"Koronavirusun dəhşətlərini hər birimiz yaşaya bilərik" RƏY-ÖZƏL

“Azərbaycanda virus əleyhinə mütəşəkkil dövlət tədbirləri başlandığı vaxtdan indiyədək başqa ölkələrdən fərqli və üstün xüsusiyyətlərə malik olduğunu davamlı şəkildə göstərməkdədir. İlk əvvəldən Azərbaycanda koronavirus əleyhinə tədbirlər önləyici və qabaqlayıcı xarakter daşıması ilə fərqləndi. Belə ki başqa ölkələr hələ təhlükəni tam ciddi qəbul etmədiyi dövrdə Azərbaycanda artıq məhdudlaşdırıcı tədbirlər sistemli olaraq həyata keçirilir və nəticələrini də verirdi”. Bu fikirləri SİA-ya açıqlamasında “ Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.

O bildirib ki, bu gün Azərbaycan təhlükənin hər an üçün dəyişmə dinamikasına uyğun yeni tədbirlər görmək və tətbiq olunmuş qaydaların bir qədər də möhkəmləndirilməsi taktikasını həyata keçirir və ümumdünya koronavirusla mübarizə təcrübəsinə yeniliklər təqdim edir: “Son məhdudlaşdırıcı tədbirlər bir daha sübut edir ki, Azərbaycanda antivirus fəaliyyət planı təkmildir, nəticəyönümlü, şəraitə tam uyğun olmaqla yanaşı, konkret nəticələrə hesablanıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın son məhdudlaşdırıcı tədbirləri də təsdiqlədi ki, bütün işlər virusun yayılma risklərini azaltmağa və ölkəni mümkün qədər az itkilərlə bu mübarizədən çıxarmağa xidmət edir və əslində bu vəzifələri icra etmək gücündədir”.

A.Quliyev vurğulayıb ki, ictimaiyyətin reaksiyalarının təhlili göstərir ki, insanlar xüsusilə dövlət başçısının məsuliyyət və həmrəylik çağırışlarındakı ümumi təhlükəsizlik mənafelərinə uyğunluğu dərk edir və öz davranışlarında onlara üstünlük vermək istəyir: “Biz birlikdə güclüyük" tezisinin vətəndaşlarımızın toparlanması və birlikdə hərəkətə ciddi təsir göstərdiyini aydın görürük. İlk günkər “Evdə qalın” çağırışlarına o qədər ciddi yanaşmayan insanlarınız tez bir zamanda dəyişdilər və bu özünütəcrid davranışın milli təhlükəsizlik və şəxsi sağlamlıq üçün nə qədər vacib olduğuna lazımi dəyəri verdilər və verməlidirlər”.

Siyasi şərhçi qeyd edib ki, daha sərt qaydalara keçid bütün dünya üzrə vəziyyətin daha təhlükəli həddə daxil olduğu deməkdir: “Bu mərhələ hər kəsdən öz şəxsi məsuliyyətini bir neçə dəfə artırmağı tələb edir. Sərtləşdirilən qaydalar insanların evdə qalma rejimini daha da ciddiləşdirməyi günün ən ümdə tələbinə çevirib. Bir məsuliyyətsiz davranış və evlərdən bir lüzumsuz çıxış neçə -neçə insanların yoluxma və ölüm təhlükəsi deməkdir”.

Baş redaktor söyləyib ki, Azərbaycanda koronavirusla mübarizənin yeni, daha ciddi və daha əhəmiyyətli dövrü başlayır: “Çünki bu təhlükə daha qorxulu mərhələyə keçir. Bütün dünya üzrə yeni təhlükəli dərəcəyə yetişmiş virusun Azərbaycanda daha böyük fəlakətlər törətmək risqləri var və bunların qarşısını yalnız ümumi qaydaların icrasında maksimum artırılmış məsuliyyətlə ala bilərik. Azərbaycanda bugünkü virus təhlükəsi bir-iki həftə əvvəlki kimi deyil və məsuliyyətli davranışların maksimum göstərilmədiyi halda fəlakətlərin miqyasını proqnozlaşdırmaq mümkün olmayacaq. Vəziyyət nə qədər ağır olsa da, ən az itkilərlə sınaqdan çıxmaq yolu dövlət məhdudlaşdırıcı tədbirlərin hər bir vətəndaş tərəfindən sonadək tam yerinə yetirilməsidir. Ya birlikdə virusa qalib gəlmək, ya da koronavirusun dəhşətlərini hər birimizin yaşaya biləcəyi mərhələyə çatmışıq. Nicat yolu dövlət tədbirlərinin icrası üzərində birlik nümayiş etdirməkdədir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə