Qubadlının işğaldan azad olunmasından bir il ötür TƏHLİL

Prezident İlham Əliyev: "Peşəkarlıq, qəhrəmanlıq, planlaşdırma, güclü iradə, milli ruh, texniki təchizat – bütün bu amillər birlikdə və xalq-iqtidar birliyi bizim Qələbəmizi şərtləndirdi"

Ötən il 44 günlük Vətən müharibəsində Azərbaycan tarixi günlərini yaşadı. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində işğalda olan şəhər, qəsəbə və kəndlərimiz azad edildi. Bu, Zəfər tariximizin ən şanlı səhifəsidir. Tarixin yaşanılacaq zamanlarında Zəfər tariximiz şərəf tarixi olaraq vərəqlənəcəkdir. Müharibənin qızğın getdiyi günlərdə Zəfərimizə doğru irəliləyirdik. Demək olar ki, hər gün kənd, qəsəbə və şəhərlərin işğaldan azad olunması xəbərini eşidirdik. "Bir aya yaxındır ki, ikinci Qarabağ müharibəsi davam edir. Bu müharibə xalqımız üçün Vətən müharibəsidir. Biz Vətən torpaqlarını işğalçılardan azad edirik. Bu müddət ərzində Şanlı Azərbaycan Ordusu bir çox yaşayış məntəqələrini düşməndən azad edibdir. Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik. Çünki Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır". Bu fikirləri Azərbaycan Prezident İlham Əliyev çıxışlarının birində bildirmişdir. Zəngilan şəhərinin işğaldan azad olunması xəbərindən bir neçə gün sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqımıza müjdə verərək, bir neçə kəndin, eləcə də Qubadlı şəhərinin işğaldan azad olunmasını bildirməsi milyonlarla insana bu qələbə sevincini yaşatmış oldu: "Biz əsgərlərimizin, zabitlərimizin canı-qanı bahasına bu torpaqları azad edirik. Həm döyüş meydanında, həm siyasi müstəvidə özümüzü təsdiqləmişik, dünyaya təsdiqləmişik. Azərbaycan xalqını qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenilməz xalq kimi təsdiqləmişik. Heç bir təzyiq bizə təsir edə bilməz. Heç bir hədə-qorxu bizi yolumuzdan döndərə bilməz. Çünki haqq yolundayıq, yumruq kimi birik. Bu birlik əbədidir və əbədi olacaq!"

Uğurla davam edən döyüş əməliyyatı Azərbaycanın Zəfər tarixini yazdı. Azərbaycan ordusunun əzmi, əsgər adını şərəflə daşıyan oğullarımızın ermənilərə verdiyi dərs bu torpaqları işğaldan azad etdi. Biz onların qarşısında baş əyirik, onlarla qürurlanırıq. Cənab Prezident Qubadlının azad olunması ilə bağlı belə deyirdi: "Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu da bu peşəkarlığı, fədakarlığı göstərib. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən, Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra Azərbaycan Silahlı Qüvvələri şəhərə girib, buranı da düşməndən təmizləyiblər. Qubadlı rayonunun və Qubadlı şəhərinin azad edilməsi bizə böyük strateji üstünlük təmin edirdi. Çünki Qubadlıdan sonra növbəti istiqamət Laçın rayonu idi". Məlumdur ki, ərazisi 802 kv.km olan Qubadlının 94 yaşayış məntəqəsi, o cümlədən, 1 şəhər və 93 kəndi var. 31 avqust 1993-cü ildə ermənilər tərəfindən işğal edilmişdi. İşğal ərəfəsində isə əhali 30 minə qədər olub. İşğala qədər Qubadlının iqtisadiyyatının əsasını taxılçılıq, heyvandarlıq, tütünçülük, baramaçılıq və üzümçülük təşkil edib. 2 üzümün ilkin emalı zavodu, 1 yağ-pendir zavodu, 1 asfalt zavodu, 1 inkubator-quşçuluq fabriki, 1 balıqyetişdirmə vətəgəsi, 1 daş karxanası, 1 mərmər sexi, Azərbaycan "Neftqazavtomat" təcrübə zavodunun filialı və s. fəaliyyət göstərib. Ümumiyyətlə, Qubadlı rayonunda 62 idarə və müəssisə olub. Qubadlı rayonunda 61 ümumtəhsil məktəbi, o cümlədən, 33 orta, 16 səkkizillik, 12 ibtidai məktəb fəaliyyət göstərib. Qubadlıda 180-ə qədər mədəni-maarif müəssisəsi olub. 84 kitabxana, 12 mədəniyyət evi və 44 klub, 7 avtoklub əhaliyə xidmət edib. Rayonda 2 uşaq-musiqi məktəbi də fəaliyyət göstərib. Ümumilikdə işğal nəticəsində rayonda olan 6988 yaşayış evi, 1080 kənd təsərrüfatı obyekti, 32 rabitə, 86 səhiyyə, 180 mədəniyyət, 6 sənaye müəssisələri, 650 km avtomobil yolları, 9 körpü, 2 su anbarı, 150 kilometr magistral su xətləri, 4830 km elektrik xətləri, 165 kilometr magistral qaz boru xətti, 146 idarə, müəssisə binaları, 18 dəyirman, 4 su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformator dağıdılıb, 13 365 hektar meşə sahəsi işğal altında qalmışdı.Ermənilər 5 mindən çox nadir eksponat saxlanılan Qubadlı tarix-diyarşünaslıq muzeyini də talan ediblər. IV əsrə aid "Gavur dərəsi"ndəki ibadətgah, V əsrə aid "Qalalı" və "Göyqala" abidələri, 14-cü əsrdə tikilmiş "Dəmirçilər" Türbəsi, Hacı Bədəl körpüsü, Laləzar körpüsü, eləcə də Əyin, Yusifbəyli, Seytas, Qarağaclı, Xocamsaxlı kəndlərindəki digər tarixi abidələr işğal olunub. Erməni təcavüzü zamanı Qubadlı 238 şəhid verib, 146 nəfər əlil olub. Artıq bir ildir ki, Qubadlı azad nəfəs alır. Cənab Prezidentin bildirdiyi kimi, "Peşəkarlıq, qəhrəmanlıq, planlaşdırma, güclü iradə, milli ruh, texniki təchizat – bütün bu amillər birlikdə və xalq-iqtidar birliyi bizim Qələbəmizi şərtləndirdi". İşğaldan azad olunan Qubadlıda yeni bir həyat başlanacaq, hər bir məkan abadlaşacaq. Artıq işğaldan azad olunan ərazilərdə xalqımız dövlət başçısının rəhbərliyi ilə abadlıq-quruculuq işlərinə başlayıb.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə