Paşinyanın uğursuz diaspor siyasəti

Ermənistanın təcavüzkar siyasətinin beynəlxalq miqyas alması və Nikol Paşinyanın uğursuz diaspor siyasəti beynəlxalq ictimai rəydə mövcud olan “keçilməz, güclü” imici zədələndi. Son vaxtlar dünyanın müxtəlif ölkələrində ermənilər və azərbaycanlılar arasında baş verən qarşıdurmalar bu prosesdə həlledici rol oynadı. Belə ki, ermənilər azərbaycanlıları təxribata çəkməklə böyük dövlətlərin siyasi dəstəyini qazanmağa ümid etsələr də onların bu cəhdi əks-effekt verdi.

Erməni diasporasının güclü olduğu Fransa, Rusiya, ABŞ kimi ölkələr də rəsmi səviyyədə onlara heç bir dəstək vermədi. Bunun əksinə olaraq, ABŞ Konqresində Azərbaycanın işğal olunmuş ərazilərində məcburi köçkünlərin vəziyyətinin araşdırılmasına dair qətnamə qəbul olundu. Eyni zamanda, ABŞ Nümayəndələr Palatası erməni lobbisinin təqdim etdiyi Azərbaycana hərbi dəstəyin dayandırılmasına dair düzəlişi qəbul etmədi.

Rusiya Ermənistanla hərbi müttəfiq olmasına baxmayaraq, baş nazir Nikol Paşinyanın Azərbaycana qarşı hərbi əməliyyatlarda dəstək təklifini rədd etdi. Üstəlik, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı da Ermənistanın kömək çağırışına susmaqla cavab verdi. Bu gün baş verənləri 15-20 il əvvəlki vəziyyətlə müqayisə etdikdə ciddi dəyişikliyin yarandığını görmək olar. Çünki erməni diasporasının və lobbisinin güclü olması əvvəllər Azərbaycanın Dağlıq Qarabağ problemi ilə bağlı öz səsini beynəlxalq ictimai rəyə çatdırmasında ciddi əngələ çevrilmişdisə, artıq bu problemin aradan qalxdığı müşahidə olunur.

Bu hadisələrin ardınca isə azərbaycanlıların ABŞ-ın Los-Anceles şəhərində, Avropanın siyasi mərkəzi, Belçikanın paytaxtı Brüsseldə və digər bir neçə ölkədə dinc etiraz aksiyaları keçirməsi erməni diasporunu və Ermənistan hakimiyyətini daha da aqressivləşdirdi. Bununla da eməni diasporu özünün sayəsində vəhşi obrazını dünyaya tanıdır, bu isə özünü sülhsevər biri kimi göstərən Ermənistan Baş naziri Nikol Paşinyanın riyakarlığını üzə çıxarır.

Qeyd edək aşinyanın sülhsevər yox, məhz işğalçı mahiyyəti nə birinci, nə də sonuncudur. O, dəfələrlə sülhdən danışsa da, verdiyi bəyanatların barışıq doktrinası ilə daban-dabana zidd olduğunu nümayiş etdirib. Məhz bu səbədən də Paşinyan ifşa olunduğunu görüb hirsini Ermənistanın Diasporla İş üzrə Komissarlığından çıxıb. N.Paşinyan erməni diasporunun uğursuzluğundan sonra imzaladığı əmrlərlə Diasporla İş üzrə Komissarlıqda təmizləmə əməliyyatlarına start verib, yüksək vəzifəli şəxslər də daxil olmaqla 13 nəfər vəzifəsi ilə vidalaşmalı olub. Bu, erməni diasporunun fəaliyyətində ciddi problemlər yarandığının, Azərbaycan diasporunun təzyiqi qarşısında aciz qalmasının göstəricisidir.

Nə Ermənistan, nə də erməni diasporu Tovuz döyüşlərindən sonra Azərbaycan diaspor fəallarından bu dərəcədə mütəşəkkillik və savaş ovqatı gözləyirdi. İki əsrlik diasporçuluq stajı olan xaricdəki erməni icmaları bu dəfə həddindən artıq sönük imic sərgilədilər, bir daha aqressivlik və vəhşiliklə yadda qaldılar. Əvvəllər heç vaxt bu cür hallar yaşanmamışdı. Bu dəfə ermənilər necə deyərlər, hazırlıqsız yaxalanmışdılar.

Paşinyan psixoloji məğlubluq durumunda

Yaranmış vəziyyət Paşinyanı içdən yaşadığı psixoloji məğlubluq durumuna düşərək, çıxış yolu axtarışındadır. Deyir “özü düşən ağlamaz”. Ermənistanın “Past” nəşrinin yazdığına görə, Paşinyanın Diaspor Komissarlığını hədəfə almasının səbəbi qurumun fəaliyyətinin qeyri-effektivliyi ilə baglıdır: “Diasporla İş üzrə Komissarlıq Ermənistanla Azərbaycan arasında olan son qarşıdurmalarda böyük erməni diasporlarının olduğu ölkələrdə kifayət qədər passivlik nümayiş etdirib”.

Qəzet yazır ki, qurumun rəhbəri Zare Sinanyanın özü isə sanki yerin altında gizlənib. Bas? nazir N.Paşinyanı Zare Sinanyanın bugünlərdə ortalarda görünməməsi də bərk qəzəbləndirib. Qəzet yazır ki, Paşinyan bununla əlaqədar Sinanyanla mübahisə edib, onun diaspor siyasətinin tam uğursuzluğa düçar olduğu bildirilir.

Hadisələrin gedişatı göstərir ki, Paşinyan Diaspor Komissarlığından köhnələri qovmaqla onların yerinə, daha hiyləgər olan və daha məhsuldar işləyən şəxsləri təyin edəcək.

Millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin sədr müavini Elşad Mirbəşiroğlu bildirib ki, erməni diasporasının və lobbisinin mifinin sındırılması Azərbaycan dövlətinin bütün istiqamətlərdə potensialını gücləndirməsi sayəsində baş verib: “Son illərdə Azərbaycanla əməkdaşlıq etmək istəyən dövlətlərin sayı əhəmiyyətli dərəcədə artıb. Azərbaycanla real əməkdaşlıq quran ölkələrin sayı çoxluq təşkil edib. Avropa İttifaqının doqquz dövləti ilə Azərbaycanın strateji tərəfdaşlıq haqqında sazişi var. Bütün bunlar Azərbaycanın müxtəlif istiqamətlərdə formalaşdırmış olduğu potensialı sayəsində mümkün olub. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da Azərbaycanın ədalətli mövqeyi qəbul olunmaqdadır. Münaqişənin tənzimlənməsi ilə bağlı beynəlxalq ictimaiyyətin rəyi ondan ibarətdir ki, problem Azərbaycanın ərazi bütövlüyü müstəvisində həll oluna bilər. Bütün bunlar Azərbaycan dövlətinin və prezidentinin həyata keçirdiyi strategiyanın, hücum diplomatiyasının nəticəsidir”.

Ermənistanın bir neçə böyük dövlətlə oyun oynamaq istəyi oldu və ABŞ bunun cavabını verdi

Bəli, Azərbaycan həmişə olduğu kimi, bu gün də öz haqq səsini dünyaya çatdıra bildi. Nəticədə beynəlxalq müstəvidə Ermənistan-Azərbaycan münaqişəsinə obyektiv qiymət verilməsinə nail olundu. Son illər Ermənistanın işğalçı dövlət olması ən müxtəlif tribunalardan səslənir, ayrı-ayrı sənədlərdə öz əksini tapır. Bu isə Azərbaycan diasporasının səmərəliliyinin yüksəlməsinə səbəb oldu. Azərbaycanın ədalətli mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunduqca, milli diasporamızın öz hədəflərinə çatmaq imkanları da genişləndi. Erməni diaspor təşkilatları isə öz fəaliyyətini həmişə yalan və utopik planlar üzərində qurub. Zaman-zaman Azərbaycanın apardığı siyasət nəticəsində Ermənistanın mahiyyəti dünyaya bəlli oldu. Dünya Ermənistanı işğalçı kimi tanımağa başladı.

Bir sözlə, Paşinyanın öz buraxdığı səhvlər ucbatindan son vaxtlar bir sıra məğlubiyyətlə üzləşib. Məsələn, ABŞ Konqresinin müvafiq komitələrində erməni diasporası məğlub oldu. Məğlubedilməzlik mifi dağıldı. Proseslər göstərdi ki, ermənilərin öz diasporası barədə yaratdığı güclü, məğlubedilməzlik bir mif imiş. Lakin buna səbəb bizim diasporanın və ya lobbinin fəaliyyəti yox, Ermənistanın bir neçə böyük dövlətlə oyun oynamaq istəyi oldu və ABŞ bunun cavabını verdi.

Beləliklə, bütün bunlar ondan xəbər verir ki, Paşinyan bu qədər uğursuzluqdan sonra yaxşı olar ki, bu saxta yalanlarından əl çəksin. Çünki nə qədər ki, Paşinyan danışıqların dalana dirənməsinə çalışarsa, o zaman Azərbaycan yenidən hərbi əməliyyatlara başlayarsa, aprel döyüşlərində və Günnüt əməliyyatlarında olduğu kimi, Ermənistan növbəti dəfə Silahlı Qüvvələrimizin sərt zərbəsinə tuş gələcək. Digər tərəfdən düşmən onu da unutmur ki, döyüş hazırlığına görə Silahlı Qüvvələrimiz dünyanın 50 ən aparıcı ordusu sırasında qərarlaşıb. Ordumuzun döyüş hazırlığı səviyyəsinin daha da yüksəldilməsi, şəxsi heyətin müasir silah və texnika ilə təmini istiqamətində də indinin özündə zəruri addımlar atılır. Və ordumuz istənilən an işğal altında olan torpaqlarımızı azad etməyə, düşmənin bütün strateji hədəflərini məhv etməyə qadirdir.

A.SƏMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə