“Ya Ermənistan öz xoşu ilə torpaqlarımızı geri qaytaracaq...” ÖZƏL-MÜNASİBƏT

“Bu gün Azərbaycanda yüksək vətənpərvərlik ruhunda yetişən gənc nəsil torpaqlarımızın işğal altında qalmasına imkan verməyəcək. Hazırda torpaqların geri qaytarılması yalnız müharibə yolu ilə mümkündür. Biz dünya birliyinə inanırdıq ki, beynəlxalq hüquq işləyəcək və BMT qətnamələri başqa ölkələrdə yaranan problemlərlə bağlı dərhal işlək vəziyyətə gətirildiyi kimi, Dağlıq Qarabağ münaqişəsinin həllinə də gətirib çıxaracaq. Təəssüflər olsun ki, 20 ildən artıqdır bu qətnamələrin Ermənistan tərəfindən yerinə yetirilməməsinin şahidi olduq. Çünki nə ABŞ, nə Fransa, nə də Rusiya münaqişənin ədalətli yolla həll olunması üçün konkret addımlar atmayıb, Ermənistana işğalçı siyasət apardığına görə təzyiq etməyib”. Bunu SİA-ya Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli deyib.

Onun sözlərinə görə, bütün bu illər ərzində cəbhəboyu ərazilərdə yaşayan Azərbaycan əhalisi erməni vandalları ilə üz-üzə dayanmağa məcbur olub: “Lakin erməni həbri birləşmələrinin cəbhəboyu yaşayış yerlərini hədəfə alması, dağıntılara, insan tələfatlarına səbəb olmasına baxmayaraq, azərbaycanlılar öz evlərini tərk etməyib, əksinə mərdlik nümayiş etdirirlər. Çünki Azərbaycan xalqı Silahlı Qüvvələrimizə inanır. Müxtəlif vaxtlarda Ermənistanın törətdiyi təxribatlarının qətiyyətlə qarşısının alınması, düşmənin dəfələrlə artıq itki verərək geri otuzdurulması ordumuzun gücünü göstərir. Prezident Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dediyi kimi, Azərbaycan dövlətinin, xalqının səbri tükənməz deyil. Biz daha 25 il oturub torpaqların danışıqlar yolu ilə həll olunmasına ümid bəsləyə bilmərik. Bu məsələ konkret həllini tapmalıdır. Azərbaycanda bu gün birmənalı mövqe formalaşıb ki, Azərbaycan torpaqları istənilən yolla işğaldan azad edilməlidir. İndi Azərbaycan öz seçimini edəcək. Biz hərbi yolla olsa da, torpaqlarımızı işğaldan azad edəcəyik. Ya Ermənistan öz xoşu ilə torpaqlarımızı geri qaytaracaq və Dağlıq Qarabağa Azərbaycan muxtariyyat verəcək, ya da ordumuz öz gücü ilə işğala son qoyacaq. Əgər hərbi varianta əl atmağa məcbur olsaq, o zaman muxtariyyat məsələsi də gündəmdə olmayacaq. Hətta Ermənistanın dövlət kimi mövcudluğu da sual altına düşəcək".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...