə yer alıb.
Bunlardan ən böyüyü 2008-ci ildə Ermənistanda keçirilən prezident seçkilərindən dərhal sonra Ağdərədə baş verdi. 4 mart 2008-ci il tarixində Ermənistan və Azərbaycan arasında baş vermiş olan toqquşma ermənilərin təcavüzkarlığının daha bir nümunəsi olaraq tarixə düşmüşdü. Ağdərə toqquşması və ya Tərtər hərbi təxribatı adı ilə tariximizdə yer alan hadisədən 14 il ötür. Ermənistan diqqəti Ermənistandakı prezident seçkilərindən sonra martın 1-də baş vermiş insan haqları pozuntularından yayındırmaq üçün atəşkəsi pozmuşdur. Belə ki, Ermənistandakı seçkilərdən sonra gündəmi dəyişdirməyə çalışan erməni tərəfi, Azərbaycan ilə sərhəd bölgəsinə hücum edərək daha bir təxribata əl atmışdır və nəticədə bir neçə Azərbaycan əskəri şəhid olmuşdur. Əlbəttə ki, tariximizə nəzər salsaq, nə qədər belə hadisələrin, təxribatların törədildiyini görərik.

GƏNCƏDƏ YAŞANILAN MATƏM

44 günlük Vətən müharibəsində biz erməninin vəhşi simasını bir daha görmüş olduq. 30 ilə yaxın bir zamanda beynəlxalq hüququn tələb və təkidlərinə məhəl qoymayan beynəlxalq konvensiyalara zidd topladığı silahlarla 44 günlük müharibədə Gəncə, Tərtər, Mingəçevir kimi yerlərdə mülki əhalinin kompakt yaşadığı ərazilərə raket zərbələri endirməsi Ermənistan hökumətinin təcavüzkar, terrorçu simasında xəbər vermirmi? Qocaya, cavana, uşağa qıyan erməni müharibə qanunlarını belə pozaraq çirkin niyyətləri ilə tarixən nəyə xidmət etdiklərini bir daha göstərdi. Gəncədə yaşanılan matəm məgər erməni təcavüzkarlığının üzü deyildimi? İnsanlarda onların əməllərinə qarşı yaranan qəzəb və nifrət yaddaşlardan silinərmi? Bu, tarixdir: erməninin terrorçuluq əməllərinin izi və tarixi. Gəncədə törədilən terror aktı daş yaddaşımıza həkk olunub. Gecə insanların evlərində yatdığı zaman raket atəşi nəticəsində dağılan yaşayış massivi və raket zərbəsindən məhv olmuş məhəllədə dağılan evlərin qalıqları hər zaman kino lenti kimi göz önündən keçir. Qanlı gecədə sakinlərin həyatını itirməsi, erməni terroristlərinin dinc əhaliyə qarşı törətdikləri cinayətlər sənədlərin dili ilə hər zaman danışacaq. Lənətlənmiş erməni əməllərinin izi Azərbaycan tarixinin hər səhifəsindən görünür. Bunu silmək, yox etmək qeyri-mümkündür. Erməni silahlı bölmələrinin oktyabrın 17-də gecə saatlarında Gəncə şəhərini raket atəşinə tutması nəticəsində Şahnəzərovlar ailəsinin yaşadığı faciə yaddan çıxarmı? Dağıntılar altından ailənin yalnız bir üzvü - 2017-ci il təvəllüdlü Xədicə Şahnəzərova sağ çıxarıldı. Azyaşlı qızın atası Röyal, anası Züleyxa və yaşyarımlıq bacısı Məryəm isə erməni terrorunun qurbanları oldu. 1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, ermənilər Vətən müharibəsinə qədər 30-dan artıq azərbaycanlı uşaq erməni terrorunun qurbanı oldu. Onlardan 13-ü həlak olub, 19-u isə yaralanıb. 2 yaşlı Zəhra Quliyeva da erməni vandalizminin qurbanına çevrildi. İnsan hüquqları sahəsində mövcud beynəlxalq sənədlərə məhəl qoymayan Ermənistan müharibə zamanı mülki əhalinin qorunması haqqında 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının, BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının və digər sənədlərin müddəalarını kobud şəkildə pozub.

ERMƏNİSTANI DİZ ÇÖKDÜRƏN DƏMİR YUMRUQ

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində tariximizə yeni bir gün – Zəfər tarixi yazıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu əzəli torpaqlarımızı azadlığa qovuşdurdu. Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciəti tarixdə yeni gün oldu. Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında dövlət başçısı Sərəncam imzaladı.
Artıq neçə illər idi ki, Azərbaycanın işğal altında olan torpaqlarından yazır və hər bir rayona erməni təcavüzkarlarının vurduğu maddi və mənəvi ziyanı vurğulayırdıq. Və hər dəfə də tezliklə işğal tariximizi qələbə, zəfər tarixinin əvəzləyəcəyi günə inanırdıq. İnamımız reallaşdı. Ötən ilin sentyabrın 27-dən başlayaraq vətən torpaqlarının müdafiəsinə hazır olan Azərbaycan oğulları işğalda olan torpaqlarımızı azad etdilər. İşğaldan azad olan tarixi torpaqlarımızda Azərbaycan bayrağı dalğalandırıldı. Ali Baş Komandanın qətiyyətli mövqeyi, ordumuzun gücü 44 günlük Vətən müharibəsində işğalçı Ermənistanı diz çökdürdü.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə