Ermənistan-Azərbaycan sərhədi: İrəvan nə etməyə çalışır? - ŞƏRH

Keçmiş SSRİ-nin tərkibinə daxil olan respublikaların sərhədləri 70 illik bir zaman daxilində hər kəsə məlum olub. Vahid ölkədə yaşasalar da "qardaş respublikalar" sərhədlərinin miqyasını dəqiq bilirdilər. Tikanlı məftil olmasa da, dağ-dərə, yol-cığır, çay və göllər onları bir-birindən ayıran, yaxud birləşdirən coğrafi göstərici idi. SSRİ qurulanda "15 qardaş"ın hansı sərhədlərlə bu ittifaqa qəbul olunduğu Sovet konstitusiyasında da təsbit olunmuşdu. Eyni zamanda beynəlxalq sənədlərdə də, o cümlədən 1975-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) çərçivəsində imzalanan Helsinki Yekun Aktında da Azərbaycanın sərhədlərinin haradan keçdiyi bir daha öz əksini tapıb.

Azərbaycan 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra onun suveren sərhədləri də BMT tərəfindən məhz həmin sərhədlər çərçivəsində tanınıb. Bu gün Azərbaycan dövlətinin sərhəddə qurduğu postlar əslində rəsmi Bakının beynəlxalq sənədlərə əsasən atdığı addımların məntiqi nəticəsidir. Burada, ermənilərin iddia etdiyi kimi, ərazi işğal etmək yox, ərazilərin bərpasından söhbət gedə bilər. Bu postlar birbaşa olaraq BMT-nin qəbul etdiyi sərhədlər çərçivəsindədir. Amma 30 il Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdən rəsmi İrəvan ölkəmizin sərhədlərini də dəyişdirməyə, özü bildiyi şəkildə cızmağa cəhd göstərmişdir. Bu azmış kimi işğal etdiyi Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşma siyasəti aparmışdır. Livandan, Suriyadan, İraqdan, Amerika və Fransadan etnik ermənilərin Laçın, Kəlbəcər, Şuşa və Qubadlı-Zəngilan bölgəsinə gəlmələri üçün şərait yaratmış və bununla da bütün büynəlxalq normaları kobud şəkildə pozmuşdur. Amma bu barədə indi Ermənistanı dəstəkləməyə uğursuz cəhdlər edən bəzi ölkələr, beynəlxalq qurumlar bir kəlmə də danışmırlar.

44 günlük müharibədən Azərbaycan qalib çıxdı. Ermənistanın Azərbaycan ərazilərində hərbi-siyasi mövcudluğuna son qoyuldu. Təbii ki, Azərbaycan Qarabağ və ətrafındakı 7 rayonu işğaldan azad etməklə, həm də sərhədlərini beynəlxalq qurumların sənədlərində göstərildiyi yerdən cızmalı, oralara sahiblənməli idi. Belə də oldu, Azərbaycan 30 ildən sonra əzəli torpaqlarına qayıtdı. Və bu Ermənistan tərəfdən heç də birmənalı qarşılanmadı, narazılıqları bütün dünyaya yayıldı. Aydın məsələdir ki, şikayət etdiyi ölkələr, beynəlxalq təşkilatlar məsələyə heç də ermənisayağı reaksiya vermədilər. Çünki, sərhədlərin haradan keçdiyi, kimin haqlı, kimin haqsız olduğu hər kəs bilir.

Buna baxmayaraq Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyalı prezidenti Vladimir Putinə Zəngəzur (ermənicə Sünik) bölgəsindəki vəziyyətlə bağlı yalan izahat verərək ondan hərbi dəstək istəməsi də heç bir çərçivəyə sığmır. Erməni tərəfinin mövqeyinə görə, Azərbaycan hərbçiləri bölgəyə qanunsuz daxil olublar. Putin isə Paşinyanla söhbətində baş nazirə 10 noyabr bəyannaməsini bir daha xatırladıb və tərəflərin sülhə sadiq qalacağına inandığını vurğulayıb. Paşinyanın mətbuat xidməti isə erməni xislətinə uyğun olaraq guya Rusiya Prezidenti Vladimir Putinin "Azərbaycan hərbçiləri əvvəlki mövqelərinə qayıtmalıdırlar" tələbi ilə çıxış etdiyi xəbərini yayıb. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə Ermənistanla hərbi yardım məsələlərinin Moskva ilə İrəvan arasındakı ikitərəfli danışıqlarda "müzakirə edildiyini" söyləyib. Eyni zamanda, Kremlin nümayəndəsi bildirib ki, Vladimir Putin "vəziyyəti normallaşdırmaq üçün" Ermənistan və Azərbaycanla təmasları davam etdirəcəyini deyib. Amma Azərbaycan ordusu barədə heç bir cümlə işlətməyib.

Paşinyanın bölgəsindəki vəziyyətlə bağlı Rusiya Federasiyası Prezidenti ilə telefon görüşməsindən sonra Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Təhlükəsizlik Şuraları Katibləri Komitəsinə rəhbərlik edən Tacikistan Təhlükəsizlik Şurasının katibi Nəsrullah Mahmudzadəyə növbədənkənar iclas keçirilməsini təklif edib. Təklifin səbəbi Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət olub. Qriqoryan guya "Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın sərhəd bölgələrinə nüfuz etməsi ilə bağlı faktlar"ı təqdim edib.

Əslində KTMT üzv ölkələrdən birinin müraciətinə 3 gün ərzində cavab verməli və tədbir görməli idi. Bu barədə hərbi qurumun nizamnaməsində də yazılıb. Amma hələ ki, KTMT-dən heç bir soraq yoxdur. Buradan belə nəticəyə gəlmək olar ki, hətta Ermənistana KTMT-də də inanmırlar. Ermənistan-Azərbaycan sərhədinin haradan keçdiyini üzv ölkələr İrəvandan daha yaxşı bilirlər.

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanlı həmkarı Kasım-Comart Tokayevlə telefon danışığı zamanı sərhəddə yaranan gərginlik barədə fikirlərini bildirib. Dövlət başçısı qeyd edib ki, İrəvan sərhədlərin dəqiqləşdirilməsi prosesinə "qeyri-adekvat cavab" verir: “Ermənistanın bu məsələ ilə bağlı KTMT-yə müraciəti məsələni beynəlxalq arenaya çıxarmaq cəhdindən başqa bir şey deyil və bu tamamilə əsassızdır, sərhəddə qarşıdurma olmayıb, vəziyyət sabitdir, danışıqlar davam edir”.

Qeyd edək ki, KTMT-nin Nizamnaməsində Rusiya, Belarusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistanı da əhatə edən təşkilatın üzvlərinin bir-birinin müstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini müdafiə etməsi nəzərdə tutulur. Beləliklə, Ermənistan ərazisinə hərbi hücum olarsa, ehtimal ki, Rusiya KTMT tərəfdaşını qorumalı olacaq. Rusiyanın müdafiə naziri Sergey Şoyqu iki gün əvvəl erməni həmkarı Vaqarşak Arutyunyan ilə telefonla müzakirə etdiyini söyləyib. Ermənistan Müdafiə Nazirliyinin rəhbəri vurğulayıb ki, "Azərbaycan hərbçilərinin təcavüz etdiyi "Qara göl də daxil olmaqla bütün ərazilər Ermənistan ordusunun tam nəzarəti altındadır". Şoyqu isə vəziyyətin sülh yolu ilə həll edilməli olduğunu bir daha vurğulayıb.

Göründüyü kimi həm Rusiya Prezidenti, həm də müdafiə naziri məsələnin sülh yolu ilə həll olunmasının vacibliyini vurğulayıblar. Yox əgər Azərbaycan həqiqətən Ermənistan ərazilərinə bir qarış keçmiş olsaydı, onda Rusiyanın həm siyasi, həm də hərbi rəhbəri Ermənistana "narahat olma" mesajı verməzdilər.

Makronlu Fransa isə hadisələrdən xəbərsiz, naşı birisi kimi davranaraq, sanki Azərbaycanın qələbəsini həz etmirmiş kimi ultimatum dilində danışdı. Fransa Prezidenti erməni həmkarı ilə telefon görüşməsində Ermənistana hər cür kömək edə biləcəyinə işarə vurub. Ermənistan hökumətinin başçısı Nikol Paşinyan "lazım olduğu təqdirdə Paris BMT mandatı çərçivəsində hərbi dəstək verməyə hazır olduğunu" deyib. Amma Paşinyan onu da deməyi unutmayıb ki, "Fransa prezidentinin reaksiyası birmənalı deyildi". Çünki, Fransa prezidentinin əvvəlki cümlələrində hədə ritorikası olsa da, son cümlələrində "sülh"dən, "diplomatik üsullar"dan dəm vurması Paşinyanın əhvalını korlayıb.

Fransadan əli üzülən Ermənistanın Baş naziri Rusiya ilə hərbi ittifaqın ölkəsinin təhlükəsizliyinin təməli olduğunu Moskvadakılara bir daha xatırladıb: “Ermənistan öz təhlükəsizliyini necə təmin etməlidir? Əlbəttə, Ermənistanın xarici təhlükəsizliyinin təməli Rusiya ilə imzalanmış onlarla sazişlə müəyyən edilmiş hərbi ittifaqdır”.

Baş nazirin sözlərinə görə, Ermənistan və Rusiya 102-ci Rusiya hərbi bazasının imkanlarını genişləndirmək imkanlarını müzakirə edirlər. Bundan əlavə, bu bazanın Syunik bölgəsində bir filialının yaradılması məsələsinə baxılır: “Bu müzakirələrin müsbət nəticəsi hər kəs üçün uğurlu gələcək vəd edir. Rusiya sərhədçiləri Sünikdəki dövlət sərhədinin qorunmasında iştirak edəcəklər”.

Sonda Karnegi Moskva Mərkəzinin direktoru, Rusiya Beynəlxalq İşlər Şurasının üzvü Dmitri Trenin daha çox ermənilərin və Ermənistan rəhbərliyinin eşitməli olduğu fikirlərini diqqətə çatdırmaq istərdik: “Moskva KTMT və Aİİ-dəki müttəfiqlərinə və ortaqlarına çoxdan açıq şəkildə bildirdi ki, daxili problemlərini onlar üçün həll etməyə çalışmayacaq və xarici əlaqələrdə yalnız öz öhdəlikləri çərçivəsində hərəkət edəcəkdir".

Vəli VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə