Türkiyənin Dənizli şəhərində Xocalı soyqırımı qurbanlarının anım mərasimi keçirilib

Türkiyənin Dənizli şəhərində Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. SİA xəbər verir ki, Azərbaycan-Qarabağ Parkında ucalan Xocalı soyqırımı abidəsi önündə təşkil olunan mərasimdə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dənizli vilayətinin valisi Ali Fuat Atik, Azərbaycanın Türkiyədəki Səfiri Xəzər İbrahim və Dənizli Böyükşəhər Bələdiyyəsinin sədri Osman Zolan mərasimdə çıxış ediblər. Xocalı soyqırımını insanlığa qarşı cinayət kimi dəyərləndirən çıxışçılar erməni vəhşilərinin törətdiyi bu qanlı faciənin heç zaman unudulmayacağını söyləyiblər. Qırx dörd günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı Qələbə tarixi hadisə kimi dəyərləndirilib. Türkiyənin haqlı davasında göstərdiyi siyasi-mənəvi dəstək qardaşlıq nümunəsinin daha bir göstəricisi kimi dəyərləndirilib. Vurğulanıb ki, xalqlarımızın həyatındakı sevincli və kədərli heç bir gün unudulmamalıdır. Xocalı soyqırımı Azərbaycan və Türkiyənin ortaq kədəri, qan yaddaşımızın silinməz səhifəsidir. Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət!", Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir!" ifadələri iki qardaş ölkə münasibətlərində həyat gerçəkliyidir. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətləri, liderlərin qətiyyətli qərarları, birgə atdıqları siyasi addımlar xalqlarımızın doğmalığını qoruyur və ölkələrimizin birgə inkişafını təmin edir. Vurğulanıb ki, dünya ictimaiyyətindən Xocalıya ədalət tələb etmək əbədiyyətə qədər fəaliyyətimizdə öz yerini qoruyacaq. Bələdiyyə sədri Osman Zolan Xocalı abidəsinin yerləşdiyi parka "Azərbaycan-Qarabağ Parkı" adının verilməsinə dair Dənizli Böyükşəhər Bələdiyyəsi Məclisinin qərarını səfir Xəzər İbrahimə təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə