“Əlillərin hüquqları haqqında” Konvensiyası üzrə nəzərdə tutulan tədbirlərə həsr olunmuş iclas keçirilib

28 Sentyabr 2010-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycan Respublikasının 2 oktyabr 2008-ci il tarixində qoşulduğu BMT-nin "Əlillərin hüquqları haqqında" Konvensiyası üzrə görülmüş işlər və həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə fikir mübadiləsi aparılması məqsədi ilə iclas keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan SİA-nın məlumatına görə, nazir Fizuli Ələkbərovun rəhbərliyi ilə keçirilən iclasda mərkəzi icra hakimiyyəti orqanlarının yüksək vəzifəli nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən nazir Fizuli Ələkbərov ölkədə uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində əhalinin həssas qrupları olan fiziki qabiliyyəti məhdud insanların həyat şəraitinin tədricən yaxşılaşdığını bildirib. Bununla yanaşı, nazir fiziki imkanları məhdud insanların cəmiyyətə inteqrasiyasının təmin olunması üçün hazırda görülən işlərin genişləndirilməsinin zəruri olduğunu deyib.

Konvensiyanın icrasında hökumətin qarşısında yeni vəzifələrin durduğunu qeyd edən nazir Fizuli Ələkbərov həmçinin, fiziki qüsurlu insanların həyat şəraitinin daha da yaxşılaşdırılması üçün dövlət qayğısının vacib olduğunu vurğulayıb.

Görüşdə iştirak edən BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Hedrevard BMT-nin "Əlillərin hüquqları haqqında" Konvensiyasından irəli gələn öhdəliklərin icrasında BMT-nin Uşaq Fondunun rolu haqqında ətraflı məlumat verib. Mark Hedrevard həmçinin, UNİCEF-in konvensiyanın təşviqi, tətbiqi, habelə Azərbaycan üzrə hesabatın hazırlanması və monitorinqi ilə bağlı ölkəmizə dəstək olacağını bildirib.

Tədbirdə Azərbaycanla bağlı hesabatın hazırlanması məsələsi ilə əlaqədar ölkəyə dəvət olunmuş beynəlxalq ekspert Çantelle Mak Kabe də iştirak edib.

Tədbirdə Konvensiyasının müddəalarının həyata keçirilməsi ilə bağlı rəy və təkliflər dinlənilib, nəzərdə tutulan yeni işlər müzakirə edilib. İclasda Azərbaycanın hesabatının hazırlanması üçün İşçi Qrupa daxil olan qurumların hər birinin daxili fəaliyyət planının hazırlanması və bu planların Hökumətin ümumi fəaliyyət planına daxil edilməsi qərara alınıb.

Görüş geniş fikir mübadiləsi ilə davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...