Dağıdılan məscidlərimiz erməni kimliyindən danışır TƏHLİL

Azərbaycan ərazisində pravoslav, katolik, gürcü-pravoslav kilsəsi, sinaqoq və digər ibadət yerləri multikultural mühitin mövcudluğudur

Yaşadığımız yüzillikdə dünyada çoxmədəniyyətli ölkə imici qazanmış Azərbaycanda müxtəlif xalqlar arasında ənənəvi dostluq və qardaşlıq münasibətləri, tolerantlıq hökm sürür. Odlar diyarında yaşayan müxtəlif xalqların milli-mənəvi dəyərlərini, dini etiqadını, adət-ənənələrini qoruyub saxlamaq, dil və mədəniyyətini inkişaf etdirmək üçün mövcud olan şərait ölkəmizin dünya ölkələri üçün tolerantlıq nümunəsinə çevirib. Bu bir real mənzərədir ki, ölkəmizdə bütün dini konfensiyaların nümayəndələrinə etiqad azadlığının təmin edilməsi üçün zəruri şərait yaradılıb. Azərbaycanda rus pravoslav, katolik kilsələr, sinaqoqlar var və hər biri dövlətin diqqət və qayğsı ilə əhatə olunub. Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və Birinci Xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olarkən dövlət başçısı Ağdam məscidinin qarşısında çıxışı zamanı bildirib ki, Rusiya Pravoslav Kilsəsinin patriarxı Kiril Bakıda olarkən Azərbaycanda bu sahədə görülmüş işlərə yüksək qiymət verib, Pravoslav kilsələrində olub: "Roma Papası Fransisk Bakıda olarkən rəsmi çıxışında Azərbaycanda tolerantlıq, dini dözümlülük, multikulturalizm haqqında danışıb. Kim bizə irad tuta bilər? Məscidləri bağlayan? Yaxud da ki, müsəlman məscidlərinə öldürülmüş donuzların başlarını atan bizə dərs deyəcək, narahatlıq ifadə edəcək? Bizə heç bir narahatlıq ifadə etmək lazım deyil. Bizim bütün tarixi abidələrimiz dövlət tərəfindən qorunur. Mənim göstərişimlə və dövlət vəsaiti hesabına hazırda iki pravoslav kilsəsi təmir edilir, üçüncü kilsə isə təmir olunub. İnzibati bina tikilir. Müharibə dövründə udi qardaşlarımızın kilsəsi Heydər Əliyev Fondu tərəfindən təmir olunaraq istifadəyə verilib. Bizim Qafqaz Albaniyası kilsələri milli sərvətimizdir. Gürcü kilsələrimiz, erməni kilsəsi". Dövlət başçısı vəhşi düşmənin isə Ağdam məscidində inək, donuz saxladığını bildirib: "Bu şəkillər var internetdə. Azad edilmiş Zəngilan məscidində, Cəbrayıl məscidində donuz saxlayıb". Bütün zamanlarda dini abidəərə hörmətlə, həssaslıqla yanaşan Azərbaycanın dini ocaqlarına olan bu münasibət dözülməz olsa da erməni kimliyin ifadəsidir. Bu onların vandallığının nəticəsidir. Bu həqiqətləri dünya görür və görməlidir. Gerçəkliklərə göz yummaq elə vəhşi əməllərin müəllifləri ilə həmrəylik, həmfikirlilik deməkdir. "Biz UNESCO ilə çox sıx əməkdaşlıq edirik" deyən dövlət başçısı qeyd edib ki, gəlib xristian məbədlərinə baş çəkmək istəsə, buraya gəlsin: "Gəlsin və desin vəhşi erməni neyləyib burada. Bir də ki, bir neçə il bundan əvvəl Minsk qrupunun həmsədr ölkələrinin səfirləri bu məsciddə, burada olublar. Onlar iki dəfə faktaraşdırıcı missiyalar keçiriblər və mənə deyiblər ki, Ağdam məscidində olublar. Niyə məsələ qaldırmayıblar? Niyə bu, bəzi Qərb liderlərində narahatlıq yaratmayıb? Deməli, müsəlman məscidlərini təhqir etmək olar, inək, donuz saxlamaq olar, dağıtmaq olar. Belədirsə, belə də desinlər və getsinlər öz ölkələrində problemlərlə məşğul olsunlar, bizim işimizə burunlarını soxmasınlar".

Azərbaycan ərazisində məscidlərin, pravoslav, katolik, gürcü-pravoslav kilsəsi, sinaqoq və digər ibadət yerləri fəaliyyəti multikultural mühitin mövcudluğuna tam əsaslanır. Xalqımızın bütün dinlərə, dini abidələrə ehtiramla yanaşması böyük xalq olduğundan xəbər verir. Nəyisə qurub yaradan, bacarığı olan onun qədir-qiymətini bilər. Bir "xalq" kimi varlığından xəbərsiz, saxta tarixlə "dövlət" yaradan erməni dini abidənin nə olduğunu, insanlığın nə olduğunu, ibadətin nə olduğunu haradan bilə bilər.

Bildiyimiz kimi, Azərbaycanda yüzillər boyu bərqərar olmuş tolerantlıq mühiti XIX əsrin əvvəllərində ölkəmizə köçürüldükləri ilk vaxtlardan alman mühacirlərinin yerli əhali ilə qısa müddətdə dərin ünsiyyət qurmasına əlverişli zəmin yaradıb. Azərbaycanda yaşayan almanların əksəriyyəti protestantlığa etiqad edirdilər. Ölkəmizdə protestant kilsəsi 1857-ci ildə, məhz Helenendorfda (Xanlar ərazisində) tikilib. Azərbaycanda almanların inşa etdikləri məşhur tiklilərin bəziləri Bakıda da yerləşir. Bakıda-28 May küçəsində yerləşən alman kilsəsi-Kirxa onlardan biridir. Azərbaycanda yaşayan alman icması hər bazar günü bu kilsəyə gəlib, öz dualarını oxuyur, ibadət edir və söhbət aparırlar.

Bu rəngarənglik ölkəmizin dünyanın inkişaf edən, bəşəri dəyərlərə sayğı göstərən ölkə kimi tanınmasından əsas göstəricilərdəndir. Azərbaycan əhalisinin tərkibi həm etnik, həm dini, həm də məzhəb baxımından zəngindir. Müxtəlif tarixi dövrlərdə Azərbaycan ərazisində məskunlaşmış dini-etnik qruplar burada özlərini nəinki yad hesab edib, hətta yerli əhali ilə qaynayıb-qarışıblar. Fərqli dini konfessiyaların nümayəndələri hər zaman Azərbaycan xalqı ilə həmrəy olub, Azərbaycanın azadlığı və firavanlığı uğrunda mübarizə aparıblar. Azərbaycan xalqı digər xalqlara qarşı həmişə tolerantlıq göstərib və bu gün də bu ənənə qorunub-saxlanılır. Dünyada terror, ksenofobiya, irqçiliklə bağlı münaqişələr baş verdiyi halda, Azərbaycan ümumbəşəri və humanist ideyalarını təbliğ edir.

Tarix boyu bütün dinlərə hörmətlə yanaşan Azərbaycanın islami dəyərlərə də olan münasibəti əməli fəaliyyətdə aydın görünür. Dini ocaqlara məscidlərimizə olan münasibət Azərbaycanda din-dövlət münasibətlərinin, vətəndaş həmrəyliyinin yüksək səviyyəsini nümayiş etdirir. Son illərdə Azərbaycanda yeni məscidlərin tikilməsi və ya təmir edilməsi milli mənəvi dəyərlərimzə olan diqqətdir. Xalqımız üçün çox böyük dəyər kəsb edən Bibiheybət, Təzəpir, Əjdərbəy, 743-cü ildə tikilmiş Şamaxı məscidi və başqaları insanların ixtiyarındadır. Bildiyimiz kimi, dövlət başçısının tapşırığına əsasən Cocuq Mərcanlı kəndində Şuşa məscidinin bənzəri olan məscid tikilib. Bu, bir daha dünyaya bəyan edir ki, Azərbaycan İslam dünyasının bir parçasıdır, öz tarixi keçmişinə sadiqdir. Cocuq Mərcanlıda Şuşa məscidinin bənzərinin inşası həm də o demək idi ki, gün gələcək Şuşadakı məscid də bərpa ediləcək. Artıq o zaman yetişdi. Azərbaycan və Şərq memarlığının nadir incilərindən sayılan tarixi Şuşa məscidinin bənzəri olan bu dini ibadətgahda dindarlar üçün hər cür şərait yaradılıb. Bütün bunlar göstərir ki, Prezident İlham Əliyev ölkədə milli-mənəvi dəyərlərin qorunub saxlanmasında müstəsna xidmətlər göstərir. Dövlətimizin başçısı İslam dininin xalqımızın həyatındakı rolunu, onun milli kimliyimizin formalaşmasındakı əhəmiyyətini nəzərə alaraq ölkədəki dini ibadətgahların qorunmasında, onların gələcək nəsillərə çatdırılmasında əsl fədakarlıq nümayiş etdirir.

Tezliklə işğaldan azad olan məscidlərimiz bərpa olunacaq, sakinləri rahat bir şəkildə öz ibadətlərini bu ocaqlada qılacaqlar. Əlbəttə ki, dövlət başçısının Ağdam məscidinə Məkkədən gətirdiyi “Qurani-Kərim”i bağışlaması dinimizə, adət-ənələrimizə olan münasibətin təzahürüdür: "Mən xoşbəxt adamam ki, dörd dəfə Məkkə ziyarətində olmuşam. Bir dəfə rəhmətlik atamla, üç dəfə isə Prezident kimi. Xoşbəxtəm ki, mən ailə üzvlərimlə bərabər müqəddəs Kəbənin içində dualar etmişəm. Hər bir insanın ürəyində nə varsa, mənim ürəyimdə də eyni duyğulardır. Etdiyim duaların arasında birinci duam torpaqlarımızın işğaldan azad edilməsi idi. Allahdan xahiş edirdim, mənə güc versin ki, biz torpaqları işğalçılardan azad edək, o xoşbəxtliyi bizə nəsib etsin, biz yenə də dədə-baba torpağımıza qayıdaq". Artıq qayıtmışıq. Tanrı səsimizi eşidib.

Təbii ki, görülən bu işlərdə əsas məqsəd vətəndaşların rahat ibadət etmələrini təmin etməkdir. Şübhəsiz, dinə bu cür qayğının təməlində milli mənəvi dəyərlərimizin qorunması, qloballaşan dünyada milli özünəməxsusluğun itirilməsinin qarşısının alınması, azərbaycançılıq məfkurəsinin təbliği və gəncləri milli ruhda yetişdirmək istəyi durur. Ölkədə formalaşan bu dəyərlər Azərbaycan cəmiyyətini səciyyələndirən ənənəyə çevrilib.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...