"KTMT ölkələri də Azərbaycanı təbrik edirlər" - EKSPERT RƏYİ

"Soçi görüşündə hər hansı bir şərt qoyulmadan Azərbaycan Prezidentinin mövqeyinin sənəddə öz əksini tapdığı kimi Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısında qəbul edilmiş Aşqabad sənədində də Azərbaycanın maraqlarına uyğun müddəalar öz əksini tapdı. Bu isə heç şübhəsiz ki, cənab Prezident İlham Əliyevin dəqiqliklə müəyyənləşdirilmiş uzaqgörən diplomatiyasının daha bir təsdiqidir. Belə ki, Aşqabad sənədində Azərbaycan xalqı və hökuməti işğal edilmiş ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması münasibətilə təbrik edilir. Xüsusi məqam ondan ibarətdir ki, təbrik edən ölkələrin üçü - Qırğızıstan, Özbəkistan və Qazaxıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Yəni, baxmayaraq ki, bu ölkələr Ermənistan ilə eyni bir blokda təmsil olunurlar, Azərbaycanı qələbə münasibətilə təbrik edirlər və Azərbaycanla fərqli deyil, eyni cinahda durduqlarını ortaya qoyurlar. Bu isə ki, cənab Prezident İlham Əliyevin müəyyənləşdirdiyi xarici siyasət kursunun uğurunda xəbər verir. Deməli, atılan addımlar sadəcə Zəfər əldə etməyə deyil, ondan sonra da bunu davam etdirməyə hesablanıb. Azərbaycanın əldə etdiyi qələbə qəbul olunur, post-müharibə dövründə atılan addımlar dəstəklənir və nailiyyətlərimiz individual olaraq dövlətlər, habelə beynəlxalq qurumlar tərəfindən də təqdir edilir". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Ekspertin sözlərinə görə, Zirvə Toplantısında İƏT-ə üzv ölkələr Azərbaycanın azad edilmiş ərazilərinin qurulması və yenidənqurma layihələrinə investisiya qoymağa çağırılır: "Görüşün ən vacib nüanslarından biri İƏT üzv dövlərlərinin Zəngəzur dəhlizi məsələsi ilə bağlı fikirləridir. Azərbaycanın regionda yaratdığı reallıqlar İƏT dövlətləri tərəfindən dəstəklənir. Belə ki, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində qəbul edilmiş hesabatlarda “Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları sənədlərdə yer almış dəhliz” ifadəsinin öz əksini tapması Zəngəzur dəhlizi məsələsinin İƏT regionunda uğurla təşviq edilməsinin və qəbul edilməsinin bariz nümunəsidir. Bu günə kimi Rusiya prezidentinin nitqində də dəfələrlə kommunikasiya və dəhlizlərin bərpası məsələsinə toxunulub. Soçi görüşündən sonra Aşqabad sənədində yer alan məqamlar, burada səsləndirilən fikirlər də ondan xəbər verir ki, Zəngəzur dəhlizinin daha qısa zaman çərçivəsində reallaşma imkanı mövcuddur. Zəngəzur dəhlizi Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli parçasına çevriləcək ki, birbaşa avtomobil əlaqəsinin istifadəyə verilməsi həm də təşkilata üzv olan ölkələr arasında əməkdaşlığın genişləndirilməsinə işinə də töhfə verəcək. Regionda ard-arda yeni təhlükəsizlik və əməkdaşlıq arxitekturaları qurulur və qürurverici məqamdır ki, onun müəllifi Prezident İlham Əliyevdir".

Ş.Həsənova vurğulayıb ki, eyni zamanda, görüşdə daha bir qürurverici məqam yaşandı ki, bu da İƏT-in Tədqiqat Mərkəzinin Bakıda fəaliyyətə başlayacağı ilə əlaqədardır: "Belə ki, Tədqiqat Mərkəzinin Bakıda yaradılması təşəbbüsü ilə 2002-ci ildə Ümummilli lider Heydər Əliyev İstanbulda keçirilmiş İƏT üzv ölkələrinin dövlət və hökumət başçılarının 7-ci Zirvə Görüşündə İƏT-in çıxış etmişdi. Bu gün fəxrlə deyirik ki, Ulu öndərin uzaqgörənliklə müəyyən etdiyi ideyaların reallığa qovuşması işi silsilə şəklində davam edir. Prezident İlham Əliyev hər bir beynəlxalq kürsüdə olduğu kimi Aşqabadda keçirilən İƏT-in XV Zirvə toplantısında da Azərbaycan xalqının maraqlarını əsas tutaraq dost və tərəfdaş ölkələrlə münasibətlərimizi daha da dərinləşdirdi. Cənab Prezident İlham Əliyev tərəfindən atılan addımların hər biri ikitərəfli və çoxtərəfli şəkildə qurulmuş qarşılıqlı faydalı əməkdaşlıq münasibətləridir ki, məhz bu amil də Azərbaycanın çıxdığı yolda prinsipial olduğunun göstəricisi olduğu qədər, strateji tərəfdaşlarına qarşı da sadiqlik nümayiş etdirdiyindən xəbər verir".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə