Qarabağ üçün timsahsayağı göz yaşları – Erməni analitik yazır

“ArmenianReport”un analitiki Tevos Arşakyan bu yazısı ilə Qarabağ müharibəsi, Qarabağda yaşayan ermənilər və onların başına müsibətlər açan, özlərinin çirkin oyunlarına qurban verən Ermənistan liderləri və onların separatçı uzantıları haqqında mətləblərin bir qismini, həm də xəsisliklə açıb-töküb. Maraqlıdır, niyə indi, niyə ermənilər üçün hər şey itiriləndən sonra erməni mediası aktivləşib? Niyə erməni mətbuatı bu bölgədə birgə yaşayan, həm də dinc yaşayan xalqların hüzuru pozulanda, 1 milyona yaxın azərbaycanlı ata-baba yurdundan zorla qovulanda, vəhşicəsinə öldürüləndə, evləri talan, onlara qarşı vandallıq, barbarlıq ediləndə səsini çıxarmadı? Nədir, yoxsa, həqiqəti gec də olsa söyləməklə peşmanmı olduqlarınımı büruzə verməyə çalışırlar? Yox, “qatar artıq gedib, bilet yanıb”.

Bəs Arşakyan nə yazır?

Diasporda onlarla milyonçu, hətta milyarder var. Onlardan hansının Qarabağın (ermənilər Artsax deyir – müəllif) gələcəyi üçün ürəyi ağrıyırdı? Heç kimin!

Əlimizdə olanı saxlamırıq, itirdiyimiz zaman ağlayırıq. Kozma Prutkovun "Düşüncə meyvələri" fikir və aforizmlər toplusundan bu məşhur ifadə erməni xalqının və erməni dövlətinin indiki durumuna çox uyğun gəlir. Bizim 1991-1994-cü illərin “azadlıq müharibəsi”ndə qalib gələn güclü ordumuz, güclü (siyasi, amma təəssüf ki, iqtisadi cəhətdən yox) Ermənistanımız və nəhayət, erməni xalqının azad Qarabağı var idi.

Bu gün bizdə bundan heç nə yoxdur - nə səmərəli ordu, nə Qarabağ, nə də yaxşı yaşamaq istədiyimiz Ermənistan. Biz özümüz hər şeyi itirmişik və bu gün bunun necə və niyə başımıza gəldiyinə ağlayırıq. Və eyni zamanda, biz Azərbaycana və onun, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın bu yaxınlarda dediyi kimi, “geri qaytarılmış torpaqlar”a müəyyən dərəcədə paxıllıqla baxırıq.
Bəli, azərbaycanlılar qollarını çırmayıb qurucumluqla məşğuldurlar, həsəd aparacaq enerji ilə ermənilərin itirdiyi əraziləri yenidən qururlar. Füzuli hava limanı artıq hazırdır, bu gün onu Azərbaycan və Türkiyə prezidentləri açdılar. Bir ildən bir qədər çox əvvəl heç bir erməni belə bir şeyi təsəvvür edə bilməzdi, Qarabağdakı “status-kvo” bizə o qədər sarsılmaz görünürdü. Və bizə elə gəldi ki, həmişəlik belə olacaq.

Təbii ki, Bakının bu ərazilərdəki bütün hərəkətləri müvafiq təbliğat və ideoloji paketə bürünüb. Məsələn, indicə Azərbaycana “milli ayrı-seçkilik və Ermənistanın işğalçılıq siyasəti” ilə bağlı beyinləri yuyulan, sonra isə “azad edilmiş” ərazilərə aparılan İsveç mediasının nümayəndələri gəldi. Təsəvvür etmək çətin deyil ki, bu səfərdən sonra İsveç mediasında nə yazacaq. Yaxud, məsələn, azərbaycanlılar çox da tənbəllik etmədilər və bir qrup dini icma rəhbərlərini Los-Ancelesdən Bakıya gətirdilər. “Azərbaycana səfər çərçivəsində qonaqlar erməni vandalizmi faktları ilə tanış olmaq üçün Qarabağa da səfər edəcəklər”, - deyə Azərbaycan mətbuatı artıq məlumat verib. Amma bu, onilliklər ərzində əmin olduğumuz kimi, erməni icmasının güclü olduğu Los-Ancelesdir. Nə qədər güclü olduğunu görürük.

Təbii ki, biz uzun müddət çiynimizə düşən bədbəxtlikdən şikayət edə bilərik, Ermənistan kiçik və zəifdir, onun nefti və qazı yoxdur, Azərbaycan isə zəngin ölkədir və ona görə də o, hər şeyi bacarır, istəyir. Amma bu, kökündən yanlış yanaşmadır. İlk növbədə özümüzə sual verməliyik: biz Qarabağın çiçəklənməsi və qorunub saxlanması üçün nə etmişik? Gəlin geriyə baxaq və təhlil edək.

1994-cü ilin may ayından etibarən Qarabağı azərbaycanlılardan demək olar ki, tamamilə təmizlədik və ermənilər üçün nisbətən dinc dövr başladı. Görünür, tale bizə təkcə özümüzə deyil, bütün dünyaya Qarabağın Ermənistanın ətinin əti olduğunu, onun zəhmətkeş və qədim erməni xalqının Qafqaz İsveçrəsinə çevirəcəyi əzəli erməni torpağı olduğunu göstərmək şansı verdi. Xoşbəxtlikdən bunun üçün bizim bütün imkanlarımız, ilk növbədə, maddi imkanlarımız var idi.

Diasporun Qarabağın dirçəlməsi üçün nə qədər pul köçürdüyünü hesablamaq mümkün deyil. Hesab edirəm ki, bu rəqəm on milyardlarla dollara gedir çıxır. Mən heç demirəm ki, 26 ildə Ermənistanın özündən dövlət büdcəsindən ora nə qədər pul köçürülüb. Nəticə nədir? Xankəndi (Stepanakert), Şuşa və Laçın arasında yalnız normal yollar var idi. Başqa yerlərə isə yalnız UAZ və “Niva”larla getmək olardı. Bu da yalnız yayda mümkün idi.

Qarabağda hansı istehsal sahələri yaradılıb? Nəzərinizə çatdırım ki, rayonumuzda ən münbit torpaqlar var. Amma “Artsaxfrukt”dan başqa Ermənistana heç nə gəlmədi. Bu yaxınlarda ermənilər arasında münasibəti birmənalı olmayan həmkarımız Roman Baqdasaryan düzgün qənaəti səsləndirdi. Dedi ki, Qarabağ təkcə özünü deyil, Ermənistanı da doyura bilərdi, hələ ixrac üçün nəsə qalardı.

Amma təəssüf ki, bu illər ərzində heç bir iş görülməyib. Hər şey oğurlandı. Əvvəlcə Köçəryanın dəstəsi oğurluq etdi. Sonra Sarkisyan, Qukasyan və Saakyan. Sonda isə Arutyunyan bu işi başa vurdu. Baxın, onlar və onlara yaxın olan ermənilər kasıblıqdan çox uzaqdırlar. Bəs belə kiçik bir ərazidə necə inanılmaz dərəcədə tez varlanmaq olar? Cavab bəllidir, yalnız diasporun göndərdiyi və Ermənistan büdcəsindən ayrılan vəsaiti talan etməklə. Onlar belə etməklə Qarabağda yaşayan erməniləri yoxsulluğa məhkum etmələri, əvvəllər təxminən 150 min nəfər olan əhalinin 2020-ci ilin sentyabrına kimi 60 minə qədər azalmasına əhəmiyyət vermədilər. İnsanlar Qarabağı sadəcə olaraq qazanc və daha yaxşı həyat dalınca tərk etdilər. Bəziləri Ermənistana, bəziləri Rusiyaya və ya Qərbə.

Diasporda onlarla milyonçu, hətta milyarder var. Kirk Kerkoryan və Levon Ayrapetyandan başqa kimsə Qarabağın gələcəyi üçün narahat olmadı. Diaspordan gələn pul kisələrinin heç biri Qarabağda istehsal yerləri açmağa, insanları işlə təmin etməyə, erməni əsgərlərinin və könüllülərinin qanı ilə azad edilmiş əraziləri abadlaşdırmağa sərf edilmədi.

İrəvan və ya Gümrü, Rostov və ya Los-Ancelesin neçə sakini evlərini sataraq birdəfəlik Artsaxa köçdülər? Belə statistika varmı? Bu yoxdur, çünki onlardan yalnız bir neçəsi var. Onlara Artsax lazım deyildi.
İndi də dirsəklərimizi dişləyib azərbaycanlıların orda nə etdiklərinə həsədlə baxırıq. Ancaq biz dirsəyimizi çox uzun müddət dişləyəcəyik, çünki hamımız itirdik. “Liderlər”in biganəliyi, diqqətsizliyi və hakimiyyətin pul qoparmaq istəyi ilə özümüzü itirdik. İnanmıram ki, nə vaxtsa biz itirilmiş əraziləri qaytaracağıq. Amma bu, o zaman baş verəcək ki, hər bir erməni Qarabağın nə üçün lazım olduğunu və onun azadlığı üçün hər birimizin nə edə biləcəyini aydın başa düşəcək.

V.VƏLİYEV

P.S. Bu yazını Fransa və İrana, Rusiya və Amerikaya, Avropa və Afrikaya köç edən ermənilər və onlardan vaxtilə alət kimi istifadə edənlər oxumalı və bu həqiqətdən nəticə çıxarmalıdırlar. Hər el öz sahibinə qovuşanda çiçəkləyər. Ermənilər isə işğal etdikləri ərazilərimizdə yalnız talançılıqla, vandallıqla məşğul olublar, 30 ildə bir daşı daş üstə qoymayıblar. Belə isə, buradan köçüb getmələri də məntiqli görünür. Qalmağa nə lüzum?

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...