Soçi bəyanatı Ermənistanın kapitulyasiyasının növbəti təzahürü oldu

“44 günlük Vətən müharibəsindəki zəfərdən sonra 10 noyabr 2020-ci ildəki Ermənistanın kapitulyasiyası 11 yanvar 2021-ci il Moskva bəyanatı ilə davam etdi. 26 noyabr 2021-ci ildə qəbul edilmiş Soçi bəyanatını da elə bu kontekstdə Azərbaycanın növbəti diplomatik qələbəsi, Ermənistanın şovinist siyasətinin iflası kimi qiymətləndirilməlidir. Soçi görüşü eyni zamanda Ermənistanın kapitulyasiyasının növbəti təzahürü də oldu, Azərbaycanın sülh, əməkdaşlıq çağırışlarına hərbi təxribatlarla cavab vermək siyasətinin üstündən xətt çəkdi”. SİA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilarının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, Soçidə aparılmış danışıqlarda və imzalanmış sənəddə Azərbaycanın mövqeyi tam şəkildə əks olundu, maraqları təmin edildi, qarşıya qoyulan məqsədlərə nail olundu: “Soçi görüşü eyni zamanda həm Ermənistan tərəfinin, həm də erməni ruporlarından qidalanan radikal müxalifətin iddialarını da alt-üst etdi, onların sadəcə bleflə məşğul olduqlarını isbatladı. Məsələn, onların Soçi görüşündən öncə müxtəlif uydurma fikirlər tirajlamaq niyyətlərinə əks olaraq, sənəddə hər hansı bir “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinə rast gəlinmədi. Bu da o deməkdir ki, söhbət artıq postmünaqişə dövründən gedir. Ermənistan tərəfinin həmişə iddia etdiyi əsir və ya girovlar məsələsinə də toxunulmadı. Amma sərhədlərin delimitasiya və demarkasiyasına çağırış edildi, avtomobil və dəmir yollarının açılmasını nəzərdə tutan layihələrə başlanması ilə bağlı qərarlar qəbul olundu. Həmçinin, sənəddə ATƏT-in Minsk Qrupuna dair heç bir bənd olmadı. Yəni, bəyanatda ATƏT-in Minsk Qrupunun adının çəkilməməsi diqqəti sülh danışıqlarının daha çox ikitərəfli formatına yönəldir. Bununla da xortladılmağa çalışılan status məsələsinin də artıq Azərbaycan, Rusiya və Ermənistanın gündəliyindən çıxarıldığı sübut olundu. Bir sözlə, hər hansı bir şərt qoyulmadan Azərbaycan Prezidentinin mövqeyi sənəddə öz əksini tapdı, Azərbaycan dövlətinin qətiyyətli mövqeyi bir daha nümayiş etdirildi”.

“Soçi görüşü Zəngəzur dəhlizinin reallaşmasına xidmət edən diplomatik uğur kimi də yadda qaldı” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putinin çıxışında “nəqliyyat dəhlizləri”ni xatırlaması, imzalanmış sənədin “dəmir yolu və nəqliyyat əlaqələrinin açılmasına” dair bəndləri məhz, Zəngəzur dəhlizindən xəbər verir: “Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, Azərbaycan Zəngəzur dəhlizini açacaq. Bu, istər danışıqlarla, istərsə də güc yolu ilə baş tutacaq. Elə 16 noyabr təxribatına verilən layiqli cavabdan sonra Ermənistanı güzəştə məcbur edəcək yeni reallıqlar ortaya çıxdı və Soçi görüşünün, həm rəsmi, həm də qapalı hissəsində Azərbaycanın əldə etdiyi diplomatik nailiyyətlər göstərdi ki, Azərbaycan Zəngəzur dəhlizinin açılmasına doğru gedir”.

Ramil Vəlibəyov vurğulayıb ki, Soçidə mina xəritələrin müzakirə olunması da Azərbaycanın uğurudur. Soçidə humanitar məsələlərdə də irəliləyiş əldə olunması barədə fikirlərin olması yaxın gələcəkdə mina problemində, ermənilərin indiyədək Azərbaycana verməkdən imtina etdiyi “mina xəritələri” məsələsində də müsbət irəliləyiş olacaq.

Ramil Vəlibəyov diqqətə çatdırıb ki, Soçi görüşü həm də Azərbaycanın geosiyasi üstünlük qazanması ilə də tarixə keçdi: “Heç şübhəsiz ki, İrəvanla Moskva arasındakı inamsızlıq mühiti fonunda Azərbaycanın düşünülmüş siyasəti, həm Rusiya, həm Türkiyə ilə etibarlı tərəfdaşlığı sayəsində regionda yeni təhlükəsizlik arxitekturası qurulur və onun müəllifi də Prezident İlham Əliyevdir. Sirr deyil ki, danışıqlar prosesinə Qərbi cəlb etmək üçün vaxt qazanmaq məqsədi ilə 9 noyabr görüşünü sabotaj edən Paşinyan Soçi görüşü ərəfəsində də eyni addım atdı. Onun onlayn mətbuat konfransında səsləndirdiyi destruktiv, şovinist fikirlər Soçi danışıqlarının nəticəsiz qalmasına yönəlmiş təxribat idi və bu, şəxsən Putinin vasitəçiliyinə qarşı hörmətsizlik idi. Amma Paşinyanın sabotaj cəhdi baş tutmadı və Soçidə o, güzəştə getməyə məcbur oldu. Eyni zamanda, Ermənistan növbəti dəfə Rusiyaya nümayiş etdirdi ki, öz strateji tərəfdaşına qarşı satqınlıq və riyakarlıq siyasətini davam etdirir. Onun Şarl Mişelə çağırışları və Avropa vasitəçiliyini gündəmə gətirməsi Moskvaya növbəti siqnal oldu. Paşinyanın ABŞ-ın təşkil etdiyi “demokratiya sammiti”nə dəvət alması ilə lovğalanması da Moskvanın diqqətindən yayınmayacaq. Çünki bu sammit “soyuq müharibə”dən sonra Rusiyaya qarşı yaradılan yeni koalisiyadır və bu koalisiyada yer alan yeganə KTMT və Avrasiya İttifaqı üzvü Ermənistandır. Bütün bunlara görə isə Ermənistan geosiyasi zərbələr alacaq, nəticəsi də heç də yaxşı olmayacaq”. yap.org.az

Bütün xəbərlər Facebook səhifəmizdə