Soçi görüşünün təxmini vədləri: Ərdoğan və Putin razılığa gələcəkmi? SİYASİ RAKURS

Belə görünür ki, İrəvan özü də Kremlin qapazaltısı olmaq əsarətindən qurtulmaq istəyir

Məlum olduğu kimi, sentyabrın 29-da Rusiyanın Soçi şəhərində Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə Türkiyə Cümhuriyyətinin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında görüş keçiriləcək. Artıq indidən bəllidir ki, görüşün məqsədi və məramı Yaxın Şərq və Cənubi Qafqaz regionlarında cərəyan edən proseslərlə əlaqəli olacaq. Çünki açığını desək, həll edilməmiş bir sıra məsələlər var və çox yəqin ki, oyunun kartları yenidən dağıdılacaq. Lakin buna baxmayaraq, prosesin müqəddəratı barədə yekun qərarların verilməsi də istisna olunmur. Fəqət, Rusiyanı deməsək də, strateji müttəfiqimiz olan qardaş Türkiyə rəhbərinin, məhz Azərbaycanın maraqlarından çıxış edəcəyi, rəsmi Bakının mövqeyini müdafiə edəcəyi yüz faiz gözləniləndir. Daha dəqiq desək, Azərbaycanın olmadığı yerdə Türkiyənin, Türkiyənin isə olmadığı yerdə Azərbaycanın qardaş ölkənin maraqlarını qoruması faktı buna qədər dəfələrlə müxtəlif siyasi məkanlarda sübuta yetirilib. Bu baxımdan, cənab Ərdoğanın Putinlə görüşündə qətiyyətli və diplomatik cəhətləri görmək mümkün ola bilər. Bəs hansı proqnozları önə sürmək mümkündür?

Ərdoğan Putinə hansı siqnalları verdi?

Yuxarıda da qeyd etdiyimiz kimi, görüşdə müzakirə olunacaq əsas məsələ Suriya və Qafqaz olacaq. Ərdoğan isə Putinlə görüşə tamamilə fərqli təkliflərlə gedir, hətta elə təkliflərlə ki, Rusiya prezidentinin həmin təkliflərdən imtina edəcəyini düşünmək olmaz. O cümlədən, Türkiyə prezidentinin son bir neçə gündə sərhədlərində yaşanan gərginliklərin ardınca Suriya və İranla sərhədlərə doğru qoşun yeritməsi istər “əzələ nümayişi”, istərsə də inamla önə getmək faktorunu ortaya qoyur. Necə deyərlər, bu, Rusiya tərəfinə olan bir siqnaldır.

Və oda maraqlıdır ki, görüş zamanı hər hansı tərəfdən nümayəndə heyəti də olmayacaq. Görüşdə iştirak edən tərəflər yalnız iki nəfər olacaq - Ərdoğan və Putin.

Rusiya ikisindən birini seçməli olacaq - Ya Suriya, ya da Qarabağ!

Bu görüşdə yeni yol xəritəsinin cızılmasını da gözləmək mümkündür. Müəyyən razılaşma olarsa hər liderin bir məsələdə qarşılıqlı güzəştə getmələri çox yaxındır. Daha dəqiqi: Rusiya ikisindən birini seçməli olacaq - Ya Suriya, ya da Qarabağ! Söz yox ki, Suriya Rusiya üçün vazkeçilməz yerdir. Rusiyanın Ağ dənizdə olan yeganə çıxışı məhz Tarsus limanıdır. O cümlədən, Rusiya artıq illərdir ki, Susiyada hərbi iştirakçıya çevrilib, çoxsaylı hərbi texnikalarını, canlı qüvvəsini orada cəmləşdirib. Üstəlik, milyardlarla dollar xərcləyib. Bütün bunlardan sonra Moskvanın Dəməşqdən imtina etməsi əsla inandırıcı görünmür, o ki qala Tartus limanı..!

Hadisələrin sözügedən məcrada inkişaf edəcəyi halda isə cənab Ərdoğanın bu günə qədər üstüörtülü səsləndirdiyi ipucularının da düyünlərini açaraq müəyyən qədər nəticələr hasil etmək olar – Putin heç vaxt Suriyadakı maraqlarını dəyişməyə doğru addıma getməz və müqabilində bir neçə istisna olunan məsələləri çıxmaq şərti ilə ona demək olar ki, bir çox siyasi cəhətlərdən dəstək göstərən Türkiyənin də maraqlarını gözardı etməz.

Oyun Bakı ilə Ankaranın xeyrinə nəticələnəcək, Moskva da kənarda qalmayacaq

Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası prosesindən başlayaraq sülh müqaviləsinin imzalanmasına və ən əsası, Zəngəzur dəhlizinin açılmasına qədər açıq qalmış kartlar oynanılacaq və Bakı ilə Ankaranın xeyrinə nəticələnəcək. Təbii ki, Moskva da regional oyunçular sırasında yer aldığına görə bu səmərədən istifadə etmək hüququndan məhrum olunmayacaq.

Yeri gəlmişkən, bəzi mətbuat səhifələrində və sosial şəbəkələrdə Türkiyədən İrəvana enən təyyarə barədə məlumatları çoxları gördülər. Deyilənlərə görə, İrəvana enən təyyarə məhz Ərdoğanın güvəndiyi diplomatları oraya aparıb - Paşinyanla üzbə-üz danışığa. Çox güman Paşinyana çatdırılıb ki, ya imzaladığın sənədə əməl edib dəhzil məsələsini dərhal həll edir, ya da hərbi güc yolu ilə müdaxilə ediləcək və problem həmin vasitə ilə həlli yolunu tapacaq. Son vaxtlarda isə Paşinyan Türkiyə ilə münasibətlərə yaşıl işıq yandırıb. Lakin İrəvanın Kremlə nifrəti o qədər çoxdur ki, Türkiyə ilə münasibətə daha çox can çatır, çünki yaxşı bilir ki, Ankara heç vaxt vədindən geri dönmür. Belə görünür ki, İrəvan özü də Kremlin qapazaltısı olmaq əsarətindən qurtulmaq istəyir. Bunun üçün isə bizə sentyabrın 29-da Soçidə keçiriləcək görüşü və oradan çıxacaq rəsmi nəticələri gözləmək qalır, hətta gözlədiyimizdən də artıq nəticələri...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə