Ombudsman Cabbar Savalanlının məsələsi ilə bağlı Baş prokurora müraciət edib

Sumqayıt şəhər sakini T.Əliyeva 9 fevral 2011-ci il tarixdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovaya şikayət ərizəsi ilə müraciət edərək, oğlu Cabbar Savalanlının barəsində Sumqayıt Şəhər Polis İdarəsi (ŞPİ) tərəfindən əsassız olaraq cinayət işinin başlandığını bildirib.

Ombudsman Aparatının mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Müvəkkilin tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları həmin gün C.Savalanlının saxlanıldığı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şüvəlandakı 3 saylı İstintaq Təcridxanasına gedərək, onunla görüşmüş, təkbətək söhbət aparıblar.

C.Savalanlı 05.02.2011-ci il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutulduğunu, tutularkən və saxlandığı müddət ərzində zorakılığa, kobud rəftara məruz qalmadığını bildirib. Eyni zamanda o, həmin polis idarəsində ilkin izahatlarının alınması zamanı törətmədiyi cinayət əməlini etiraf etməyi üçün psixoloji təzyiqlərə məruz qaldığını söyləyib.

Onun bədəni üzərinə keçirilmiş baxış zamanı hər hansı xəsarət izi aşkar olunmayıb. Ombudsman Azərbaycan Respublikasının Baş prokuroruna müraciət edərək, şikayətdə əks etdirilmiş halların yoxlanılaraq tədbir görülməsini və nəticəsi barədə məlumat verilməsini xahiş edib.

Bütün xəbərlər Facebook səhifəmizdə