İran Ermənistanı öz “dəftərindən” silməli olacaq ANALİTİK

İşğalçı ölkənin İsraildə səfirlik açmaq marağı onun məhvi ilə nəticələnəəcək

Sirr deyil ki, Ermənistanın işğalçılıq siyasəti onun bir sıra mühüm regional təcridi ilə nəticələnib. Lakin o da gizlin deyil ki, bu ölkənin yeganə nəfəs borusu qonşusu İran İslam Respublikasıdır. Məhz İranla mövcud olan əlaqələr Ermənistanın uzun illərdir ki, yaşama imkanına səbəb olmaqdadır. Əks halda, bu ölkənin ümumiyyətlə xəritədən silinməsi an məsələsi ola bilərdi. İranın iqtisadi, sosial və s. cəhətlərdən Ermənistana yardımlar etməsi, enerji təminatı məsələsində hətta güzəştlərə getməsi də məhz bu xüsusdadır.

Mnatsakyanın “regionda maraqların qorunması” ifadəsi sadəcə söz xətrinə deyişmiş kəlmə kimi anlaşılmalıdır

Ancaq bu dəfə deyəsən belə qalmayacaq. Çünki işğalçılıq və təcavüzkarlıq siyasəti ilə tanınan Ermənistan tərəfi son vaxtlar İran dövlətinin özünə düşmən elan etdiyi İsraillə münasibətlərini dərinləşdirmək, Tel-Əvivdə səfirliyini açmaq niyyətini açıqlayıb. Daha dəqiq desək, Ermənistan hökumətinin keçən il aldığı qərara əsasən, 2020-ci ilin birinci yarısında Ermənistan Respublikasının Təl-Əviv şəhərində diplomatik korpusunun açılması planlaşdırılır. Buna misal olaraq, Ermənistan xarici işlər naziri Zoqrab Mnatsakanyanın bəyanatını xatırlamaq olar. Belə ki, erməni xarici işlər idarəsinin rəhbərinin sözlərinə görə, səfirliyin açılması ikitərəfli əlaqələrin genişləndirilməsinə və regionda Ermənistanın maraqlarının qorunmasına töhvə verəcək və s. Burada sual yaranır – “Regionda maraqların qorunması” deyərkən, erməni nazir burada hansı məqamı nəzərdə tutur? Çünki başda BMT olmaqla, bir sıra nüfuzlu beynəlxalq ictimai-siyasi qurumlar, təşkilatlar bu ölkənin Azərbaycana qarşı işğalçılıq siyasəti apardığını bəyan edib və eyni zamanda, həmin siyasətin regiona kifayət qədər ciddi mənfi təsirlər göstərdiyi vurğulanıb. Əgər qəbul edilən qətnamələri də buraya əlavə edərsək, onda Mnatsakyanın “regionda maraqların qorunması” ifadəsi sadəcə söz xətrinə deyişmiş kəlmə kimi anlaşılmalıdır. Yəni bu fikir ümumiyyətlə, Ermənistanın işğalçılıq siyasətini arxa plana çəkmir.

Həm İran İslam Respublikası ilə mövcud strateji tərəfdaşlığı qorumaq, həm də İsrail ilə geniş çərçivədə müstəqil oyunçu olaraq münasibətləri inkişaf etdirmək mümkün deyil

Lakin buna da rəğmən, Ermənistanın İsrail ilə yaxınlaşma siyasətinin İran İslam Respublikası tərəfindən xoş qarşılanmayacağı şübhə doğurmurdu. Artıq rəsmi Tehran məsələyə reaksiya bildirib. Mart ayının 15-də İran İslam Respublikası Parlamentinin rəhbərinin Beynəlxalq Məsələlər üzrə xüsusi köməkçisi olan Hüseyn Əmirabdullahian Ermənistanı sərt tənqid edib. Onun sözlərinə görə, Ermənistanın Təl-Əvivdə diplomatik nümayəndəlik açması təəccüb doğurur və bu addım regionun təhlükəsizliyinə mənfi təsir edəcək. Çıxışının sonunda isə, Ermənistan dövlətinin verdiyi qərara yenidən baxacağına ümid etdiyini bildirib. Geosiyasi reallıq və siyasi tarix Ermənistan-İran münasibətlərinin hər zaman rəsmi Yerevan üçün strateji əhəmiyyət daşıdığını göstərir. Çünki, Ermənistanın regional yerləşməsi və işğalçı siyasəti təcridlə nəticələnib ki, nəticədə, İran İslam Respublikasının etdiyi yardımlar Ermənistan dövlətinin varlığını davam etməsində mühüm rol oynayıb. Müstəqillik illərindən bu günədək yüksələn xətt üzrə inkişaf edən münasibətlər məhz, İran İslam Respublikasının yürütdüyü mehriban qonşuluq siyasəti nəticəsində reallaşıb. Ermənistanın İran İslam Respublikası ilə müxtəlif sahələri (ticarət, enerji və s.) əhatə edən geniş əməkdaşlıqdan böyük qazanclar əldə edib və bu proses davam etməkdədir. Lakin, Ermənistan dövlətinin həyati müttəfiq hesab etdiyi qonşusunun siyasi problemlər yaşadığı bir ölkə olan İsrail dövləti ilə münasibətləri genişləndirmək istəyi, siyasi ikiüzlülük və riyakarlıqdır. Bir sözlə, həm İran İslam Respublikası ilə mövcud strateji tərəfdaşlığı qorumaq, həm də İsrail ilə geniş çərçivədə müstəqil oyunçu olaraq münasibətləri inkişaf etdirmək mümkün deyil. Sözün qısası, artıq tam əminliklə nəticə çıxarmaq olar ki, İran Ermənistanın bu xəyanətkar addımına qarşı kifayət qədər kəskin və adekvat cavab verəcək, hətta bu, münasibətlərin birtərəfli qaydada pozulmasına qədər də inkişaf edə bilər. Daha doğrusu, İran Ermənistanı öz “dəftərindən” silməli olacaq.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...