“Gənclərin ailə qurmaq istəməməsinin müxtəlif səbəbləri var”. Bunu SİA-ya açıqlamasında “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova deyib.
Onun sözlərinə görə, bu tendensiyanın əsas səbəbləri arasında təhsilə önəm vermək, karyera qurmaq istəyi, azadlığa üstünlük vermək, sosial-iqtisadi və mədəni dəyişikliklər, eləcə də cəmiyyətdəki mentalitetin dəyişməsi dayanır: “Gənclər evlənmək və ailə qurmaq üçün kifayət qədər maliyyə sabitliyinə sahib olmadıqlarını əsas səbəb kimi göstərirlər. Mənzil, toy xərcləri kimi məsələlər onlar üçün böyük bir yükdür. Daha yüksək təhsil almaq və karyera qurmaq istəyən gənclər evliliyi təxirə salmağa üstünlük verirlər. Kişilər uğurlu karyera quraraq gələcəkdə ailəni daha yaxşı təmin etməyi vacib bilirlər, qadınlar isə öz peşəkar inkişaflarını ön planda tuturlar.Azadlıq və şəxsi həyata nəzarət istəyi də gənclərin evlilikdən yayınmasının səbəblərindəndir.Ümumiyyətlə, cəmiyyətdə ailə anlayışında dəyişikliklər baş verir. Əvvəllər 20-25 yaş aralığında qurulan ailələr indi 30 yaşdan sonra formalaşmağa başlayır. Bəzən bu yaş 35 və daha yuxarı həddə çatır. Bu tendensiya bir çox səbəblərlə izah olunsa da, onun uzunmüddətli nəticələri barədə düşünmək vacibdir.Gec ailə qurmaq gələcək nəsillərə də təsir edir. Uşaqlar valideynlərini və xüsusilə nənə-babalarını daha az müddət görə bilirlər.Bu da ailədaxili bağların zəifləməsinə, ailə institutunun əvvəlki gücünü itirməsinə gətirib çıxarır. Uşaqlar üçün nənə və baba sadəcə bir anlayışa çevrilə bilər. Halbuki bu bağlar uşağın mənəvi və sosial inkişafı üçün böyük əhəmiyyət daşıyır”.
Sosioloq deyir ki, bütün bu faktorların birgə təsiri nəticəsində gənclər arasında ailə qurmağın təxirə salınması və ya tamamilə bu ideyadan imtina halları artır: “Biz inkişaf edən yeni dövrün insanlarıyıq. Bu inkişaf hər sahədə özünü göstərdiyi kimi, yeni ailə modellərinin və institutlarının yaranmasına da təsir edir. Biz çalışmalıyıq ki, bu yeni ailə modellərinə dəstək verək, gəncləri anlayaq və onları düzgün istiqamətləndirək. ‘Keçmiş artıq keçmişdə qaldı’ prinsipi ilə yeni dövrün tələblərinə uyğunlaşaraq mədəni irsimizi qorumalıyıq. Ən əsası isə övladlarımızı dinləyib anlamalı, gözəl gələcək naminə valideynlik vəzifəmizi düzgün yerinə yetirməliyik”.
Bütün xəbərlər Facebook səhifəmizdə