Ermənilərin öz adlarına çıxdığı - Daha bir alban məbədi

Müqəddəs Yelisey monastırı Murov dağ silsiləsinin ətəklərindən birində hündür təpədə yerləşir, üç tərəfdən divarla, bir tərəfdən isə sıldırım qayalıqla əhatələnib. Monastır Tərtər rayonu ərazisində əlçatmaz bir mövqedədir və oraya aparan yol dar cığırdan keçir. SİA-nın verdiyi məlumata görə, Suqovuşan və Təpəkənd kəndləri arasında yerləşən tarix-memarlıq kompleksi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli abidə kimi qeydiyyata alınıb.

Tarixə nəzər salsaq görərik ki, Musa Kalankatlının “Alban tarixi” əsərində Müqəddəs Yelisey monastırının əvvəllər Ners-Mihra qardaşlığı adlandırıldığı bildirilir. Əfsanəyə görə, Alban hökmdarı mömin Vaçaqanın (487-510-cu illər) qəbri də bu monastırın həyətindədir.

Müqəddəs Yelisey monastırı bir kilsə, yeddi sövmə, qəbiristanlıq və bir neçə xabalıqları qalmış tikili qalıqlarından ibarətdir. Kilsənin 10 metr uzunu və 5,8 metr eni olmaqla, qərb hissəsindən üçnefli nartekslə tonzolu salonu var.

Ümumiyyətlə, monastırın həyətində onlarla qəbir daşı var idi. Yeddi sövmədən biri Alban hökmdarı mömin Vaçaqana, digəri Çiləbörd məliyi cəsur Atama, digəri isə Alban Apostol kilsəsinin yepiskoplarından olan Meliksetə məxsus olub.

Əksər tədqiqatçılar monastırın V əsrdə tikildiyini bildirsələr də, abidənin özü də daxil olmaqla, bütün epiqrafik yazılarında rast gəlinən tarixlər XIII əsrə aiddir.

Müqəddəs Yelisey monastırı istər Qafqaz Albaniyasının, istərsə də sonrakı dövrlərdə alban köklü Qarabağ məlikliklərinin siyasi və mədəni həyatında böyük rol oynayıb. Ermənilər 30 illik işğal dövründə bu abidəni də siyasi məqsədləri üçün istifadə etməyə cəhd göstəriblər. Əsas hədəf isə yenə də Azərbaycan xalqının tarixinə aid olan Qafqaz Albaniyasının hökmdarı mömin Vaçaqanın qəbrindən məkrli siyasi məqsədləri üçün istifadə etmək olub.

Azərbaycan SSR Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşlarından ibarət qrup 1970-ci ildə Müqəddəs Yelisey monastırında tədqiqatlar aparıb.

Ekspedisiyanın məqsədi monastır ərazisində arxeoloji kəşfiyyat işləri aparmaq, abidələrin üzərində olan yazıları qeydə almaq, xüsusən də Alban hökmdarı mömin Vaçaqanın qəbrini tapmaq idi.

Ekspedisiyaya rəhbərlik edən arxeoloq Rəşid Göyüşov yazırdı: “... Bu məbəd Albaniyada xristianlığın ilk təbliğatçısı Yeliseyin şərəfinə tikilmişdir, həmçinin alban çarı mömin Vaçaqan burada dəfn edilmişdir”.

Aparılan tədqiqatlar göstərdi ki, məbəd IX-X əsrlərdə dağıdılıb. XI əsrdə burada dağıntılar üzərində yeni monastır kompleksi inşa olunub.

Uzun illərdir işğal altında olan Müqəddəs Yelisey monastırını erməniləşdirməyə səy göstərən düşmən bu niyyətinə də nail ola bilməyib. Vətən müharibəsində işğaldan azad olunan torpaqlarımız, o cümlədən bir çox tarixi-dini tikililərimiz kimi Azərbaycan dövləti bu monastırı da əsaslı şəkildə bərpa edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə