Qoşulmama hərəkatı 1961-ci ildə, Soyuq müharibə dövründə gərginliyi azaltmaq məqsədilə yaradılıb. Bu hərəkat Qərb ittifaqı ilə Şərq blokundan əlavə üçüncü blok kimi meydana çıxıb. Qoşulmama Hərəkatına üzv olan ölkələr hərbi bloklara qoşulmur. 2012-ci ildə üzv dövlətlərin sayı 120-ə çatan bu blokda 17 ölkə də müşahidəçidir.

Təsis sammiti Belqradda baş tutan blokun əsas prinsipləri dövlətlərin ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyinə hörmət, daxili işlərinə qarışmamaqdır.

Azərbaycan isə bu hərəkata 2011-ci ildə qoşulub və və hal hazırda hərəkatın XVIII Zirvə toplantısına ev sahibliyi edir. 2019-2022-ci illər ərzində Azərbaycan Respublikası Qoşulmama Hərəkatına sədrlik edəcək.
Hərəkatın qurucuları Yuqoslaviadan olan sosialist Josip Broz Tito, Hindistandan Cəvahiral Nehru, İndoneziyadan Sukarno, Misirdən Camal Abdel Nasir və Qanadan Kvame Nkrumahdır.

Hərəkat ilk olaraq təşkilat kimi 1956-cı ildə yaranıb və bir müddət sonra hərəkata çevrilib. “Qoşulmama” adı isə 1953-cü ildə BMT-də yaradılıb.

Hərəkatın soyuq müharibədən sonrakı taleyi necə olub?

Soyuq müharibə bitəndən sonra hərəkat özünü yeniləməyə və məqsədlərini hazırkı dünya sisteminə uyğunlaşdırmağa məcbur oldu. Ən vacib sual isə fundamental ideologiyaların, milli suverenlik prinsiplərinin, ərazi bütövlüyü, müstəmləkə siyasəti və imperializmə qarşı mübarizənin müasir məsələlərə tətbiq olunub olunmayacağı oldu.

Yeni dünyada Qərb hegemoniyası və neo-müstəmləkə siyasətinin istismar etdiyi kasıb xalqların çıxdaş edilməsi Qoşulmama Hərəkatını buna etiraz etməyə vadar etdi.

Qoşulmama Hərəkatı üzvlüyünə tələblər Birləşmiş Millətlər Təşkilatının əsas inanclarına uyğun gəlir:

Təməl insan hüquqlarına hörmət
Bütün xalqların suverenliyi və ərazi bütövlüyünə hörmət
Milli müstəqillik hərəkatının tanınması
Bütün irqlərin və xalqların bərabərliyinin tanınması
Başqa ölkələrin daxili işlərinə müdaxilə etməkdən çəkinmək
BMT Nizamnaməsinə uyğun olaraq hər bir xalqın özünü fərdi və ya kollektiv şəkildə müdafiə etmək hüququna hörmət
Hər hansı bir ölkənin ərazi bütövlüyünə təcavüz etməkdən çəkinmək
BMT Nizamnaməsinə uyğun olaraq bütün münaqişələrin sülh yolu ilə həlli
Qarşılıqlı maraq və əməkdaşlığın təşviqi
Ədalət və beynəlxalq öhdəliklərə hörmət

Azərbaycan bu hərəkata niyə qoşulub?

Bu hərəkatda təmsil olunmağın Azərbaycan üçün əhəmiyyəti həm də odur ki, burada müzakirə olunan məsələlər sonradan BMT-ə çıxarılır. Hazırda Bakıda keçirilən zirvə görüşündə Azərbaycan Qarabağ münaqişəsinə diqqət cəlb etmək imkanını yenidən əldə edib.

Bu hərəkatda üzvlük həm də Azərbaycanın öz ərazisində başqa dövlətlərin hərbi bazalarını yerləşdirməyi planlamadığına dair siqnaldır.

Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə