Hər bir azərbaycanlı əxlaqi və milli dəyərlərimizin qorunmasında fəal olmalıdır
Bu gün Azərbaycan müstəqil milli dövlət olaraq ciddi uğurların sahibidir. Respublikamızda xalqla iqtidar arasında olan sarsılmaz birlik isə bütün sahələrdə inkişafın sürətli olmasına, yeni nailiyyətlərə yol açmasına əsaslar yaradır. Lakin günümüzün reallığı ondan ibarətdir ki, bəzi anti-Azərbaycan dairələri və anti-milli ünsürlər Azərbaycanın uğurlarına kölgə salmağa, dövlətimizin imicinə ləkə yaxmağa cəhdlər göstərirlər.
Hədəf Azərbaycan xalqı, Prezidenti və dövlətidir
Aydındır ki, hər zaman Azərbaycanın uğurlarına sevinməyən və daim təxribatlara əl atan erməni lobbisinin və onun təsiri altında olan təşkilatlar, fərdlər hələ müstəqilliyimizin ilk illərindən ölkəmizin dağıdılmasına, parçalanmasına çalışıblar. Hətta, 2003-cü və 2008-ci illərdə Azərbaycanı ən radikal üsullardan istifadə etməklə xaosa sürükləmək niyyətində olan həmin qüvvələr bu gün də fəaliyyətlərindən kənar qalmırlar. Amma bir fakt dəyişməzdir ki, anti-Azərbaycan qüvvələri ölkəmizə qarşı nə qədər geniş cəbhə açmağa çalışsalar da, xalqın iqtidara, cənab İlham Əliyevə olan dəstəyi hər zaman onların planlarını puç edib.
Elə 11 aprel 2018-ci ildə keçiriləcək Prezident seçkiləri ərəfəsində fəallaşan həmin qüvvələr bu dəfə də xalqın iradəsini və iqtidara olan dəstəyini görərək anti-təbliğatın işə yaramaması, acı məğlubiyyətə düçar olmaları və psixoloji sarsıntı keçirmələri səbəbindən qeyri-etik və əxlaqi normalardan uzaq yollara baş vurmağa başladılar. Xüsusilə də, xarici dairələrin köməyi ilə qurulmuş "Milyarderlər İttifaqı"ndan qidalanan Avropadakı bir neçə azərbaycanlı etik prinsipləri pozaraq Azərbaycan, Prezident, dövlət rəmzləri haqqında təhqiredici ifadələr səsləndirirlər. Təsadüfi deyil ki, təxminən 3 il əvvəl başlanan Prezident İlham Əliyevin şəxsiyyətinə, ailə üzvlərinə, komandasına, vəzifəli şəxslərin ailə üzvlərinə qarşı aparılan çirkin kampaniya anti-Azərbaycan mərkəzlərin fəaliyyəti ilə sinxronluq təşkil edir.
Burada hədəf isə Prezidentin və onun komandasının müsbət imicini zədələməklə, onlara qarşı kütləvi narazılıq ovqatı formalaşdırmaqla, komandadaxili qarşıdurma yaratmaqla ölkədəki mövcud sabitliyi pozmağa nail olmaqdır. Prezidenti köməkçisi Əli Həsənovun sözləri ilə desək, bu işin təşkilatçıları və icraçıları Azərbaycanı suriyalaşdırmaq istəyən "virtual İŞİD"çilərdir və bu, indi həmin qüvvələrin "ağsaqqalları" tərəfindən dolayısı ilə etiraf olunur.
Məqsəd cəmiyyətdə bölücülük və çaşqınlıq yaratmaqdır
Sirr deyil ki, bu gün demokratik inkişafı prioritet elan etmiş Azərbaycan Respublikasında bütün insan hüquq və azadlıqları, xüsusilə də, söz, mətbuat, ifadə azadlıqları təmin edilir. Eyni zamanda, ölkəmizdə internet azadlığı da yüksək səviyyədə təsbit edilib. Bu mənada təsadüfi deyildir ki, hazırda Azərbaycanda "Facebook", "Twitter", "Youtube", "İnstagram" və digər sosial şəbəkələrdə istifadəçilərin sayı 3 milyona yaxınlaşıb. Məhz, göstərilən amillərdən sui-istifadə edən bir qrup "sosial şəbəkə dəllalı" koordinasiya edilmiş şəkildə müəyyən sosial problemlər üzərində şou səhnələri qurmaqla ictimai fikri mənfi istiqamətdə yönləndirməyə cəhdlər edirlər. Hətta, siyasi problemlərlə bağlı mövzu açan bu anti-milli ünsürlərin bütün danışıqlarında daha kəskin və sərt təhqir, qəzəb və söyüş müşahidə edilməkdədir. Təhqir və söyüş üsulunu siyasi mübarizə yolu kimi müəyyənləşdirən bu insanlar yaşadıqları ölkələrdən müxtəlif təhdidlər səsləndirir, cəmiyyətin yalnış informasiyalar vasitəsilə düşüncəsinin mənfi tonda yüklənməsinə yol açmağa çalışırlar. Burada əsas məqsəd isə Azərbaycan cəmiyyətində bölücülük toxumlarını səpmək, ictimai düşüncədə çaşqınlıqlar yaratmaqdır.
İctimai qınaq anti-Azərbaycan dairələrinin planlarını puç edir
Əlbəttə ki, bir qrup "virtual İŞİD-şi"nin həyata keçirdiyi qeyri-etik və əxlaqi normalardan kənar kampaniya Azərbaycan cəmiyyəti tərəfindən birmənalı qarşılanmadı və xüsusilə ziyalılar, jurnalistlər anti-milli ünsürlərin bu fəaliyyətini şiddətli şəkildə qınadı, pislədi. Çünki, onların təhqirləri və qeyri-etik addımları qanunla qadağandır və birbaşa insan hüquqlarına ziddir. Məhz, cənab Əli Həsənovun bütün bu məsələlərlə bağlı çıxış və çağırışları kütləvi ictimai qınağı təmin etdi. Bu çağırışlara qoşulmuş cəmiyyətimiz isə ölkəmizdə sabitliyin inkişafını istəməyən, Azərbaycana maraqları olan qüvvələrin çirkin niyyətlərini həyata keçirmələrinə imkan vermir.
Qeyri-etik və əxlaqi dəyərləri istisna edən bu cür əməllərin qarşısını necə almalıyıq?
Bu gün bir qrup "sosial şəbəkə dəllalı"nın qeyri-etik və əxlaqi dəyərləri istisna edən əməllərinə qarşı kütləvi ictimai qınağın formalaşdığı və ictimai müzakirələrin aparıldığı bir zamanda ziyalıları düşündürən daha bir məsələ də var. Bu, sərhədsiz açıq platforma olan sosial şəbəkələrdə qeyri-etik fəaliyyətin qarşısının alınması üçün hansı addımların atılması ilə bağlıdır.
Təcrübədən bəllidir ki, bir sıra Qərb ölkələrində daxili qarşıdurmalar və iğtişaşlar zamanı nəinki sosial şəbəkələrə giriş məhdudlaşdırılır, hətta internetə belə qadağalar qoyulur. Məsələn, 2011-ci ildə Böyük Britaniyada baş vermiş iğtişaşlar zamanı sosial şəbəkələrdən istifadə məhdudlaşdırıldı. Bu addım isə "zərərli çağırışların qarşısını almaq" məqsədi daşıdığı bildirildi. Həmçinin, bunu biz ABŞ-da, Türkiyədə, Ermənistanda, Misirdə, Rusiyada, eləcə də, Avropanın bir çox böyük ölkələrində sosial şəbəkələrə və internetə zaman-zaman məhdudiyyətlər qoyulduğunu müşahidə etmişik. Lakin Azərbaycanda yuxarıda göstərilən ölkələrdən fərqli olaraq nəinki internetə, hətta sosial şəbəkələrə giriş heç bir halda qadağan edilməyəcək. Bunu dövlət rəsmiləri dəfələrlə diqqətə çatdırıblar. Çünki, Azərbaycanda siyasi hakimiyyət insanların hüquq və azadlıqlarının tam təmin edilməsini ən ali prioritet hesab edir.
Digər tərəfdən, verilən təkliflərin sırasında qeyd edilir ki, siyasi mübarizədə təhqir və söyüşlərdən istifadənin qarşısı hüquqi yollarla alınmalıdır. Həmçinin, Xarici İşlər Nazirliyi Azərbaycana qarşı qeyri-etik üsullarla çirkin kampaniya aparan anti-milli ünsürlərin yerləşdikləri dövlətlərin aidiyyəti qurumlarına müraciət edərək lazımi tədbirlərin görülməsini təmin etməlidir. Eyni zamanda, təhqir və söyüş kampaniyasına qarşı Azərbaycan cəmiyyətinin hər bir üzvü ən sərt və kəskin qınaq nümayiş etdirməlidir.
Azərbaycandakı xalq-iqtidar birliyini sarsıtmaq, insanlar arasında çaşqınlıq yaratmaq məqsədi daşıyan bu çirkin kampaniyaya qarşı mübarizədə bir çox üsulların və yolların olmasına baxmayaraq hər bir azərbaycanlı əxlaqi və milli dəyərlərimizin qorunmasında, Prezidentimizin, dövlət atributlarımızın, dövlətçiliyimizin müdafiəsində fəal olmalıdır.
Bəhruz Quliyev,
"Səs" qəzetinin baş redaktoru
Bütün xəbərlər Facebook səhifəmizdə