İqor İqnatçenko: Fransanın Qafqazda əsas müttəfiqi Ermənistandır, prezidentin kim olmasından asılı olmayaraq... – MÜSAHİBƏ

Tarix elmləri namizədi, rusiyalı fransaşünas, RANEPA İctimai Elmlər İnstitutunun dosenti İqor İqnatçenko caliber.az-a müsahibəsində Fransada keçiriləcək prezident seçkiləri və Parisin Qafqaz siyasəti ilə bağlı maraqlı məqamlara toxunub. Müsahibəni oxucularımıza təqdim edirik.

- Necə oldu ki, Erik Zemmur və Valeri Pekres kimi çarəsiz populistlər və ultrasağçılar Fransa prezidentliyi uğrunda mübarizədə güclü mövqeyə gəldilər? Bunu ictimai tələblə izah etmək olarmı?

- Hazırda Fransa bütövlükdə siyasi böhran içərisində olduğundan və seçicilər ənənəvi partiyalardan məyus olduğundan, Marin Le Pen, Erik Zemmur kimi qeyri-sistemli siyasətçilər Fransa siyasətinin ön sıralarına çıxırlar. Le Penin 2017-ci ildə itirilmiş prezidentlik kampaniyasından sonra siyasi platformasını mülayimləşdirməyə qərar verməsi və sağ mərkəzçiyə üz tutması prinsipcə populist kimi qələmə verilə bilən Zemmurun ifrat sağ cinahdakı boş kürsüyə keçməsinə şərait yaratdı. Açığı, Fransanın müəyyən hissəsi onun gündəmini bəyənir və uzun müddətdir Yelisey sarayında güclü siyasətçinin olmaması onun sağ cinahların siyasətini tənqid edərək səs toplamasını asanlaşdırır.

Valeri Pekressə gəlincə, vəziyyət başqadır. O, ənənəvi sağ mərkəzçi Respublikaçılar partiyasını təmsil edir və mahiyyətcə bu çoxfraksiyalı klassik partiyanın vahid namizədidir. Əgər 2017-ci il prezident seçkilərində bu partiyanın keçmiş lideri Fransua Fiyonla korrupsiya qalmaqalı olmasaydı, o zaman bütün rəy sorğularına görə, o, son 5 ildə Fransanın prezidenti olacaqdı. Onu populist adlandırmaq olduqca çətindir, baxmayaraq ki, o, şübhəsiz ki, müasir Fransa cəmiyyətində populyar olan bir çox sağçı şüarları qəbul etmişdir.

- Yəqin bilirsiniz ki, Valeri Pekress ötən il dekabrın 22-də Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfər edib. Bundan bir qədər əvvəl Zemmur Ermənistanda da olub. Onların səfərlərini Fransadakı erməni diasporunun səs yarışı kimi qiymətləndirmək olarmı? Ermənilərin səsləri uğrunda mübarizə onları Fransa elektoratının qalan hissəsinin səslərindən məhrum edə bilərmi? Axı prezidentliyə namizədlərin, ilk növbədə, öz ölkələrinin problemləri ilə məşğul olması daha məntiqli olardı.

- Böyük və varlı erməni diasporunun kiminsə tərəfinə səs və maliyyə dəstəyi cəlb etməsi Fransada prezidentlik yarışının mühüm tərkib hissəsi sayıla bilər. Bu, ənənəvi olaraq bütün fransız siyasətçiləri tərəfindən edilir. Düşünmürəm ki, Fransadakı erməni diasporunun səsləri uğrunda mübarizə Pekress və Zemmuru digər fransız seçicilərinin səslərindən məhrum edə bilər.

Şübhəsiz ki, sosial-iqtisadi inkişaf mövzusu miqrasiya siyasəti, radikal islamçılıq və təhlükəsizlik məsələləri ilə yanaşı, Fransa prezidentlik yarışının əsas mövzularından biridir. Bununla belə, Fransada gedən siyasi mübarizə baxımından ermənilərə ilkin ixtisarların edilməsi çox vacibdir.

- Zemmura və Pekressin siyasi proqramlarını necə qiymətləndirirsiniz? Onların seçkidə qalib gəlmək şansları yüksəkdirmi?

- Məncə, sağ meyillilik indi Fransada çox aktualdır. Təəccüblü deyil ki, bu prezidentlik kampaniyasında 4 əsas namizəddən 3-ü (Pekress, Le Pen, Zemmour) əsas diqqəti sağdan olan seçicilərin cəlb edilməsinə yönəldir, çünki miqrasiya siyasəti, radikal islamçılıq və təhlükəsizlik mövzuları indi demək olar ki, iqtisadi inkişaf məsələlərini üstələyir. Hətta özünü mərkəzçi (“nə sol, nə də sağ”) kimi təqdim edən prezident Makron da sağçı şüarlar qəbul etməyə məcburdur.

Çox güman ki, bu üç nəfərdən biri ikinci turda Makrona qarşı çıxacaq və çox güman ki, Pekress olacaq. Ən azı indi rəy sorğularına görə o, həm Le Peni, həm də Zemmuranı qabaqlayır.

- Sizcə, onlar Fransa seçkilərində qalib gəlsə, Azərbaycanla münasibətləri necə inkişaf edəcək?

- Əvvəla, yadda saxlamaq lazımdır ki, seçki vədləri heç də həmişə öz düzəlişlərini edən real siyasətə bərabər olmur. Digər tərəfdən, Ermənistanın Transqafqaz regionunda əsas müttəfiq kimi müəyyən edilməsi Fransanın Beşinci Respublikası üçün ənənəvidir. Ona görə də, çətin ki, Fransa-Azərbaycan münasibətlərində indiki vəziyyətlə müqayisədə ciddi irəliləyiş olsun.

Tərcümə - Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə