“Ermənistan burada alətdir, icraçıdır” POLİTOLOQ MARAQLI MƏQAMLARA TOXUNDU

O cəmiyyətin, o dövlətin rəhbərliyində ki, təcavüzkar siyasət, qonşularla dinc qonşuluq siyasəti yox, əksinə, ədavət aparan rəhbərlik varsa, onlar üçün belə acı məğlubiyyəti qəbul etmək çox çətindir və əslində, onlar belə reallıqla, belə bir həqiqətlə barışmamağa çalışırlar. Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Sahil İsgəndərov söyləyib.

Politoloqun sözlərinə görə, sözsüz ki, bu, ilk növbədə Ermənistan siyasi isteblişmentinin son 30 ildə yalnız və yalnız xarici düşmən kontekstində digər qonşularla düşmənçilik, ədavət siyasəti aparmasının daxili auditoriyada gözündə əsaslandırmaq üçündür.

“Əgər 30 ildir onlar buna müyəssər olurdularsa, axı indi artıq Ermənistan cəmiyyətinə Ermənistan rəhbərliyi hansı dırnaqarası müsbət bir nəticəni, yaxud müsbət siyasət nəticəsini göstərə bilər ki, əgər ərazi iddiaları, ərazi işğalı məsələsi də konkret olaraq Azərbaycan tərəfindən həll olunub və Ermənistanın bu siyasətinə son qoyulub? Bu, məsələnin bir tərəfidir. Məsələnin digər tərəfi ondan ibarətdir ki, Rusiyanın əsas moderatorluğu altında konkret olaraq artıq Ermənistan tərəfinə çox ciddi təzyiq göstərilir ki, Azərbaycanla Ermənistan arasında “Böyük Sülh Sazişi” imzalansın. Sözsüz ki, “Böyük Sülh Sazişi”nə gedən, aparan yol sərhədlərin delimitasiyası və demarkasiyasından keçir. Əgər sərhədlərin delimitasiyası, demarkasiyası öz əksini tapmırsa, sülh sazişindən söhbət gedə bilməz və Ermənistanın baş naziri Paşinyanın, belə deyək, qulağından tutulub Moskvaya çağırılması, Azərbaycan Prezidentinin təxminən bundan bir qədər sonra Moskvaya dəvət olunması kontekstində mən düşünürəm ki, burada əsas məqam odur ki, Kreml hər iki tərəfə “Böyük Sülh Sazişi”nin prinsplərini, müddəalarını artıq razılaşdırır. Sözsüz ki, burada da əsas məqamlardan biri odur ki, bu, Rusiyanın maraqlarına da birbaşa aiddir. Çünki sülh sazişində dövlətlərin bir-birini beynəlxalq sərhədlər çərçivəsində tanıması yoxdursa, o sülh sazişinin qiyməti olmayacaq, sülh sazişi yarımçıq olacaq. Azərbaycan tərəfinin konkret olaraq Ermənistan qarşısında tələbi və Rusiyaya da təklifi ondan ibarətdir ki, bu sülh sazişində mütləq bir-birlərinin sərhədlərini tanımaq müddəası öz əksini tapsın. Yəni, Ermənistan nəhayət ki, belə bir müddəanın altına imza qoysun. Ermənistan məhz bu məsələni əngəlləmək və bunu pozmaq üçün bu təxribatları törədir ki, sərhədlərin delimitasiyası və demarkasiyası xeyli uzansın. Oradan da sülh sazişi məsələsi uzansın.

Üçüncü əsas məqam da ondan ibarətdir ki, nəinki indi, nəinki 30 il müddətində, 100 il bundan sonrakı müddətdə belə biz, ilk növbədə, belə məsələlərdə günahı Ermənistandan daha çox onun havadarlarında axtarmalıyıq. Özü də xarici havadarlarında. Əslində, Emənistanı həmişə belə siyasətə təhrik edən həmin havadarlar, xarici qüvvələr olub. Regionda reosiyasi marağı olan qüvvələr 300 ildir ki, Ermənistanı, erməni kartını bir çirkin alət kimi istifadə edirlər. Bu günün özündə də biz bunun şahidiyik.

Ermənistan acı məğlubiyyətə düçar olub. Heç bir hərbi, iqtisadi, siyasi potensialı olmayan bir dövlət nədən yenə də vəziyyəti gərginləşdirməyə, regionda xaos yaratmağa çalışır? Bu, təkcə Ermənistanın işi deyil, Ermənistan burada alətdir, icraçıdır. Ermənistanı burada alət kimi planlı şəkildə istifadə edən qüvvələr var və bu, həmin qüvvələrin işidir, indi yaranmış geosiyasi reallıqda oyundan kənarda qalmış qüvvələrin işidir. Onlar hər nə yolla olur-olsun yenidən bu erməni çirkin aləti vasitəsi ilə regiona qayıdıb və burada artıq indi 3+3 formatının əsas aktorları olan Azərbaycan, Türkiyə və Rusiya ilə qarşıdurma yaratmağa çalışırlar, bax məsələ bundadır. Onların geosiyasi maraqları bu ziddiyyətlərin kökünə son qoymağa imkan vermir. Əsas məsələ budur. Ona görə əsas məsələ Ermənistanı quduz köpək kimi bütün sərhəd dövlətlərə kısqırdanlardadır. Bu, həmin dövlətlərin, özü də Ermənistandakı revanşist qüvvələrlə maraqları daban-dabana, birə-bir üst-üstə düşən qüvvələrin oyunlarıdır. Bax, Ermənistan buna görə cürətlənib.

Biz bilirik ki, Ermənistana Rusiyanın siyasi rəhbərliyi havadarlıq edib. Xüsusilə də ötən əsrin 90-cı illərində və həmin qərbpərəst Rusiya rəhbərliyi oyunları aparır və Azərbaycanın, Türkiyənin mənafelərinə zidd siyasət aparır. İndi şükürlər olsun ki, Rusiyanın siyasi rəhbərliyi bunun özünün Rusiyanın geosiyasi maraqlarına, yəni Ermənistanın nə dərəcədə ziyan vurduğunu fərqindədir və Azərbaycan, Türkiyə ilə Rusiya əl-ələ verib artıq yeni bir geosiyasi reallıq yaradıb. Ermənistan bu cür təxribatlarla həm də Rusiyaya buynuz göstərir. Hətta Rusiyanın özündə də ifrat ermənipərəst qüvvələr özləri də bu oyunlarda iştirak edirlər”, deyə politoloq Sahil İsgəndərov bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə