Azərbaycan musiqisinin, incəsənətinin beşiyi olan Şuşa şəhəri Cənab Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilmişdi. Azərbaycanın dilbər guşəsi olan Şuşa şəhəri tarixi-mədəni, ictimai-siyasi, həyatının mühüm mərkəzlərindən biri, ölkəmizin mədəniyyət beşiyi, Qafqazın konservatoriyası olmuşdur. Ermənistan Respublikasının işğalçı hərbi qüvvələri tərəfindən 1992-ci il mayın 8-də Şuşa şəhəri işğal edilmiş, burada xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi, vandalizm siyasəti həyata keçirilmişdi.
Vandalizmin davam etdiyi 29 il ərazində Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası, 160-dək mədəniyyət və tarixi abidə, 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumtəhsil məktəbi, mədəni-maarif və kənd təsərrüfatı texnikumları, orta ixtisas musiqi məktəbi, 8 mədəniyyət evi, 14 klub, 2 kinoteatr, 3 muzey, turizm bazası, şərq musiqi alətləri fabriki dağıdılmış, məbədgah və məscidlər təhqir edilmiş, çox sayda nadir əlyazma nümunələri məhv edilmiş, 20 kitabxana yandırılmışdır. Lakin Müzəffər Ordumuzun qətiyyətli mübarizəsi sayəsində 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olunmuşdur. Müzəffər Ali Baş Komandan “Şuşa bizimdir! Qarabağ bizimdir!” deyərək bu münasibətlə bütün Azərbaycan xalqını təbrik etmişdir:

• Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda, bəlkə də, ən xoşbəxt günlərimdən biridir.

• Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir!

• Əziz Şuşa, sən azadsan!

• Əziz Şuşa, biz qayıtmışıq!

• Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə qərara alıram:

1. Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Prezident İlham Əliyev hələ fevralın əvvəlində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində Şuşanın mədəniyyət paytaxtı elan ediləcəyini demişdi. Azərbaycan Mədəniyyət Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, “Azərsu” ASC-nin, Avtomobil Yolları Dövlət Agentliyinin, “Azərişıq” ASC-nin, “Azərenerji” ASC-nin, “Bakı Abadlıq Xidməti” MMC-nin nümayəndələri də daxil olmaqla ilkin olaraq 60 nəfərə qədər heyətdən ibarət və 6 əsas istiqamət üzrə fəaliyyət göstərəcək işçi qrupuna müxtəlif sahələri təmsil edən qurumların mütəxəssisləri cəlb edilərək müvafiq tapşırıqlar verilib.

Qeyd olunan Sərəncamın imzalanma tarixi kimi məhz 7 may tarixinin seçilməsi özündə mühüm mesajlar ehtiva edir.
Şuşa 1992-ci il mayın 8-də işğal olunmuşdu. Ermənilər sonradan hər il həmin günü qələbə bayramı kimi qeyd edir, dünyanın müxtəlif yerlərində yaşayan ermənilər həmin gün fərqli tədbirlərlə işğala beynəlxalq dəstək qazanmağa çalışır, şəhərin adını da təhrif edərək “Şuşi” kimi təqdim edirdilər.

1992-ci ildən sonra hər il mayın 8-ni bayram edən Ermənistan 29 il sonra bu tarixi Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı olması faktı ilə qarşılamağa məhkumdur.

Bununla dünya erməniliyinə mesaj verilir ki, “Şuşi” adlı bir şəhər yoxdur, olmayıb və heç vaxt olmayacaq. Biz bacardıq, biz bütün dünyaya sübut etdik ki QARABAĞ AZƏRBAYCANDIR! Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın Şuşaya səfərləri zamanı ziyarət etdikləri obyektlərin hamısı – Şuşa Realnı məktəbi, Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri, Qazançı kilsəsi, Bülbülün ev muzeyi, Vaqifin türbəsi, Cıdır düzü tarixi dəyər daşıyır, şəhərin tarixin bütün mərhələlərində Azərbaycan xalqına məxsusluğunu simvolizə edir. Dillərə dastan, əfsanə olan “Xarıbülbül" gülü Şuşanın rəmzi, təbiətin möcüzəsidir. Əvvəlcədən anons edildiyi kimi, mədəniyyət paytaxtımız Şuşada “Xarıbülbül” musiqi festivalı keçirildi.
Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” musiqi festivalı ilk dəfə 1989-cu ilin may ayında Şuşanın əsrarəngiz Cıdır düzündə təşkil olunub. Şuşa şəhərinin işğaldan azad olunması və mədəniyyət paytaxtı elan olmasının daxili auditoriya üçün verilən mesajları da var. Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində Şuşanın müxtəlif qurumlar, oliqarxlar tərəfindən zəbt olunmasına yol verilməyəcəyini xüsusi qeyd etmişdi:

• Mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm!

• Bərpa ilə bağlı görüləcək işlərdə mütləq ictimai nəzarət olmalıdır.

• Mütəxəssislər, memarlar, tarixçilər, şuşalılar şəhəri necə görmək istədiklərinə özləri qərar verməlidir.

• Dağıdılmış şəhərlər tezliklə elə planlı şəkildə bərpa ediləcək ki, oraya qayıdacaq insanların rahatlığı təmin olunsun, müasir, güclü Azərbaycanın gücü bütün dünyaya nümayiş etdirilsin.

Cənab Prezident İlham Əliyevin bu müsahibəsindən sonra Şuşa şəhərində bir sıra tarixi abidələr bərpa edilmişdi:

-Vaqifin məqbərəsi Heydər Əliyev Fondunun vəsaiti hesabına, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə bərpa edilir;

-Şuşa şəhərinin rəsm qalereyası bərpa edilərək yenə də rəsm qalereyası kimi fəaliyyət göstərəcək;

-Ötən əsrin 80-ci illərinin əvvəllərində inşa edilmiş “Qarabağ” mehmanxanası təmir-bərpa işlərindən sonra müasir səviyyəyə çatdırılacaq;

-Şuşa Xalça Muzeyi bərpa edilir;

-Keçmiş sanatoriya yenidənqurmadan sonra Park Otel kimi bu il istifadəyə veriləcək və qonaqlarını müasir səviyyədə qarşılaya biləcək;

-Şuşada “beş”, “dörd” və “üç” ulduzlu kiçik otellərin yaradılması nəzərdə tutulur;

-İstismar müddəti bitmiş “xruşşovka”larla bağlı tədbir görülür;

-Azərbaycan dövləti ermənilər tərəfindən baxımsız qaldığı üçün uçulub dağılmaqda olan xristian məbədlərinin bərpa edilməsini öz üzərinə götürüb. Şuşanın bərpa olunması Azərbaycan üçün tarixi, iqtisadi, siyasi cəhətdən böyük rol oynayır. Şuşa şəhəri təkcə Azərbaycanın yox bütün dünyanın ən gözəl şəhərinə çevriləcək. Cənab Prezident İlham Əliyev bildirib ki: Şuşanın girişində Azərbaycan bayrağı dalğalanır və bundan sonra əbədi dalğalanacaqdır.

Nəcib Məmmədov

Elçin Şəmiyev adına 149 nömrəli tam orta məktəbin tarix müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...