Yaxın Şərqdə baş verən proseslər Qarabağa təsir edəcəkmi? - DEPUTAT ŞƏRH ETDİ

“Əfqanıstanda baş verən hadisələr dünyanın diqqət mərkəzindədir. 1996-2001-ci illərdə Əfqanıstanda hakimiyyətdə olmuş Taliban rejimi yenidən hakimiyyətə qayıdışını təmin edib. Əslində, bu gün Əfqanıstanda hər kəsin hər kəslə müharibəsi baş verməkdədir və bu ölkəyə yaxın zamanda sülhün gələcəyi ilə bağlı çox inamsız ehtimallar var. Hesab olunur ki, Əfqanıstan yenidən çox ciddi siyasi katalizmlər dövrünə daxil olub”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin üzvü, siyasi ekspert Elman Nəsirov deyib.

Ekspertin sözlərinə görə, 20 ildən sonra ABŞ-ın Silahlı Qüvvələri Əfqanıstanı tərk etdikdən sonra burada artıq faktiki olaraq situasiya kökündən dəyişib və hakimiyyət uğrunda mübarizə yeni müstəviyə daxil olub: “Taliban öz əvvəlki hakimiyyətini bərpa etməkdədir və bu proseslərdə bir çox qorxulu məqamlar diqqətdən yayınmır. Ölkədə müxtəlif siyasi qruplaşmalar arasında vahid mövqeyin və barışığın əldə edilməsi çox uzaq perspektiv kimi görünür. Taliban rejiminin hakimiyyətə gəlişi ilə bir çox opponentlər iddia edir ki, ölkədə narkotiklərin qeyri-qanuni dövriyyəsi yeni məzmun kəsb edəcək. Bu da çox qorxulu və təhlükəli ssenari hesab olunur. Şəriət qanunları əsasında Taliban rejiminin fəaliyyət göstərməsi, Əfqanıstanı əmirlik elan etməsi, eyni zamanda şəriət qanunları əsasında qərarların qəbul edilməsi, qadınlara münasibətdə kəskin mövqeyin irəli sürülməsi, öz siyasi opponetlərinə qarşı təziq və təhdid kompaniyasının aparılması Əfqanıstanda yaxın zamanda sülhün əldə edilməsinə dair ümidlərin üstündən xətt çəkir. Heç şübhəsiz ki, Əfqanıstanda baş verən proseslər regiona təsirsiz qalmayıb. Bu gün nəzərə alsaq ki, terrorçuların Əfqanıstanın şimalında cəmləşməsi prosesi gedir”.

E.Nəsirov vurğulayıb ki, Suriyadan, İraqdan, Mərkəzi Asiya ölkələrindən terrorçu qrupların məhz Əfqanıstanı özləri üçün yenidən yuva seçməsi hər biri çox təhlükəli tendensiyalardır və xüsusilə də MDB ölkələri olan Mərkəzi Asiya ölkələri üçün ciddi problemlər yaşana bilər: “Nəzərə alsaq ki, bu ölkələrdə Rusiyanın hərbi bazaları var. Burada söhbət ilk növbədə Tacikistandan, Özbəkistandan gedir. Türkmənistan da analoji təhlükələrdən hifz olunmayıb. Qırğızıstan üçün də eyni təhlükə gözlənilir. Bütün bunlar da heç şübhəsiz Rusiya üçün yenidən təhlükə mənbəyidir. Belə olan vəziyyətdə Rusiya üçün yeni başağrılarının olması ehtimalı kifayət qədər böyükdür. Ona görə region ölkələri bütün bu prosesləri diqqətlə izləməkdədir. Bu proseslərdə Türkiyənin yeri və nüfuzu kifayət qədər böyükdür. Türkiyə regional gücdür və Əfqanıstanda baş verən proseslərdə Türkiyənin də təsir imkanları kifayət qədər böyük hesab olunur. Bu nöqteyi-nəzərdən bir çox dövlətlərin Türkiyəyə üz tutması bu mürəkkəb situasiyada aparıcı rolda çıxış etməsi ilə bağlı mövqelərin səslənməsi təsadüfi deyil”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə