Naxçıvan Avrasiya nəqliyyat dəhlizinə çevrilir – ANALİZ

İlham Əliyev: “Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir, hansı ki, açılmalıdır və açılacaqdır”

Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına bu həftənin əvvəlində etdiyi səfəri siyasi və iqtisadi cəhətdən olduqca əhəmiyyətlidir. Səfər zamanı dövlət başçısı regionumuzda baş verən proseslər haqda maraqlı açıqlamalar və mesajlar verdi. Biz bu yazıda daha çox səfərin və bu bölgəmizdə həyata keçirilən işlərin iqtisadi və sosial əhəmiyyətinə toxunacağıq.

Naxçıvanın sosial infrastrukturu modernləşir

Qeyd etmək lazımdır ki, bu, İlham Əliyevin Naxçıvana 15-ci səfəri idi və olduqca məhsuldar oldu. Ölkə başçısı bir sıra sosial-iqtisadi obyektlərin açılışını etdi. Azərbaycan Televiziyasına verdiyi müsahibədə dövlət başçısı muxtar respublikanın sosial-iqtisadi inkişafının sürətləndiyini və burada yeni böyük layihələrin həyata keçirildiyini qeyd etdi.

“Naxçıvan sürətlə inkişaf edir. Bütün sahələr üzrə işlər müsbət istiqamətdə gedir. Bu gün bir neçə infrastruktur layihəsinin açılışında iştirak etmişəm, o cümlədən Ordubad şəhərində içməli su və kanalizasiya layihəsinin istifadəyə verilməsini qeyd etmişik. Yollarla, elektrik təchizatı, qazlaşdırma ilə bağlı– bütün istiqamətlər üzrə muxtar respublikada görülən işlər məni çox sevindirir”-deyə İlham Əliyuev bildirib.

Kommunal infrastruktun yenilənməsinə və təkmiləşməsinə toxunan Prezident deyib: “Təkcə onu demək kifayətdir ki, qazlaşdırmanın səviyyəsi artıq 100 faizə çatıb. Elektrik enerjisi ilə təchizat 100 faizə çatıb və Naxçıvanda çox böyük enerji potensialı yaradılıb. Vaxtilə Naxçıvanda işıq yox idi, enerji yox idi. Azərbaycandan gələn xətlər də Ermənistan tərəfindən kəsilmişdi. İndi isə Naxçıvan özünü elektrik enerjisi ilə tam təmin edir və bərpaolunan mənbədən istifadə edir. Bu, çox önəmlidir. Çünki bu, Naxçıvanın gözəl təbiətinə və ekoloji vəziyyətinə töhfə kimi qəbul edilməlidir.

Bütün şəhərlər artıq magistral yollarla bir-birinə bağlanıbdır və Naxçıvanda olan hər bir insan bunu görür. Yollar çox keyfiyyətlə tikilir, mən bu yolların açılışlarında iştirak etmişəm, bəzi yollar çoxdan istismara verilib, amma buna baxmayaraq keyfiyyət də yerindədir. İçməli su layihələri bütün şəhərləri əhatə edir. İndi 3 şəhərdə bu layihələr icra ediləcək və beləliklə, bu məsələ də tamamilə öz həllini tapacaq”.

30 ildir blokadada yaşayan Naxçıvanın iqtisadi potensialından səmərəli istifadə olunması burada yeni-yeni istehsal sahələrinin açılmasını şərtləndirib. Məhz xüsusi yanaşma sayəsində burada iqtisadi inkişaf tempi digər regionlara nisbətən yüksəkdir. Dövlət başçısı bu məsələyə də toxunub: “Naxçıvanda sənaye potensialı inkişaf edir, artır. Muxtar Respublika son 20 il ərzində iqtisadi artımın templərinə görə rekordsmen bölgədir. Ümumi daxili məhsul 10 dəfədən çox artıb. Kənd təsərrüfatı ilə bağlı görülmüş işlər nəticəsini verməkdədir. Yəni, bütün bunlar inkişafın təzahürüdür. Naxçıvanın çox böyük turizm potensialı var. Bu gün yeni uçuş-enmə zolağının açılışını qeyd etdik və biz turistlərin Naxçıvana gəlməsini stimullaşdırmalıyıq. Əlbəttə, pandemiya ilə əlaqədar bütövlükdə turizm sektoru tənəzzülə uğrayıb. Amma əminəm ki, pandemiyadan sonra Naxçıvana gəlmək istəyən xarici qonaqların sayı daha da artacaq”.

Prezident İlham Əliyev NMR-də sosial təyinatlı obyektlərin tikintisinin davam etdiyini və əhalinin sosial-mədəni yaşayış səviyyəsinin yüksəlməsi üçün bütün mümkün tədbirlərin görüldüyü qeyd edərək deyib: “Bu gün “ASAN xidmət” Mərkəzinin tikintisi ilə tanış oldum. Bu da ictimai xidmətlər sahəsində çox önəmli bir təsisatdır və ölkəmizdə hazırda 7 mərkəz tikilir, o cümlədən Naxçıvanda. Onlar istifadəyə veriləndən sonra “ASAN xidmət” mərkəzlərinin sayı 27-yə çatacaq. Ölkəmizdə hazırda DOST mərkəzləri yaradılır. Artıq göstəriş vermişəm ki, Naxçıvanda da DOST Mərkəzi yaradılsın. Bu da sosial təminat və pensiya təminatı sahələrində bizim növbəti uğurlu addımımızdır, milli brendimizdir.

Naxçıvanın təhlükəsizliyi maksimum səviyyədə təmin olunub

Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinin təmin olunması üçün də müxtəlif obyektlər tikilib və tikilməkdə davam edir. Dövlət başçısı bunun çox vacib olduğunu bildirib: “Əlbəttə, Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinin təmin edilməsində, hərbçilərin xidmət və məişət şəraitinin yaxşılaşdırılmasında bu obyektlərin böyük önəmi var. Çünki hərbçilərin indi xidmət şəraiti yaxşılaşır, yeni hərbi hissələr tikilir. Son illər ərzində Naxçıvanda demək olar ki, bütün hərbi hissələr yenidən quruldu və olmayan bir çox hissələr yaradılmışdır. Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışı da əlamətdar hadisədir. Çünki bu, Naxçıvan Muxtar Respublikasının ən böyük tibb müəssisəsidir, çarpayıların sayına görə Mərkəzi Xəstəxanadan da böyükdür. Eyni zamanda, hərbi aerodromun açılması Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinin təmin edilməsində xüsusi yer tutur.

Ümumiyyətlə, deyə bilərəm ki, Naxçıvanın müdafiə potensialının möhkəmlənməsinə həmişə böyük diqqət göstərilib. Təsadüfi deyil ki, mənim göstərişimlə Naxçıvanda Ümumqoşun Əlahiddə Ordu yaradılmışdır və ordu ən müasir silah və texnika ilə təchiz edilmişdir. Bu gün Naxçıvan ordusunda olan hərbi texnika deyə bilərəm ki, bəlkə də bəzi qabaqcıl ölkələrdə olan texnikadan üstündür. Çünki Naxçıvana ən müasir, ən son texnologiyaya əsaslanmış texnika gətirilir. Deyə bilərəm ki, bütövlükdə Azərbaycan Ordusuna xaricdən gətirilmiş texnikaların böyük əksəriyyətinin nümunələri Naxçıvan Muxtar Respublikasında mövcuddur. Əlbəttə ki, Naxçıvan Ümumqoşun Əlahiddə Ordunun döyüş qabiliyyəti də yerindədir və uğurlu Günnüt əməliyyatı – 3 il bundan əvvəl keçirilmiş əməliyyat bunun bariz nümunəsidir. O əməliyyat Ermənistanda hakimiyyət dəyişikliyinə təsadüf etdi, ona görə, hakimiyyətə gəlmiş yeni iqtidar bunu bir növ ört-basdır etməyə çalışdı. Biz də heç üstünü vurmadıq. Çünki bizə hansısa təbliğat yox, real iş lazımdır. Biz çox önəmli strateji yüksəklikləri Ermənistan ordusundan təmizlədik, o yüksəklikləri əldə etdik. Bu yüksəkliklər imkan verdi ki, biz artıq strateji kommunikasiyalara tam nəzarət edirik və Ermənistandan Dağlıq Qarabağa gedən yola da nəzarət edirik. İkinci Qarabağ müharibəsində bu yola nəzarət imkanlarımız bizə bir çox informasiyanın əldə edilməsində kömək göstərdi. Qarşı tərəf bilir ki, bizim nəzarətimizdə olan bu kommunikasiyalar istənilən vaxt kəsilə bilər və əlbəttə, öz addımlarını buna uyğun atmalıdır”.

Naxçıvan- Avrasiya nəqliyyat dəhlizinə və iqtisadi mərkəzlərdən birinə çevrilir

Kommunikasiyalar məsələsi məlum olduğu kimi, regiondakı yeni reallıqlar müstəvisində son dərəcə vacib bir halqadır. Qarabağın azad edilməsindən sonraskı dövrdə əldə edilmiş razılığa əsasən bölgədə nəqliyyat dəhlizləri bərpa olunmalı və region ölkələrinin iqtisadi-ticari əməkdaşlığı üçün yeni imkanlar açmalıdır. Dövlət başçısı Ordubad dəmir yolu stansiyasında yaradılan şəraitlə tanış olarkən bu məsələlərə də toxundu: “Mən təsadüfən Ordubad dəmir yolu stansiyası ilə tanışlığa gəlməmişəm. Çünki bunun da çox böyük rəmzi mənası var. Bu yaxınlarda buradan təqribən 50-60 kilometr uzaqlıqda yerləşən Mincivan qəsəbəsinin ermənilər tərəfindən dağıdılmış dəmir yolu stansiyasında baxış keçirdim. Orada dəmir yolu mövcud deyil. Mənfur düşmən bütün dəmir yolu infrastrukturunu dağıdıbdır, talan edibdir. Orada bir mərkəz olacaq, burada bir mərkəz olacaq. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir, hansı ki, açılmalıdır və açılacaqdır… Heç kimdə bu haqda şübhə olmasın. Əlbəttə ki, Azərbaycan öz üzərinə düşən vəzifələri icra edəcək. Bildiyiniz kimi, mən Horadiz-Ağbənd dəmir yolunun təməl daşını qoydum. Burada çatışmayan 15-16 kilometrlik hissə inşa ediləcəkdir, Ordubaddan Ermənistan sərhədinə qədər. Naxçıvan dəmir yolu fəaliyyət göstərir, indi həm sərnişin, həm yük daşımaları həyata keçirilir. Yəni, Azərbaycan ərazisində Horadiz-Ağbənd dəmir yolu tikiləndən sonra bütün infrastruktur yaradılacaqdır.

O ki qaldı Ermənistan ərazisində olan hissəyə, bildiyiniz kimi, Ermənistan dəmir yolları anlayışı yoxdur. Rusiya dəmir yolları bütün Ermənistanın dəmir yollarına sahibdir. Deməli, Ermənistan dəmir yolları ona məxsusdur. Ona görə biz bu məsələni daha çox Rusiya tərəfi ilə müzakirə edirik. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq. Əminəm ki, bu, olacaqdır, məndə heç bir şübhə yoxdur. Bir daha demək istəyirəm ki, Azərbaycan öz üzərinə düşən vəzifələri icra edəcək və əlindən gələni edəcək ki, bu layihənin həyata keçirilməsində heç bir problem olmasın”.

Qeyd edək ki, dövlət başçısı NMR-də beynəlxalq aeroportun yeni zolağı, hərbi aerodrom, dəmiryol stansiyası, avtomagstrialla yanaşı həm də, bir sıra istehsal obyektlərinin açılışını da edib. Süni mayalanma mərkəzini, Azərxalçanın filialını, Ordubad SES-ı qeyd etmək olar. Bir sıra layihələr üzrə iş isə davam edir və tezliklə başa çatacaq.

Göründüyü kimi, Azərbaycan Prezidenti ölkənin ümumi strateji iqtisadi inkişafının düzgün təməllərini çoxdan atıb və indi bu iş özünün kulminasiyasına çatıb. Sovet dövründən sonra keçən 30 ildə ölkəmiz faktiki olaraq bir birindən çox aralı olan 2 fərqli hissədən ibarət idi və bu hissələr arasında qurudan birbaşa iqtisadi və kommunikasiya əlaqəsi yox idi. Əlavə vaxt itkisi və əlacə xərclər nəticəsində İran vasitəsilə əlaqə saxlanması mümkün olurdu.

Qarabağın azad olunması Naxçıvanın da blokadadan çıxarılması və onun ölkənin əsas hissəsi ilə birbaşa quru əlaqəsinin təmin edilməsinə səbəb oldu. İndi bərpa olunacaq bu nəqliyyat dəhlizi təkcə ölkəmizin iki əsas hissəsini birləşdirməyəcək, həm də region ölkələrini birləşdirəcək. Zəngəzur nəqliyyat dəhlizi Azərbaycan, Türkiyə, Rusiya, İran və Ermənistan üçün çox faydalı və strateji bir iqtisadi layihədir. Bundan başqa, bu dəhliz Böyük İpək yolunun qollarından birinə çevrilə, Avropa və Asiya arasında yeni bir nəqliyyat xətti rolunu oynaya biləcək.

Ümumiyyətlə, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizin həm siyasi, həm iqtisadi, həm də hərbi müstəvidə çəkisini xeyli artırıb və Azərbaycanı dünyada nüfuz sahibinə çevirib. Zəngəzur nəqliyyat dəhlizi isə bu siyasətin kulminasiya nöqtəsidir ki, bunun strateji əhəmiyyətini geniş və hərtərəfli təhlil etmək bizim yazının imkanları xaricindədir. Amma bunsuz belə yaxın illərdə bu siyasətin ölkəmiz üçün necə böyük imkanlar açacağını indidən görmək olur.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "İctimai və dövlət maraqlarının müdafiəsi" istiqaməti çərçivəsində hazırlanıb

Bütün xəbərlər Facebook səhifəmizdə