BMT Təhlükəsizlik Şurasında simasızlıqların mahiyyəti bir daha üzə çıxdı ÖZƏL-MÜNASİBƏT

Oktyabrın 19-da BMT Təhlükəsizlik Şurasının qapalı iclasından sonra ATƏT-in Minsk Qrupunun həm-sədr ölkələri Rusiya, ABŞ və Fransa tərəfindən TŞ Prezidentinin Bəyanat layihəsində 1993-cü ildə qəbul edilən və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrə istinadın yer almaması simasızlığın növbəti dəfə təzahürüdür. Bu sözləri SİA-ya verdiyi açıqlamasında "Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi" İctimai Birliyinin sədri Mehriban Abdullayeva deyib.

İctimai Birliyin sədrinin sözlərinə görə, Qoşulmama Hərəkatına üzv olan 7 ölkə, İndoneziya, Niger, Vyetnam, Tunis, Cənubi Afrika, Dominikan Respublikası, Sent Vinsent və Qrenad layihəyə Təhlküəsizlik Şürası qətnamələrinə istinadın daxil edilməsini təklif etsə də, həm-sədr ölkələr bunun qəbul edilməz olduğunu bildirmişlər ki, bu özü də bir sıra məqamlara aydınlıq gətirir və məsələnin mahiyyətini ortaya qoyur.
“Qoşulmama Hərəkatına üzv olan 7 ölkənin təkidindən sonra həm-sədr ölkələr bəyanat layihəsini geri çəkmişlər ki, bu da onlar üçün, sözün əsl mənasından rüsvayçılıqdır. Çünki, həm-sədr ölkələr öz xislətlərinə sadiq qalaraq erməni təəssübkeşliyindən əl çəkə bilmədiklərini bir daha təsdiq etdilər. Heç şübhəsiz ki, bunu təsdiq etməklə də özlərini ifşa etdilər.

Həm-sədrlərin ədalətli, bitərəf olmadıqları dəfələrlə müşahidə edilib və novbəti dəfə də bütün dünya bunun şahidi oldu. Şahidi oldu ki, onlar açıq-aşkar işğalçının tərəfini tuturlar? Bu mövqe isə heç bir şəkildə izah olunan deyil və onların simasızlığını təsdiqləyir.

Maraqlıdır, nəyə görə həm-sədr ölkələr BMT qətnamələrindən bu qədər qorxurlar? Bu qətnamələri özləri tərtib ediblər, öz imzalarını qoyublar axı həmin qətnamələrə. Belə olan halda, həmin qətnamələrə son Bəyanat layihəsində istinadə edilməməsi, belə bir münasibət əslində, özünün səsinə, imzasına hörmət etməmək, öz-özünü təhqir etmək deməkdir.

Bu zamana qədərki hadisələr təsdiq edir ki, Təhlükəsizlik Şurası artıq çoxdandır tamamilə mənasız bir quruma çevrilib. Dünyada Təhlükəsizlik Şurası qədər anti-demokratik bir qurum olmadığı indi hər kəsə bəllidir. Bu qurum daimi üzvlərinin girovuna çevrilib və daimi üzvlər ancaq çirkin siyasi konyuktura ilə məşğul olurlar.
Heç şübhəsiz ki, Qoşulmama Hərəkatı ölkələri isə ədaləti, beynəlxalq hüququ dəstəkləməklə Hərəkatın prinsiplərinə, dəyərlərinə sadiq qaldıqlarını nümayiş etdirirlər. Sonuncu təkidli tələb də bu sadiqlik nümayişinin təzahürüdür. Eyni zamanda qeyd edək ki, bu, həm də Qoşulmama Hərəkatının bir daha beynəlxalq münasibətlər sistemində ciddi faktor olduğunu göstərdi. Azərbaycan qısa müddət ərzində qazandığı nüfuz və inama görə Qoşulmama Hərəkatının sədri seçilib və bu özü də ölkəmizin daha bir uğurudur.

Sonda onu da diqqətə çatdırmaq yerinə düşərdi ki, bütün bunlar, daha dəqiq desək, ədalətsiz bəyanatın qəbul edilməməsi, Qoşulmama Hərəkatına üzv ölkələrin dəstəyi özü də Cənab Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsidir”, deyə Mehriban Abdullayeva bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...